Rektorun bankı istehlak kreditləşməsini dayandırdı
13-04-2015, 14:54
Azərbaycanda istehlak kreditləşməsini dayandıran bankların siyahısına daha biri əlavə olunub. "Muğanbank" ASC hazırda "Təqaüdçü" kreditindən başqa istehlak kreditləşməsini dayandırıb.
"Report"un banka istinadən verdiyi xəbərə görə, həmin kredit də müştərilərə ancaq dollarla təqdim olunur. Bildirək ki, bu kredit ancaq təqaüdçülərə təqdim edilir. Maksimal 15 min manat ekvivalentində olan bu kredit maksimum 4 il müddətinə, illik 28%-lə verilir.
Bankdan verilən məlumata əsasən, dolların bahalaşması səbəbindən istehlak kreditləşməsi hissə-hissə, ilk əvvəl avtokreditlər, daha sonra iş yerindən təqdim edilən arayışla verilən kreditlər dayandırılıb.
Kreditləşmənin gələcək taleyi məlum deyil.
Qeyd edək ki, hazırda ölkədə "ASB Bank", "Bank BTB" və "Dekabank" həm manat, həm də dollarla kredit verilişini dayandırıb. Bankların əksəriyyəti manatla kreditləşməni dayandırsa da, dollarla kredit verilişi davam etdirilir. Hətta "Bank of Baku" ASC dollarla krediti də ancaq daşınmaz əmlakın girovu əsasında həyata keçirir.
"Expressbank", "Bank VTB Azerbaijan", "Bank Avrasiya", "Kapital Bank", "YapıKredi Bank Azərbaycan", Azərbaycan Beynəlxalq Bankı, "PAŞA Bank" və "Günaybank" (ancaq biznes kreditləri) manatla kredit verilişini davam etdirənlər siyahısındadır. "Atabank" isə manatla kredit verilişini ancaq manatla əmanəti olan müştərilərinə təklif edir.
Onu da xatırladaq ki, "Kredobank" kreditləşməni ilin əvvəlindən dayandırıb.