Kərəm Həsənovun Qərib Məmmədovdan dövr etdiyi "yağlı tikəs"si...
13-04-2015, 17:28
Bu günlərdə Əmlak Komitəsində növbəti bir tenderin keçirilməsi gözlənilir
Bu, Azərbaycanın 53 rayonu üzrə sadə modelli elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritələrinin tərtibi üzrə görüləcək işlərin icrası ilə bağlıdır.
Tenderə cəlb edilən proyektin dəyəri olduqca yüksəkdir. Onlarla milyon dollarla ölçülür. Bu məsələ ilə bağlı “Azadlıq”da əvvəllər də xəbər vermişdik.
Bir daha bu layihənin əhəmiyyətini viurğulamaq üçün tenderin keçirildiyi günlər ərəfəsində mövzuya qayıdırıq. Söhbət, faktiki olaraq, Azərbaycanda daşınmaz əmlakın xəritələrinin tərtibindən getir. Buna görə də, bu, olduqca mühüm və strateji işdir.
Bundan öncə Bakı və Sumqayıtın kadastr xəritələri ayrıca tender əsasında təşkil edilib və işlər icra edilib. Ayrıca, Şəki rayonunun kadastr xəritəsinin çıxarılmasını almanlar öz təşəbbüsləri və öz maliyyələri hesabına həyata keçirəcəklər. Yerdə qalan bütün rayonlarda isə (işğal olunmuş rayonlardan başqa) bu işi Azərbaycan hökuməti özü həyata keçirir.
Ölkənin kadastr xəritəsinin çıxarılması indiki zamanda, həm də ona görə mühümdür ki, nəhayət, hökumət qeyri-neft sektorunun inkişaf etdirilməsinin zəruriliyi barədə düşünməyə başlayıb… Ən azı, düşünməyə başlayıb...Bunu inkişaf etdirəcəklər,ya yox, başqa məsələdir. Bütün hallarda isə bu kadastr xəritələri əldə olmadan kənd təsərrüfatı layihələrini tərtib etmək, proqnozlaşdırmaq, faktiki olaraq, mümkün deyil. Kadastr məlumat bazası olmadan nəzərdə tutulan işləri yalnız kortəbii qaydada aparmaq olar.
Biz onu da vurğulamışdıq ki, kadastr məlumat bazasının yaradılması ilə bağlı işləri bu mərhələyə qədər həyata keçirən şirkət “Kutlubey” adlı bir türk şirkəti olub və adı çəkilən şirkətin nəyə görə bu işlərə cəlb edildiyi bəlli olmayıb, hələ də bəlli deyil. Çünki “Kutlubey” adlı bu şirkət Türkiyədə olduqca dolaşıq və şübhəli bir reputasiyaya sahibdir. Ola bilər ki və ya Əmlak Komitəsinin səlahiyyət sahibləri iddia edə bilərlər ki, bu zamana qədər “Kutlubey”in reputasiyasından şübhələnmək üçün hansısa əsaslar olmayıb. Amma bu əsaslar çoxdandır ki, var. Həm də, “Azadlıq” bu əsasları Əmlak Komitəsinin də, ölkə ictimaiyyətinin də nəzərinə çatdırıb.
Konkret olaraq, bu şəkildə:
“Kutlubey Hatitacılık” şirkəti Türkiyədə ağır cəza məhkəməsinin qərarı ilə iki zərif bənd üzrə cəzalıdır. Birincisi, sənədlərin saxtalaşdırılması. Ikincisi, dolandırıcılıq. Bu ikinci bənd bizim ləhcəmizdə “fırıldaqçılıq” və ya “dələduzluq” kimi təfsir olunur. Sənəd saxtalaşdırılmasının da hərfi təfsiri bundan fərqli deyil.
Işini bu mərtəbələrə qaldıra bilmiş bir Türkiyə şirkətinin Azərbaycanda bu cür işlərə cəlb edilməsinin sirrini biz deyə bilmərik. Biz avam adamlarıq, amma bizim oxucularımız bizdən daha ayıq adamlardırlar.
Əmlak Komitəsi deyə bilər ki, həmin məhkəmə qərarı şirkətə deyil, Altan Çətinkayanın şəxsinə yönəlikdir. Deyə bilər, əlbəttə.
Ancaq Altan Çətinkaya “Kutlubey”in 100 faizinin sahibidir. Belə olduqda, Türkiyə məhkəməsinin qərarı da belə təfsir edilir ki, Altan Çətinkayanın nə özü, nə sahibi olduğu şirkət, nə ortaq olduğu şirkət, nə də vasitəçilik etdiyi hər hansı şirkət yerli və xarici tenderlərə buraxılmır. Qapı bağlanıb.
