“Rusiya elitasının marağı Mehriban Əliyevanın şəxsiyyəti ilə bağlı idi” - Polad Bülbüloğlu

14-04-2015, 10:34           
“Rusiya elitasının marağı Mehriban Əliyevanın şəxsiyyəti ilə bağlı idi” - Polad Bülbüloğlu
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu aprelin 13-də virtualaz.org saytının suallarını cavablandırıb.

Səfir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın Moskva səfərinin yekunlarını şərh edib.

P.Bülbüloğlu Rusiya-Azərbaycan münasibətlərinin vəziyyətinə və gələcək inkişaf perspektivlərinə dair fikirlərini də bildirib. Səfir Rusiya prezidenti Vladimir Putinin uydurma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı İrəvana gözlənilən səfərinin Azərbaycan-Rusiya münasibətlərinə təsiri barədəki suallarımızı da cavablandırdı.

-İlkin təəssüratlar da göstərir ki, birinci ledi Mehriban Əliyevanın Moskvaya səfəri I Avropa Oyunlarının Rusiyadakı təqdimatı çox uğurla keçdi. Siz Mehriban xanımı Moskva səfərində müşayiət edirdiniz. Təqdimatı necə dəyərləndirərdiniz?

-Mehriban xanımın Moskva səfərini çox yüksək qiymətləndirirəm. Çünki bu səfər Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Birinci ledinin Rusiya paytaxtına səfəri böyük ictimai-siyasi rezonans doğurdu. I Avropa Oyunlarının təqdimat mərasimində Rusiya siyasi elitasının 350-dən çox görkəmli nümayəndəsi, mədəniyyət və incəsənət xadimləri, idmançılar iştirak etdi. Bu adamlar böyük siyasi çəkiyə və şəxsi nüfuza malik şəxslər idi. Dövlət Dumasının sədri Sergey Narışkin, onun müavini, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov, baş nazirin müavinləri, Rusiya prezidentinin müşavirləri, federal və regional hakimiyyət orqanlarının nümayəndələri, tanınmış rektorlar, görkəmli mətbuat nümayəndələri o tədbirə qatılmışdı.

Tədbirə 10 olimpiya və dünya çempionu - İrina Rodnina, Anatoli Karpov, Vyaçeslav Tretyak və s. bu kimi əfsanəvi idmançıların qatılması bizim üçün çox xoş idi. Diplomatik korpusun nümayəndələri də Mehriban xanımla görüşə gəlmişdi. Onların 20 nəfəri Avropa və MDB ölkələrinin səfirləri idi.

Əlbəttə, Rusiya elitasının tədbirə bunca böyük maraq göstərməsi ilk növbədə Mehriban xanımın şəxsiyyəti ilə bağlıdır. Birinci ledinin heç kimdə mübahisə doğurmayan və onun bütün fəaliyyətinə sirayət edən şəxsi nüfuzu, insaniyyəti, yüksək humanizmi bütün postsovet məkanında və ondan da kənarda hörmət və rəğbət doğurur. Mehriban xanım tədbirdə parlaq və məzmunlu bir çıxış etdi. I Avropa Oyunlarının tədimatı bir çox aparıcı Avropa ölkələrində - Almaniya, Britaniya, Fransa və digərlərində keçirilib. Məncə, Mehriban xanımın Moskvadakı çıxışı son illərin ən yaxşı çıxışı idi. Onun rus dilindəki parlaq nitqi gözəl ədəbi dildəki nitq idi. Sizi inandırıram ki, bizim birinci ledi Moskvada böyük rəğbət və dərin təəssürat doğurdu. Tanınmış rusiyalılar Mehriban xanıma yaxınlaşaraq Azərbaycanın inkişafı, Bakının müasirləşməsi barədə ağızdolusu danışırdılar, ölkəmiz haqda təəssüratlarını dilə gətirirdilər. Bir sözlə, bu tədbir əsl bayram idi.

Təqdimat mərasiminə qədər isə ölkəmizin Avropa Oyunlarına necə hazırlaşmasından bəhs edən sərgi keçirilmişdi. Tədbirdə idman obyektlərinin tikintisi haqda film göstərildi. Bu film ən yüksək dünya standartlarına cavab verir.

Mehriban xanım bu təqdimat mərasimi ilə Rusiya-Azərbaycan münasibətləri inkişafına ciddi töhfə verdi.

