Səlim Müslümov Dövlət Sosial Təminat Xidmətinin işinə fikir versə yaxşı olar - Ən yaxın adamından şikayət var

16-07-2015, 11:54           
Səlim Müslümov  Dövlət Sosial Təminat Xidmətinin işinə fikir versə yaxşı olar - Ən yaxın adamından şikayət var
Prezident İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çox ciddi tənqidi cıxışı ilə yadda qaldı. Amma onun razı qaldığı sahələr də olub. Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahəsinə aid işlərdən danışarkən bunları deyib:

"Ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin olunur, normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur, korrupsiya ilə mübarizə ciddi aparılır və bunun hesabına artıq bu sahədə daha da sağlam vəziyyət yaranmışdır. Yerlərdən gələn məlumat da məni çox sevindirir, insanlar da bu müsbət dəyişiklikləri görürlər. Beləliklə, məndə olan məlumata görə, ünvanlı sosial yardım alan insanların sayı təxminən 20 faiz azalmışdır. Nəyin hesabına? Ona görə yox ki, kiminsə yardımı kəsilib. Ona görə ki, yardıma ehtiyacı olmayan artıq bunu almır. 112 min ailə, 490 min insan bu yardımı alır və hər ailəyə orta hesabla təxminən hər ay 150 manat pul verilir. Bax, budur bizim sosial siyasətimiz və yanaşmamız". Doğrudan da, Səlim Müslümov nazir təyin ediləndən sonra ona bəslənən ümidləri doğrultmaq istiqamətində böyük addımlar atıb. Onun rəhbərliyi altında əmək və əhalinin sosial müdafiəsi sahəsində ciddi islahatlar həyata keçirilib. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan bəzi qurumlarda çalışan şəxslər nazirdən nümunə götürmək əvəzinə qanunsuz işlərlə məşğul olurlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin sosial yardımların təşkili sektorunun müdiri Salam Rzayevin fəaliyyətində də müxtəlif nöqsanlar mövcuddur. Bu barədə redaksiyamızı məlumatlandıran şəxs iddia edir ki, sektor müdiri əhalinin aztəminatlı təbəqəsinin, tək ahıl vətəndaşların, sosial reabilitasiyaya xüsusi ehtiyacı olan şəxslərin sosial müdafiəsi tədbirlərini lazımi şəkildə həyata keçirə bilmir: "Sektor müdiri bəzi məsələləri xidmətin rəisi Çingiz Əliyevlə razılaşdırmadan özbaşına şəkildə həll edir. Ünvanlı sosial yardım almaq istəyən vətəndaşları əksər hallarda sektor müdiri qəbul edir. O heç nədən çəkinmədən vətəndaşlara yardım almağın başqa üsulların müqabilində mümkün olduğunu deyir. Aztəminatlı ailələr isə onun təklifi ilə razılaşmır. Sektor rəhbəri indiyə qədər neçə-neçə ünvanlı sosial yardım almaq hüququ olan vətəndaşları əliboş yola salıb". Fikrimizcə, Salam Rzayev fəaliyyətində Səlim Müslümovun gördüyü müsbət işləri əsas götürməlidir. Sonda cənab nazirdən və xidmət rəisindən sektor müdirinin fəaliyyətinə nəzarəti gücləndirmələrini xahiş edirik.\\gundelik-baku.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.