Bu qərarı Türkiyənin Harita və Kadastro Mühəndisləri Odası deyilən cəmiyyət də xüsusi qərarla süsləyərək təəssüflə bildirib ki, “Kutlubey” adlı şirkət məslək arkadaşlarına bu cür üzüntülər yaşatdığına görə boykot edilməlidir... ».
Korrupsiya bölgüsü belə baş verib!
Bundan əlavə, Kutlubey Haritacılık şirkəti ilə Əmlak Komitəsinin səlahiyyət sahibləri arasında rüşvət qalmaqalı ilə bağlı də ciddi faktlar ortalığa qoyulub. Bu faktlar Azərbaycanın xəritəsini, əmlak xəritəsini harama bulaşdırmaq planını həyata keçirilməsini ifşa etmək üçün ciddi ittihamlardır. Məsələn, “Yeni Müsavat qəzetində dərc edilmiş bir yazıdan fraqmenti nəzərinizə çatdıraq. Bu fraqmentdə ötən tenderləri “qazanan! Kutlubey şirkəti ilə Əmlak Komitəsinin rəhbərləri arasında baş verən rüşvət siyashısı tam dəqiqliyi ilə yazılmışdı. Bu, “Kutlubey”ə veriıən tenderin tərkibindəki rüşvət maddələrinin dəqiq təsviri idi:
“I elektron məktub
“İşin adı ... Sumqayıt şəhəri daşınmaz əmlakın elektron kadastr məlumat bazasının yaradılması.
İş verən... Dövlət Əmlak Komitəsi
İşi alan ... “Kutlubey” Haritacılık A.Ş (Altan Çetinkaya)
İşin dəyəri 2 840 000 USD
Nazir Kərəm Həsənov 23% = 653 000 USD
Nazir müavini Rüstəm Şahbazov 20 % = 568 000 USD
Aparat rəhbəri... İlqar Həbiyev - 100 000 USD
Kadastr İdarəsinin direktoru ... Ramiz Quliyev 100 000 USD
Qeyd: “Kutlubey” firmasını və Altan Çətinqayanı nazir (söhbət Kərəm Həsənovdan gedir), nazir müavinləri ilə tanış edən rüşvətin alınmasını, bölüşdürülməsini təşkil edən Ramiz Quliyevdir.
Açıq keçirilən tender kimi görünsə də layihə üçün elan edilən tenderə qatılan digər şirkətlərin təklif etdiyi qiymətlər öncədən Altan Çətinqayaya verilib və “Kutlubey” fimasının təklif etdiyi qiymət həmin sənədlərə əsasən hazırlanıb. Ramiz Quliyevdən bu məsələ soruşulanda deyir ki, K. Həsənov belə istəyir". (“Yeni Müsavat” qəzeti,21 Noyabr 2013)
Yeni bölgü üçün əməliyyat stolu hazırdır
İşin daha maraqlı tərəfi bundan ibarətdir ki, bu qədər açıq qalmaqaldan və eyni zamanda, Kutlubey şirkətini haqqında Türkiyədə çıxarılan məhkəmə qərarlarından sonra da bu şir5kətin Azərbaycanda “sevimli” siyahısına dail edilməsi aşkar korrupsiya əlamətidir. Xatırladaq ki, Türkiyədə çıxarılan məhkmə qərarına görə Kutlubey şirkəti nə ölkədə, nə də ölkə xaricində keçirilən tenderlərdə iştirak edə bilər. Ayrıca, Türkiyədə Xəritəçilər Odası adlanan həmkarlar qurumu da “Kutlubeyi” məsləksizləşdirmiş bir qərar çıxarıb. Yəni, Xəritəçilər Odası da elan edir ki, bu şirkət məslək normalarını pozan, pozuq reputasiyalı bir şirkət olduğuna görə etimaddan kənardır.
Əmlak Komitəsinin elan etdiyi indiki tenderlə bağlı rəsmi şərtlər Kutlubeyin bu tenderdə iştirakını qadağan edir. Amma Kutlubey tenderə buraxılıb.
Yəqin ki, kimsəyə qəribə gəlmir. Korrupsiya adiləşib. Hətta bu qədər adiləşib ki, bu qədər qalmaqaldan, rüşvət maxinasiyalarının üstü açıldıqdan sonra da, eyni adamlar eyni ünvanda görüşür və eyni sövdələşməni aparmaqdadırlar.