Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb

Bu gün, 00:05           
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
AFFA İcraiyyə Komitəsinin həftənin əvvəlində keçirilən iclasında verilən qərarların müzakirəsi davam edir. Xüsusilə legioner limiti və iştirakçı sayı 12-yə çatdırılan Premyer Liqanın yeni mövsümdən hansı formatda keçiriləcəyi ilə bağlı fikirlər səsləndirilir.

Limit məsələsində futbol ictimaiyyəti iki yerə bölünüb. Bu qərarla razı olanlar da var, olmayanlar da.

Bununla belə, artıq AFFA tərəfindən qərar verilib. Nəyin necə olacağını zaman göstərəcək. Amma limitlə bağlı qərarda bir məqamla bağlı qeyri-müəyyənlik var.

Söhbət “oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər” bəndindən gedir. Bəli, qeyd olunan 17 əcnəbi qaydası yalnız oyunların limitinə aiddir. Bu sayın Peşəkar Futbol Liqasına təqdim edilən sifariş ərizəsinə heç bir aidiyyəti yoxdur. Klublar istədikləri qədər əcnəbi futbolçunu çempionatın təşkilatçısı olan qurumda qeydiyyatdan keçirə bilərlər. Lakin oyunlar zamanı onlardan 17-sinin xidmətindən yararlana bilərlər.

Bu, Azərbaycan futboluna yad olmayan bir problemin daha da böyüməsi ilə nəticələnə bilər. Az qala hər mövsüm, hər transfer pəncərəsində legionerləri əlcək kimi dəyişən bəzi klubların rəhbərləri və onlara yaxın şəxslər, menecerlər üçün yeni və daha çox qazanc fürsəti yaranır. Daha çox legioner daha çox pul, qazanc, mənimsəmə deməkdir.

Futbolumuzda zaman-zaman bu kimi hallar yaşanıb. Meydana çıxmayan, tribunada oturan futbolçularla müqavilə imzalanıb. Bəzi hallarda onların macərası 6 ay, bəzi hallarda isə 2-3 il çəkib. Futbol eksperti Emin Abbasov indi də oxşar proseslərin baş verəcəyini ehtimal edir:

“Təbii ki, istifadə edə bilərlər. Məsələn, bir vaxtlar Bakı "İnter"i mövsüm ərzində 20-25 legioner cəlb edirdi. Aralarında elələri olurdu ki, mövsüm boyu bir neçə oyuna çıxırdı, vəssalam. Böyük ehtimalla, indi də belə edənlər olacaq. Belə baxanda, limit ola-ola da, əcnəbiləri gətirib-göndərən klublar var. Limitin ləğvindən sonra necə olacağını təxmin etmək çətin deyil. Legioner limitinin ləğvi ilə ümumilikdə Premyer Liqanın səviyyəsi qalxacaq. Amma çətin ki, yerlilərə bundan sonra inam olsun.

Deyirlər ki, yerli futbolçular aşağı büdcəli komandalarda oynayacaq. Lakin mən düşünürəm ki, elə onlar da legionerlərə üstünlük verəcəklər. 12 legioner gətirməyə, demək olar ki, bütün klubların imkanı çatacaq. Büdcəsi aşağı olanlar ən yaxşı halda 1-2 yerli futbolçu oynadacaqlar. Yəni indi hər tur start heyətdə məcburi qaydada 40 yerli futbolçu meydana çıxırsa, növbəti mövsümdən bu rəqəm ən yaxşı halda 15-20 olacaq. Yerli futbolçu oynadanlara bonus veriləcəyi açıqlanıb. Amma bir məsələ də var ki, həmin klublar heyəti legionerlərlə dolu rəqiblərdən xal almalı, Premyer Liqada yerini qorumalıdılar. Bu şərtlər altında çətin kimsə bonus hayında olsun”.

Sabiq futbol funksioneri Yaşar Sultanov isə ümumiyyətlə legioner limitinin ləğv edilməsindən narazıdır. O, bu addımın futbolumuz üçün faydalı olmayacağını bildirir:

“Ümumiyyətlə, o ölkədə legioner limiti ləğv olunar ki, orada özünün legioner həyatı yaşayan futbolçularının sayı 100-dən artıq, 300-500 olsun. Dünyanın aparıcı futbol ölkələrində olduğu kimi. Bizim normal legioner həyatı yaşayan futbolçularımız yoxdur. Dünyanın, Avropanın aparıcı klublarından bir oyunçumuz yoxdur. Legioner limitini götürüb, nə etmək istəyirik? Bəs onda yerli futbolçuları nə edək? Deyək ki, imkanlı klub olaraq heyətimizə legionerlər cəlb etdik. Biz bununla nəyə nail olacağıq? Aparıcı, nüfuzlu kluba çevriləcəyik? Avrokuboklarda 1-2 mərhələ keçdik, bəs sonra? Növbəti il təzədən başlayaq?

Bir strategiya, hədəf olmalıdır: məsələn, hər il Avropaya 1-2 futbolçu göndərmək. Bizim klublar Tbilisi “Dinamo”sundan, Kutaisi “Torpedo”sundan, Batumi “Dinamo”sundan güclü deyillər? Niyə onların Avropanın aparıcı ölkələrində legioner futbolçuları var? 200-ə yaxın futbolçuları sabiq sovet ölkələrində oynayır. Amma bizdə heç kim yoxdur. Bizə güclü klubdan öncə güclü futbolçu lazımdır. Bizə dünyada sözünü deyə biləcək futbolçular lazımdır. Ölkənin siması olacaq oyunçular lazımdır. Hansı ki, qonşu ölkələr futbolçuları ilə təqdim olunurlar. Qonşu ölkələrin hər birinin dəyəri 10 milyon avrodan yüksək olan 4-5 futbolçusu var. Bizdə isə buna yaxın düşəcək bir nəfər belə yoxdur.

Bəli, bu qərardan sonra klublarda legionerlərin sayı çoxala, 20-30 ola bilər. Bu məqam natəmiz klub rəhbərləri ilə futbol işbazları aralarında korrupsiya körpüsü yaradacaq”.

Publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.