Bərdədə polis vətəndaşları qorumur - ŞİKAYƏT

10-04-2015, 20:42           
Bərdədə polis vətəndaşları qorumur - ŞİKAYƏT
Bərdə rayon sakini İntiqam Türbəndəyev musavat.com-a şikayət məktubu göndərib. Şikayətçi öz məktubunda son 3 ildə onun haqlarının tapdalanmasından və hüquqlarını bərpa edə bilməməsindən yazır.

Belə ki, şikayətçi iddia edir ki, 2012-ci ilin əvvəllərində şəxsi evinə oğurluğa girmiş şəxslər haqqında etdiyi şikayətlər, onun özünü dərdə salıb: "Həyətimizə oğruların girməsi barədə 13 və 14 fevral 2012-il tarixlərdə polisə məlumat versəm də, polis heç bir tədbir görmədi. Nəticədə polisə məlumat verdiyim üçün oğrulardan biri, yəni Cabbarov Ziya atası Mirzə ilə birlikdə evimizə basqın edərək məni və hamilə həyat yoldaşımı qan xərçəngi xəstəsi olan 6 yaşlı qızımın gözləri qarşısında döyərək ağır bədən xəsarətləri yetiriblər.

Həyat yoldaşım və mən günlərlə xəstə yatmışıq. Mən 9 gün, yoldaşım isə 41 gün Bərdə MRX-da müxtəlif bədən xəsarətləri ilə müalicə olunmuşuq. Xəsarətlə bağlı həyat yoldaşımın hamiləliyi də pozulub. Ancaq bununla bağlı Bərdə RPŞ-nin istintaq bölməsində başlanmış cinayət işinin materialları Cabbarovların xeyrinə çıxarılıb və istintaqı birtərəfli apararaq, əsl cinayətkar məsuliyyətdən yayındırılıb".

İ.Türbəndəyev iddia edir ki, istintaq qərəzli aparılıb: "İstintaqın birtərəfli aparılması Bərdədə yuxarı instansiyalara çoxsaylı müraciətlər etmişəm. Araşdırma tam, hərtərəfli və obyektiv aparılmadığı üçün yuxarı instansiyalar tərəfindən 3 dəfə ləğv edilib. Lakin müstəntiq Çingiz Paşayev eyni qərarı əsassız olaraq, ötən ilin oktyabr ayının 19-da dördüncü dəfə yenidən çıxararaq, Cabbarov Ziyanı məsuliyyətdən yayındırıb. Məni isə xuliqanlıq maddəsi ilə həbs etmək istəyirdilər, amma alınmadı. Məhkəmə ədalətli qərar verdi".

İ.Türbəndəyev deyir ki, onun tələbi pozulmuş hüquqlarının bərpa edilməsidir: "Mən özümün və ailəmin pozulmuş hüquqlarının bərpa olunmasına çalışdığım üçün 3 ildən artıqdır ki, prokuror R.Əliyev və rəis H.Quliyev başda olmaqla, Bərdə rayon hüquq-mühafizə orqanlarının bəzi nümayəndələri tərəfindən təhdid və təqiblərə məruz qalmışam. R.Əliyev və H.Quliyev mənə hədə-qorxu gələrək, şikayətimi geri götürməyi təzyiq yolu ilə məndən tələb ediblər".

İ.Türbəndəyevin dediklərinə görə, ona gizli nömrələrdən zənglər gəlir və təhdid edilir: "2014-cü ilin iyun-iyul aylarından mənim telefon nömrəmə günün müxtəlif vaxtlarında, daha çox gecə saatlarında gizli nömrədən zənglər gəlir. Bu barədə noyabr ayının 3-dən bəri DİN-ə və Bərdə RPŞ-nə yazılı və 102 qaynar xəttinə dəfələrlə məlumat vermişəm. DİN bunun araşdırılması barəsində Bərdə RPŞ-nə göstəriş verib. Ancaq bu barədə də tədbir görülməyib və 5 aya yaxın vaxt keçməsinə baxmayaraq, mənə rəsmi məlumat verilməyib. Yalnız şifahi şəkildə deyirlər ki, "Azərcell"ə müraciət etmişik. Oradan da cavab olaraq bildirirlər ki, biz gizli zəngləri müəyyən edə bilmirik".

Mən bu barədə ötən ilin dekabrında "Azercell Telekom” MMC-yə də rəsmi müraciət etmişəm. Aldığım cavab məktubunda qeyd edilib ki, “Narahat edilmənizlə bağlı hüquq mühafizə orqanlarına müraciət etmənizi tövsiyə edirik“. Buradan aydın görünür ki, məni aldadırlar, bununla bağlı "Azercell"ə müraciət edilməyib".

İ.Türbəndəyev prezidentə müraciət edərək, yardım istəyir: "Mənə qarşı qərəz var. Məhkəmələrdə udsam da, bunlar məndən əl çəkmirlər. Ombudsman rayona gələndə onunla görüşdüm. Çox sağ olsun. Mən bu vaxta kimi sağamsa, onun sayəsindədir. Mənim tələbim budur ki, qurama ittihamla məni həbs etmək istəyənlər cəzalandırılsın, əsl cinayətkarlar prokuror və rəis tərəfindən himayə olunduqları üçün müstəntiqin 19.10.2014-cü il tarixli qərarı ləğv edilərək, istintaq Baş Prokurorluqda və ya başqa bir rayonda aparılsın və mənim ailə üzvlərimin təhlükəsizliyi təmin edilsin.

Araşdırmanın Baş Prokurorluqda, Daxili İşlər Nazirliyində və ya başqa bir rayonda aparılmasını, mənim və ailə üzvlərimin təhlükəsizliyinin təmin olunması üçün tədbir görülməsini möhtərəm prezidentimiz İlham Əliyevdən, baş prokuror Zakir Qaralovdan və daxili işlər naziri Ramil Usubovdan artıq dərəcədə xahiş edirəm".(musavat.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.