Ucar səhiyyəsində biabırçı durum... - Narazılıq var
9-04-2015, 19:26
Qəzetimizin ötən saylarında Ucar Rayon Mərkəzi Xəstəxanasının (RMX) fəaliyyətində yer almış çeşidli nöqsanlara dair alığımız məlumatlar əsasında bir neçə tənqidi material dərc olunmuşdu. Rayonun səhiyyə sisteminin mövcud durumundan şikayət edən sakinlər bildirirlər ki, bu gün Ucarın ümumiyyətlə bütün tibb müəssisələrində rüşvətxorluq və başqa korrupsiya halları baş alıb gedir. Həmçinin məlumatlarda xüsusi olaraq vurğulanır ki, rayon səhiyyəsinin bu vəziyyətə gətirilməsinə birbaşa Ucar RMX-nın baş həkimi Zeynal Bayramlının yarıtmaz fəaliyyəti səbəb olmuşdur. Bu xüsusda aldığımız aldığımız şikayət məktublarında bildirilir ki, hazırda Ucarın tibb müəssisələrində Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. İddialara görə rayonda hətta vərəm və ya şəkərli diabet kimi xəstəliklərdən əziyyət çəkən insanlar belə pulsuz dərman preparatları ilə təmin olunmurlar. Bununla belə nazirliyə təqdim olunan hesabatlarda boşluqların yaranmaması üçün xəstələrə bəzi ucuz və az effektli dərmanlar pulsuz verilir. Bu arada isə Zeynal Bayramlı rayonun müvafiq idarə rəhbərləri ilə qeyri-qanuni işbirliyinə girərək dərman preparatlarının satın alınması əsasında dövlət vəsaitlərinin mənimsənilməsi ilə müşayiət olunan maliyyə maxinasiyaları həyata keçirir. Həmçinin dərc etdiyimiz materiallarda qeyd olunmuşdu ki, Ucar RMX-nın doğum və ginekologiya şöbələrində vəziyyət xüsusilə acınacaqlı bir həddə çatıb. Bu xüsusda aldığımız məlumatlardan birində göstərilmişdi ki, RMX-nın ginekologiya şöbəsində aparılan qanunsuz abortlar nəticəsində həkimlər yaxşı gəlir əldə edirlər. Sözsüz ki, həmin vəsaitin çox hissəsi baş həkimin kisəsinə gedir. Yeni aldığımız başqa bir məlumatda isə bu qanunsuz əməliyyatların aparılmasına görə bilavasitə məsuliyyət daşımalı olan bəzi həkimlərin adları açıqlanıb. Mənbə bildirir ki, bu əməliyyatlar əsasən doğum şöbəsinin müdiri Südabə Hacıyeva və həkim-ginekoloq Diləzbər Quliyeva tərəfindən həyata keçirilir. Eyni zamanda da mənbə məhz Südabə Hacıyevanın RMX üzrə Zeynal Bayramlının əsas pulyığanı olduğunu vurğulayır. Aldığımız yeni məlumatda daha bir maraqlı fakt da Ucar RMX-nın baş həkiminin qohumları ilə bağlıdır. Mənbənin verdiyi açıqlamaya görə, Zeynal Bayramlının əmisi İslam Bayramlı bir müddət bundan əvvəl Tibbi Sosial Ekspertiza Komissiyaların birində məsul vəzifədə işləyirmiş. Təxminən bir il əvvəl isə o, vətəndaşlardan rüşvət aldığına görə həbs olunub. Digər bir açıqlama isə Ucar RMX-nın cərrahiyyə şöbəsinin müdiri Cavanşir Qədirov barəsindədir. Xatırlayırsınızsa, ötən saylarımızda dərc etdiyimiz materiallarda biz Cavanşir həkimin yaramaz əməllərindən bəhs bəzi məlumatlar təqdim etmişdik. Belə ki, Cavanşir Qədirov xəstəni əməliyyat edildiyinə görə tələb etdiyi 450 manat pulu ala bilmədiyi üçün onun bütün ailəsini təhdidlərə məruz qoymuşdu. Hətta həkim tərəfindən xəstənin girov kimi saxlanılmasına da cəhd göstərilmişdi. Yeni aldığımız məlumatda isə açıqlama verən başqa bir mənbə Cavanşir Qədirovun belə davranış tərzinin adi hal olduğunu təsdiqləyir. Onun sözlərinə görə Cavanşir həkim hətta hüquq mühafizə orqanlarına və rayon prokurorluğuna ondan şikayət olunacağı barədə xəbərdarlıqları belə hər zaman etinasızlıqla qarşılayır.Təbii ki, Ucar rayon səhiyyəsində müşahidə olunan bütün bu özbaşınalıqlar ilk növbədə bu sahəyə rəhbərlik edən Zeynal Bayramlının öz işində rəhbər tutduğu yarıtmaz idarəçilik üsullarının təzahürləridir. Və böyük ehtimalla, ölkənin Səhiyyə Nazirliyi tərəfindən Ucar səhiyyəsinin sağlamlaşdırılması istiqamətində müvafiq addımlar atılmadıqca, bu özbaşınalıqların acı nəticələrini rayon sakinləri çəkməli olacaqlar.