Elmi-Cərrahiyə Mərkəzində nələr baş verir - "hörmət" elə əskər getmə

16-07-2015, 10:55           
Elmi-Cərrahiyə Mərkəzində nələr baş verir - "hörmət" elə əskər getmə
Redaksiyamıza daxil olan çoxsaylı şikayət məktublarından belə qənaətə gəlmək olur ki, Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin (Eksperimental xəstəxana) problemləri bu gün ölkə ictimaiyyətini narahat edən ən aktual məsələlərdən biridir. Təbii ki, bu aktuallığı şərtləndirən ən vacib cəhət xəstəxanada baş verənlərin vətəndaşlarımızın həm fiziki, həm də mənəvi durumlarına bilavasitə təsir etməsidir. Ölkənin bu ən böyük tibb müəssisəsində baş verənləri isə heç də proqressiv və ürəkaçan hallar kimi qiymətləndirmək olmaz. Aldığımız məlumatlarda Elmi-Cərrahiyyə Mərkəzində pulsuz tibbi xidmətdən danışmağın yersiz olduğunu vurğulayan mənbələr qeyd edirlər ki, bu tibb müəssisəsinin bir çox şöbələrndə hərbi çağırışçıların müxtəlif yollarla həqiqi hərbi xidmətdən yayındırılmaları halları geniş yayılıb: “Bildiyiniz kimi, hələ də ordu sıralarına çağırışdan müxtəlif yollarla yayınma, hərbi xidmətə çağırışdan qanunsuz möhlət vermə halları müşahidə edilir. Elmi-Cərrahiyyə Mərkəzinin bir çox şöbələrində də bu cür məqamlara rast gəlmək mümkündür. Deyilənlərə görə, bu proses Elmi-Cərrahiyə Mərkəzinin həkimi, professor, ali dərəcəli cərrah-qastroenteroloq Əliniyaz Məmmədovun nəzarəti altında daha “etibarlı” şəkildə həyata keçirilir. Məsələn, bu və ya digər çağırışçı səhhətində problem olmadığı halda belə, Əliniyaz Məmmədovun müayinəsindən sonra “hərbi xidmətə yararsız” statusunu rahat şəkildə əldə edə bilər. Bəzən də elə olur ki, doğrudan da həqiqi hərbi xidmətə yararsız çağırışçı xəstəliyini sübuta yetirmək üçün məcbur edilir ki, həkimlərə “hörmət” etsin. Bir sözlə, Elmi-Cərrahiyə Mərkəzinin qastroenterologiya şöbəsinə müraciət edən valideynlər irəli sürülmüş şərtlərə əməl etdikdən sonra övladlarının hərbi xidmətə yararsız hesab olunmalarına dair müvafiq tibbi sənədlərin rəsmiləşdirilməsinə nail ola bilərlər”. Elmi-Cərrahiyyə Mərkəzi ilə bağlı əldə etdiyimiz digər məlumatda isə qeyd olunur ki, adıçəkilən tibb müəssisəsinin rəhbərliyi bir sıra dərman firmaları və apteklərlə iş birliyindədir. Mərkəzin həkimlərinin rəhbərliyin göstərişi ilə 60-a yaxın dərman firması ilə “əməkdaşlıq” etdiyini deyən məlumatlı şəxsin iddiasına görə, xəstəxanaya müraciət edən hər xəstəyə həmin firmaların dərmanları yazılır: “Ehtiyac oldu-olmadı, hər xəstəyə həmin dərmanları almağı, qəbul etməyi məcbur edirlər. Firma və apteklər isə həkimlərə göndərdiyi hər xəstəyə görə faiz ödəyir...”Qəzetimizin ötən saylarında biz dəfələrlə respublikamızın səhiyyə sistemində yer almış neqativ halların və bu halları şərtləndirən bir çox səbəblərin müzakirəsinə həsr olunmuş tənqidi məqalələr dərc etmişik. Məlum olduğu kimi bu gün ölkənin səhiyyə sistemində həyata keçirilən əsaslı islahatlar Azərbaycanın bu sahədə hələ də uyğunlaşa bilmədiyi beynəlxalq standartlar səviyyəsinə yaxınlaşması məqsədini güdür. Lakin etraf etməliyik ki, tibb elminin müxtəlif sahələrində dünya səviyyəsində tanınmış, görkəmli alimlərimizin, həkimlərimizin olmasına baxmayaraq ümumilikdə ölkənin səhiyyə sistemində vəziyyət hələ də ürək açan deyildir.Qeyd etmək lazımdır ki, Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində yer almış bütün bu özbaşınalıqlar ölkənin müxtəlif kütləvi informasiya vasitələrində dəfələrlə ictimai müzakirəyə çıxarılmışdır. Ən acınacaqlısı da budur ki, müxtəlif mətbu orqanlarına, o cümlədən də bizim redaksiyaya təqdim olunan məlumatlarda Elmi-Cərrahiyə Mərkəzində son vaxtlar daha ciddi qanun pozuntularına yol verilməsi də xüsusi olaraq vurğulanır...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.