NAMƏRDLİK , XƏYANƏT,YOXSA ...

25-07-2017, 22:35           
NAMƏRDLİK , XƏYANƏT,YOXSA ...
teref.az 1-ci qrup Qarabağ əlili Məğrur Bədəlsoyun şikayət məktubunu sizə təqdim edir:
Döyüşdə olanda 2 körpə uşaqlı ailəni AMEA küçəyə atıb

Ağdərədə ölüm-dirim savaşında olanda AMEA İşlər İdarəsi elmlər doktoru həyat yoldaşımı 2 körpə uşaqla Yasamaldakı aspirantlar və gənc mütəxəssislər yataqxanasından çıxarıb. Işlədiyim institut Prezidentin fərmanına zidd olaraq əmək haqqımı kəsib. Beləliklə, öndə düşmənlə üz-üzə qalan döyüşçünün ailəsi arxada yerili düşmənçiliyin qurbanına çevrilib. Bir yandan da TV ilə verilən ölüm sorağından ömür-gün yoldaşım stress keçirib, 2-ci qrup əlildir. AMEA-nın bütün prezidentləri 30 illik mənzil növbəmin ədalətli sonluqla başa çatmasına yardımçı olub. Hazırkı prezident Akif Əlizadə 2 il qabaq məni rəyasət heyətini yığmaqla qəbul edib və gözləsəm, 2 ilə Yasamalda həmin yataqxananın yerində tikiləcək evdən mənzil ayıracağına söz verib . Hətta institutun direktoru Akademiyanın 70 illiyilə bağlı daha tez ev veriləcəyini açıqlayıb. Di gəl, 40 ildir işlədiyim bu boyda Akademiya nəinki mənə ev verir, əksinə, adi bir sanatoriya yollayışını da indiyə kimi iki elmi işçisi olan ailəyə qıymır. 15 il qabaq institutun tikdiyi evdən də söz verildi, amma ev verilmədi. İndi də 1 ay öncə təhvil verilən evdən 2 il qabaq söz verilməsinə baxmayaraq yenə qırağa atıldım. AMEA Prezidentinin verdiyi sözü yadına salması üçün son bir ildə hər ay qəbuluna yazılsam da, institutun direktoru hər ay məni qəbula aparacağını söz versə də, adi qəbul olunma hüququma da sayğı göstərilmədi. AMEA üzrə yeganə Qarabağ əlili kimi ,1987-ci ildən mənzil növbəsində olan şəxs kimi hüququmdan məhrum edilməyimin qarşılığında AMEA Prezidentindən jurnalist kimi ev almağıma yardımçı olmağı da diləməyə imkan vermədilər. Heç demə, prezidentin məni kimə desəm tapşıracağı haqqında dedikləri də sabun köpüyündən başqa bir şey deyilmiş. Prezident AMEA-dan özünün buna layiq olmayan ictimaiyyətlə əlaqələr şöbəsinin müdirini tapşırıbmış.

Elə bilməyin ki,susacağam. Yasamaldakı yataqxananın yerində tikilən evdən mənzil ayrılmaması ilə bağlı 1 aydan çoxdur 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində iddia qaldırmışam. Məhkəməyə təzyiq edib baxılmasına qoymurlar. Yəqin ki, Ədliyyə Nazirliyi, Məhkəmə Hüquq Şurasına şikayətlərim sonuc verəcək. İndi də AMEA-ya və KİVDF-yə qarşı məhkəmədə iddia qaldırmağı qərara almışam. Çox güman ki, işi Avropa İnsan Hüquqları Məhkəməsinə kimi daşıyacağam. Çünki iddiaya baxılmasına qadağa qoyurlarsa, onda yerli məhkəmələrdən nəsə gözləməyin özü də yersizdir. Bircə ona yanıram ki, elm adına da, jurnalist adına da haqqı olmayanlar yiyələnir. Buna namərdlik deyim, xəyanət, yoxsa...

Siz deyin, döyüşdə olanda 2 körpə uşaqlı ailəsinin yuvasından didərgin salınmasına nə ad vermək olar? Özü də 30 il keçməsinə baxmayaraq reketlik yenə də davam edirsə....

Məğrur Bədəlsoy,AMEA üzrə yeganə Qarabağ əlili, müstəqil jurnalist
teref.az qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru