142 saylı məktəbdə “hörmətli” müəllim günü
6-10-2016, 01:43
Gülnaz Abdullayeva kimi “pedaqoqlar” uşaqlarımıza hələ lap kiçik yaşlarından hörmətin rüşvətlə eyniləşdirilmiş formasını təlqin edirlər
Redaksiyamıza bu günlərdə daxil olmuş məlumatlarda Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 142 nömrəli tam orta məktəbdə həyata keçirilən növbəti pul yığımlarından bəhs olunur. Mənbə bildirir ki, məktəbin direktoru Gülnaz Abdullayevanın bu dəfəki yığımı 5 oktyabr Beynəlxalq Müəllimlər Gününə “həsr olunub”.
Xatırladaq ki, qəzetimizin ötən saylarında da bu məktəbin fəaliyyətində müşahidə olunan müxtəlif özbaşınalıqlardan bəhs edən bir neçə tənqidi material dərc olunub. Bu xüsusda aldığımız açıqlamalarda xüsusilə vurğulanan məqamlardan biri, direktorun məktəbə işə qəbul məsələlərində yol verdiyi özbaşınalıqlarla bağlıdır. Mənbə bildirir ki, Gülnaz Abdullayeva öz “namizədlərini” Təhsil Nazirliyinin orta məktəblərə işə qəbulla bağlı irəli sürdüyü tələb və qaydaları kobud şəkildə pozaraq, hətta müvafiq dövlət imtahanlarından keçirmədən işə götürür. İddialara görə, işə qəbulla bağlı maxinasiyalar bu məktəbdə ən müxtəlif formalarda təzahür etməkdədir. Dərc etdiyimiz yazılardan birində isə, bu kimi hallara konkret fakt əsasında nümunə də gətirilmişdi. Belə ki, həmin yazıda Gülnaz Abdullayevanın bir müddət əvvəl rüşvət müqabilində, rəhbərlik etdiyi məktəbə işə götürdüyü konkret şəxsin adı açıqlanmışdı. Qeyd olunmuşdu ki, Sabunçu qəsəbəsində ünvanında yaşayan həmin xanım qatıldığı müəllimliyə qəbul imtahanlarından 6,018 bal toplamışdı (keçid balı 48,0). Lakin, Gülnaz Abdullayeva həmin şəxsdən 7000 (yeddi min) manat məbləğində pul alaraq, onu rəhbərlik etdiyi məktəbə işə qəbul etmişdi. Həmçinin məlumatlarda diqqət mərkəzinə çəkilən əsas məqamlardan biri də bu təhsil müəssisəsində dərslərə davamiyyətin son dərəcə aşağı səviyyədə olması ilə bağlıdır. Əlbəttə ki, bu məktəbdə də problemin kökündə əsasən yuxarı sinif şagirdlərinin ali məktəbə hazırlıq kurslarına, repetitor məşğələlərinə getmələri durur. Aldığımız məlumata görə, 142 saylı məktəbin direktorunun yaratdığı şərait sayəsində, burada şagirdlər müəyyən məbləğdə pul ödəmək müqabilində “aylığa” buraxılırlar. Ümumiyyətlə, açıqlamalarda öz əksini tapmış faktlar belə deməyə əsas verir ki, 142 saylı məktəbdə müxtəlif rüşvət yığımları mütəmadi olaraq həyata keçirilir. Maraqlıdır ki, bu orta təhsil müəssisəsində məktəbin şagirdlərindən başqa, müəllim heyəti üçün də müəyyən ödənişlər nəzərdə tutulmuşdur. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimdən kifayət qədər pul yığılır. Məsələn, yuxarı siniflərə rəhbərlik müqabilində müəllimin ödəməli olduğu 500 manat civarında müəyyənləşdirilib. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimin ödədiyi məbləğ isə bir neçə min manata çatdırılır.
Biz dəfələrlə öz yazılarımızda belə fikri önə çəkmişik ki, gənc nəslin təlim-tərbiyəsində, uşaqlarımızın gələcəkdə layiqli vətəndaş kimi cəmiyyətimizdə yer tutmalarında orta-ümumtəhsil məktəblərinin rolu çox önəmlidir və danılmazdır. Belə olduğu halda isə, bu tədris müəssisələrində şagirdlərdə hələ uşaq yaşlarından rüşvətə alışqanlıq yaradılması, korrupsiya mərəzinin onların şüuruna və qanına yeridilməsi hallarına nə ad vermək olar? İndi də Beynəlxalq Müəllimlər Günü ilə bağlı bir çox məktəblərdə əsil rəzalət yaşanmaqdadır. O cümlədən aldığımız məlumata görə, bu gün 142 saylı məktəbdə də Gülnaz Abdullayevanın tapşırığı ilə hər şagirddən 50 manat məbləğində pul yığılır. Sonra da uşaqların öz müəllimlərinə kifayət qədər hörmət və ehtiram göstərmədiklərindən şikayət edirik. Amma əslində bu uşaqlarda heç bir günah yoxdur. Çünki Gülnaz Abdullayeva kimi “pedaqoqlar” uşaqlarımıza hələ lap kiçik yaşlarından “hörmət” məvhumunun təhrif olunmuş, eybəcərləşdirilmiş, bir sözlə rüşvətlə eyniləşdirilmiş formasını təlqin etməklə ən müxtəlif fəsadlara yol açırlar...bizimdovr/
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
teref.az