“Sabunçu rayon qaz idarəsinin əliylə ölkə rəhbərliyinə qarşı qiyama hazırlıq aparılır”

28-07-2017, 09:18           
“Sabunçu rayon qaz idarəsinin əliylə ölkə rəhbərliyinə qarşı qiyama hazırlıq aparılır”
"Təmir işləri gedir...", “Xətlərdə yenilənmə aparılır...”, “ Qəza baş verib, birazdan aradan qaldırılacaq...” kimi sözləri Sabunçu rayonunda yaşayırsınızsa yəqin ki, gecələr yuxunuzda da eşidirsiniz. Ayın 20 gününü səhər 7-dən axşam saat 6 tamama qədər qaz yolu gözləməli olan əhali dərdinə əlac tapa bilmir. Artıq soyuq qış aylarını geridə qoysaq da, danılmaz faktdır ki, bu gün hələ də, bəzi rayon və qəsəbələrdə qazın verilişində fasilələr yaranır və yaxud çox zəif olur ki, bu da haqlı olaraq vətəndaşların etirazı ilə nəticələnir.

Belə ki, son zamanlar vətəndaşların əsasən şikayət etdiyi məsələ qazın verilməsinə məhdudiyyətlərin qoyulması və çox tez-tez kəsilməsidir. Xatırladaq ki, əvvəlki illərdə qış ayları ərzində əhali bir sıra problemlərlə yanaşı, mavi yanacağın dayandırılmasından da şikayətlənirdi. Bu zaman isə aidiyyəti orqanlar vəziyyətdən çıxmaq üçün min bir bəhanə gətirirdilər. Nəhayət, bu məsələ 2009-cu ilin son aylarında öz həllini tapdı. Dövlət başçısı "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeliyinə verilməsi haqqında sərəncam imzaladı.

Bununla da ölkədə neft-qaz sahəsində vahid idarəetmə sisteminin yaradılması, israfçılığın aradan qaldırılması istiqamətində zəruri addımlardan biri atıldı. Əhalinin təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində vacib tədbirlər həyata keçirildi. Həmin sərəncamın ardınca prezident "Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borcların silinməsi tədbirləri barədə" fərman imzaladı. Fərmanla əhalinin 2009-cu il oktyabrın 1-ə qədər istifadə etdiyi qaza olan borcu silindi. Bakı şəhəri Qaz İstismarı İdarəsinin tərkibində fəaliyyət göstərən rayon qaz istismar sahələri və Abşeron rayon Qaz İstismar Sahəsi hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi "Azəriqaz" İB-nin birbaşa tabeliyinə verildi. Görünür, sözü gedən rəsmi dövlət qurumu olan Sabunçu rayon qaz istismar idarəsi bu tabelikdən boyun qaçıra bilib ki, Bakının ən böyük rayonlarından olan və əhalinin sıx yerləşdiyi bölgəni yaşanmağa ağır hala gətirərək, buranı ibtidai icma cəmiyyəti qanunlarıyla idarə edir.

Onu da nəzərə alsaq ki, ən xırda problemin həllini belə prezidentdən uman toplumuq, deməli Sabunçu rayon Qaz İdarəsinin əliylə xalqı canından bezdirərək ölkə rəhbərliyinə qarşı mənfur, qarşısı alına bilməyəcək bir qiyama hazırlıq aparılır. Lider kimi isə Sabunçu Rayon qaz idarəsi rəhbərliyi göstərilir. Dəfələrlə şikayət məktubları, media orqanlarında işıqlandırılsada buna heç bir məhəl qoyulmur. Belə bir şikayət ərizəsi Altun.az (linkin üzərinə vuraraq səhifəmizə daxil ola bilərsiniz) xəbər portalımızın rəsmi feysbuk səhifəsinə daxil olub.

Sabunçu rayon Yeni Ramana qəsəbəsində yaşayan T. Məmmədov bizə ünvanladığı ərizəsində iddia edir: ”Rayon ərazisində qaz problemi demək olar hər gün yaşanmaqdadır. Sabunçu rayonu Qaz İstismar İdarəsinin rəhbərliyi tərəfindən törədilən əməlləri sözün əsl mənasında soyğunçuluqla müqayisə etmək olar. Məsələ bundadır ki, Sabunçu rayon Qaz İstismar İdarəsinin rəisi vətəndaşların təbii qaz yanacağı ilə təmin edilməsi üçün ayrılmış vəsaiti şəxsi mülkü kimi istifadə edir.”

Əlbəttə, ittihamlar hələ ki, hüquq mühafizə orqanları tərəfindən deyil, sadə vətəndaşlar tərəfindən irəli sürülür. Bununla belə bu ciddi iradlar heç də əsassız deyildir. Sakinlərin sözlərinə görə, qazın verilişində fasilələr yaranan zaman onlara təmir işləri gedir, yaxud borular yenisi ilə əvəzlənir deyilsə də, heç bir təmir işləri görülmür, nə də borular yeniləri ilə əvəzlənmir. Sənəd üzərində boruların təmir edilməsi, vəsaitlərin ayrılması qeyd olunsa da, heç bir təmir işləri görülmür. (Onu da qeyd edək ki, nədənsə təmir yalnız rayonun ancaq eyni yerində aparılır). Formal xarakter daşıyan 104, 521000058333, 425-36-17, 425-64-57, 521-00-00 nömrələrinə cavab verənlər isə sakinləri sözün əsl mənasında ötüşdürməklə məşğuldurlar.

Ortaya bir çox müəmma dolu sual doğur. Öz şəxsi cibiylə kartlarına pul vuran əhaliyə qaz nəyə görə gilə-gilə verilir? Xarici dövlətlərə neft qaz ixrac edən zəngin ölkənin vətəndaşına çatmalı olan haqlı qazı Sabunçu rayon qaz idarəsi hara və niyə xərcləyir? Əhalinin narazı salınmasında nəyə nail olmaq istəyirlər?

Görünür, Sabunçu rayon qaz istismar idarəsi təmir adıyla sənədlərdə qazın dayandırıldığını göstərib, borulara isə boş hava vuraraq əhalinin dövlətə ödədiyi vergidən də öz nəsibini almağı qərar tutub.

Məsələni gündəmdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Altun.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.