Vilyam Hacıyevin adamı məhkəmənin qərarını saymır
11-04-2015, 11:58
İmişli rayon Qaradonlu kənd sakini Talıbova Vəfa Nuhu qızı şikayət ərizəsi ilə redaksiyamıza müraciət edib. O, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin Qaradonlu kəndi üzrə nümayəndəsi Məhəmməd İsmayılovun özbaşına əməllərindən şikayətçidir. Vətəndaş deyir ki, Qaradonlu kəndində daimi qeydiyyatdadır:
"Adıma heç bir torpaq sahəsi yoxdur və əmlaka sahib deyiləm. Bütün əşyalarım atam evindədir. Ailə qursam da, müxtəlif yerlərdə kirayədə yaşamaq məcburiyyətindəyəm. Ev tikdirmək üçün torpaq sahəsinə ehtiyacım var. Bu məqsədlə Qaradonlu bələdiyyəsinə illərdir müraciətlər edirik. Amma heç bir nəticəsi yoxdur. Nəhayət, müraciətlərin nəticəsiz olduğunu görüb Qaradonlu bələdiyyəsinə qarşı torpaq tələbinə dair Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia tələbi irəli sürdüm. İddiam təmin olundu. Mənə torpaq sahəsinin ayrılmasına mane olan isə Qaradonlu kənd icra nümayəndəliyinin rəhbəri Məhəmməd İsmayılovdur. Hazırda icra nümayəndəsinə qarşı Şirvan İnzibati-İqtisadi Məhkəməsində mənim və iki azyaşlı övladımın təsərrüfatbaşına kitabda yazılması tələbimə baxılır. İcra nümayəndəsinin utanmadan məhkəməyə təqdim etdiyi münasibətini və vəsatətini aydınlıq üçün sizə təqdim edirəm. Bu adam məhkəmədə bələdiyyənin ona tabe olduğunu bildirir və deyir ki, icra nümayəndəsinin razılığı olmadan bələdiyyə vətəndaşa torpaq sahəsi verə bilməz. Əgər bələdiyyələr müstəqil özünüidarəetmə orqanıdırsa və qərarlarını sərbəst qəbul etmək hüququna malikdirsə, nəyə görə mənə torpaq sahəsi ayırmaqda fəaliyyətsizlik göstərir? Mən heç vaxt Qaradonlu kəndinin qeydiyyatından çıxmamışam. Qanunvericiliyə əsasən, torpaq sahəsi almaq hüququna malikəm. İcra nümayəndəsi kənddə qeydiyyatımın olmadığını bildirir. Bununla bağlı İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdim. Şöbənin rəisi Vaqif Müslümovun imzası ilə bu ilin mart ayının 2-də müraciətimə cavab verildi. Müraciətdə yazılır: "Sizin İmişli Rayon Polis Şöbəsinə ünvanladığınız ərizənizlə əlaqədar bildiririk ki, sizə ilk dəfə 1991-ci ildə Sovet nümunəli pasport verilərək İmişli rayonu Qaradonlu kəndinə qeydiyyata alınmısınız. Sonradan 2005 və 2012-ci illərdə şəxsiyyət vəsiqəsi alaraq həmin ünvanda qeydiyyatda olmusunuz və qeydiyyatdan çıxarılmamısınız. Həmin sənədlərlə bağlı fərdi uçot kartoçkalarının surəti sizə göndərilir. Eyni zamanda bildiririk ki, azyaşlı şəxslərə şəxsiyyət vəsiqəsi verilərək fərdi uçot kartoçkası doldurulmadığından azyaşlı övladlarınızın fərdi uçot kartoçkası olmamışdır". Polis rəisinin cavabında kənddə qeydiyyatda olduğum sübut olunur, amma icra nümayəndəsi başqa şey deyir". Vəfa Talıbova həmçinin Şirvan İnzibati-İqtisadi Məhkəməsinin bu ilin 17 fevral tarixində qaldırdığı iddianı təmin etdiyini və onun xeyrinə qərar çıxardığını bildirdi: "Hakim Elxan Əmirəliyevin çıxardığı qərarda göstərilir ki, iddiaçı Talıbova Vəfa Nuhu qızına iki azyaşlı övladı Talıbova Leyla Xanlar qızının və Talıbov Turqut Xanlar oğlunun təsərrüfatbaşına kitabına yazılmasının bərpa edilməsi, şəxsən etibarnamə əsasında təmsil edən şəxs vasitəsilə qeydiyyat və ailə tərkibi haqqında arayışın verilməsi öhdəliyi cavabdeh İmişli Rayon İcra Hakimiyyəti başçısının kənd inzibati dairəsi üzrə nümayəndəliyinin üzərinə qoyulsun. İcra nümayəndəsi Məhəmməd İsmayılov isə məhkəmənin qərarını icra etməkdən boyun qaçırır. Bununla bağlı Ədliyyə Nazirliyinin İmişli Regional Ədliyyə şöbəsinin rəisi Hakim Məmmədova ərizə ilə müraciət etmişəm. O məhkəmənin gedişində mənim və uşaqlarımın İmişli Rayon Polis Şöbəsinin Qeydiyyat və ŞVQ bölməsindən aldığımız şəxsiyyət vəsiqələrinin qanuni yolla alınıb-alınmamasının yoxlanılması üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi barədə vəsatət qaldırmışdı. Amma haqq-ədalət mənim tərəfimdə oldu. Kimliyindən asılı olmayaraq bütün vətəndaşlar qanunlara tabe olmalı, məhkəmələrin çıxardığı qərara hörmətlə yanaşmalıdır. Məhəmməd İsmayılov Azərbaycan Respublikasının adından çıxarılan qərara sayğısızlıq göstərir. İcra nümayəndəsi başçı Vilyam Hacıyevə arxayın olduğuna görə rahat şəkildə hərəkət edir. Mən isə haqqımı sona qədər davam etdirəcəm. Qəzet vasitəsilə əlaqədar dövlət qurumlarının rəhbərlərindən kömək istəyirəm. Xahiş edirəm ki, mənim və iki azyaşlı uşağımın rayonun təsərrüfatbaşına kitabına yazılmasının bərpa olunmasını təmin etsinlər". Bir halda ki, məhkəmə vətəndaşın lehinə qərar çıxarıb, icra nümayəndəsi bunu mütləq yerinə yetirməlidir. Görünür, icra başçısı Vilyam Hacıyevlə yaxınlığı Məhəmməd müəllimə məhkəmənin çıxardığı qərarı saymamasına əsas verir. Amma biz inanırıq ki, məhkəmənin qərarına hörmətsizlik edən və vətəndaşın hüquqlarını pozan icra nümayəndəsi gec-tez layiq olduğu cəzanı alacaq. Bax o zaman heç Vilyam Hacıyev də ona kömək edə bilməyəcək.
Yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.