MÜƏLLİMLƏR İNSTİTUTUNUN QAZAXAN FİLALININ RƏHBƏRİ HAQDA İLGİNC FAKTLAR
13-04-2015, 14:36
AMİ-nin Qazax filialının direktoru Afaq Qasımova özünü oliqarxlara oxşadır
Redaksiyamıza yeni daxil olan məlumatlarda Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Qazax filialının direktoru Afaq Qasımovanın qeyri-qanuni gəlirlərinə dair maraqlı açıqlamalar təqdim olunmuşdur. Bu xüsusda mənbə bildirir ki, Afaq xanım işə gəlmək üçün hər gün özünün şəxsi “Mersedes - GL” markalı avtomobilində Gəncədən Qazaxa qədər olan məsafəni qət etməli olur. Təbii ki, eyni yol da hər axşam evə qayıtmaq üçün gedilir. Avtomobilin markası nəzərə alınsa, təkcə yanacağa sərf olunan pulun gündəlik 50 manat civarında olduğunu müəyyən etmək olar. Amma bu da var ki, bahalı avtomobillər müvafiq olaraq bahalı texniki xidmət də tələb edirlər. Bundan başqa da Afaq xanım öz avtomobilini şəxsən özü idarə etmir.
Bunun üçün filial direktorunun personal sürücüsü də var. Deməli, sürücünün də əmək haqqı nəzərə alınmaqla Afaq xanım hər ay təkcə avtomobilinin saxlanmasına 2000 manatdan artıq vəsait xərcləməlidir. Həm də bu xərclər filial direktorunun aldığı aylıq 400 manat məbləğində məvacibindən ödənilməlidir... Bəs görəsən bu möcüzə necə baş verir? Amma mənbələr iddia edirlər ki, burada da dünya şöhrətli “sehirbazların” çıxışlarında olduğu kimi, heç bir möcüzə-filan yoxdur. Hər şey illyuziya yaratmaq məharətinə bağlıdır. Sehirbazlar öz çıxışlarına toplanmış tamaşaçıların ciblərini soyurlar, AMİ-nin Qazax filialının direktoru da burada təhsil alan tələbələrin. Fərq bundadır ki, sehirbazlar hər növbəti nömrəni hazırlamaq üçün olmazın əziyyətlər çəkirlər, pul xərcləyirlər. Tamaşaya gələn insanlar isə gördükləri şoudan müəyyən həzz alırlar. Afaq xanım isə pulu da özü qazanır, bundan həzzi də sadəcə özü alır. Əbəs yerə deyil ki, bir müddət əvvəl başa çatmış qış imtahan sessiyası ilə bağlı da ali məktəbdə növbəti dəfə gərginlik yaşanmışdı. Səbəb isə bu olmuşdu ki, hər bir imtahana görə hər tələbədən 50 manat rüşvət alınması barədə göstəriş verən direktor, bu qərarı ilə onun illyuziyalar qura bilmək məharətini layiqincə qiymətləndirə bilməyən bəzi müəllimləri olduqca pis vəziyyətdə qoymuşdu. Belə ki, bir çox müəllimlər imtahanlara məsuliyyətlə yanaşaraq hazırlıqlı gələn və biliklərinə güvənən tələbələrdən pul istəyə bilmirlər. Amma mənbələr bildirirlər ki, bu xüsusda direktorun iradəsinə hətta məşhur Kopperfildin özü də həsəd apara bilər. Necə deyərlər, pul ala bilmirsən, öyrədərik. Yox, almaq istəmirsən, qovarıq.
Əlbəttə, sadəcə dərslərə və imtahana hazırlıqlı gəldiyinə görə tələbədən pul qoparmağa üzü gəlməyən müəllim kimə lazımdır ki?Ötən materiallarda biz artıq qeyd etmişdik ki, Qazax filialının sabiq direktorunun işindəki ciddi nöqsanlar səbəbindən vəzifədən alınmasından sonra, bu ali təhsil müəssisəsinə rəhbərlik onun təlim-tərbiyə işləri üzrə müavini Afaq Qasımovaya həvalə olundu. Maraqlıdır ki, bu dəyişikliyin əslində filialda heç bir mövcud problemin həllinə gətirməyəcəyi çoxlarına əvvəlcədən məlum idi. Məsələ bundadır ki, Afaq Qasımova elə keçmiş direktorun dövründə də filialda pul yığımlarına nəzarət edən əsas simalardan biri idi. İndi isə birincisi oldu. Sanki darısqal süfrə arxasında kiməsə, sən yeyib doymusan, dur indi də başqası yesin – dedilər. Sessiya pul yığımları, rüşvət müqabilində işə qəbullar və digər korrupsiya halları isə AMİ-nin Qazax filialında indi də əvvəlki kimi davam eməkdədir. Beləliklə də, direktor vəzifəsinə təyinatından bəhrələnə bilmiş yeganə insan elə Afaq xanımın özü oldu. Ötən materialda biz artıq qeyd etmişdik ki, Afaq Qasımova bir müddət əvvəl Bakının Badamdar qəsəbəsində dörd mərtəbəli bir villanın mülkiyyətçisi olmuşdur. Bu xəbəri oxuyan bəzi mənbələr isə siyahıya direktorun Gəncə və Qazaxda sahib olduğu bir çox kommersiya obyektlərini də əlavə etməyimizi xahiş edirlər...
Təbii ki, Afaq Qasımova bütün bu deyilənlərə münasibət bildirmək istəyərsə, biz hər zaman onun da mövqeyini qəzetimizdə dərc etməyə hazırıq.