Səhərisi gün isə İTAR-TASS-ın redaksiyasında aparıcı Rusiya nəşrlərinin baş redaktorları ilə görüş keçirildi. Görüş qeyri-formal şəraitdə keçirilirdi. Belə formatdakı görüşlərdə adətən açıq, səmimi söhbətlər olur. Mehriban xanım Azərbaycan prezidentinin Moskvaya rəsmi səfərlərinin birində İlham Əliyevlə bərabər belə görüşlərin birində bir dəfə iştirak etmişdi. Budəfəki görüşdə isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım iştirak edirdi. Görüşdə söhbət əsasən Avropa Oyunlarına hazırlıq işlərindən getdi.

Bilirsinizmi, Mehriban xanımın çox heyrətamiz keyfiyyəti var. O, öz ətrafında elə xeyirxah, xoş aura yaradır, həmsöhbətlərini elə valeh edir ki, bu zaman hər hansı tikanlı sual verməyin yeri olmur. Mehriban xanım bu görüşdə də çox səmimi və təbii idi. Rusiyanın aparıcı KİV-lərinin 22 rəhbərinin - Rusiyada ictimai rəyi formalaşdıran adamların bu görüşə qatılması faktından zərrə qədər də sıxılmırdı. Sonra o, Dmitri Kiselyova və “Rossiya-24” telekanalına müsahibələr verdi.

-Mehriban xanımın Moskvaya səfərindən bir neçə gün əvvəl Moskvadakı mötəbər mənbələrdən bizim saytın redaksiyasına belə məlumat verilmişdi ki, Azərbaycanın birinci ledisi ilə Rusiya prezidenti görüşəcək. Bu görüş niyə baş tutmadı?

-Mən sizin saytınızı oxuyuram. Bu xəbəri oxuyanda bərk təəccüblənmişdim. Belə görüş heç əvvəldən rəsmi səviyyədə planlaşdırılmamışdı. Sizin redaksiyaya zəng etmək istədim. Amma sonra düşündüm ki, ola bilsin belə görüşə dair hansısa şəxsi razılaşma var. Ona görə də səfərin başlamasına qədər gözləməyi qərara aldım.

Mehriban xanım Moskvaya gələndə ondan bu informasiya barədə soruşdum. Amma o, bunu dərhal təkzib etdi. Yəni belə bir görüş heç əvvəldən planlaşdırılmamışdı. Bu məlumatın haradan çıxdığını bilmirəm.

-Yeri gəlmişkən, Putinin uydurma “erməni soyqırımı”nın 100 illiyi tədbirlərində iştirak etmək üçün İrəvana səfəri Azərbaycanda geniş müzakirə olunur. Bu səfərin Rusiya-Azərbaycan münasibətlərinə hansı təsiri ola bilər?

-Çox güman ki, heç cür təsir etməyəcək. Əvvəla, Rusiya prezidentinin mətbuat katibinin son bəyanatına əsaslansaq, bu məsələyə dair hələ qəti qərar verilməyib. Yəni Putinin İrəvana gedib-getməyəcəyi hələ bəlli deyil. Bilirəm ki, Rusiya Çanaqqala zəfərinin 100 illiyi tədbirlərində yüksək səviyyədə təmsil olunacaq. Prezident ora getməsə də hər halda yüksək səviyyəli nümayəndə heyəti gedəcək.

Əgər Putin İrəvana getsə də burada Azərbaycan üçün qorxulu heç nə yoxdur. Bu səfərə Rusiya-Ermənistan münasibətləri kontekstindən baxmaq lazımdır. Erməni diasporu və erməni apostol kilsəsi Moskvada böyük təsirə və imkanlara malikdir. Onlar Rusiyada “genosid”lə bağlı nəhəng tədbirlər seriyası planlaşdırır və hazırlayır. Özü də onlar bu tədbirə bir neçə ildir hazırlaşır. Heç kimə sirr deyil ki, Rusiya hələ I Pyotr və Yekaterina dövründən bəri erməni məsələsini hər vasitə ilə dəstəkləyir. Bu gün isə Ermənistan Rusiyanın Cənubi Qafqazdakı forpostu sayılır. Ermənistan Avrasiya İttifaqına da daxil olub. Ona görə də bu səfərə, - əgər o, baş tutsa,- təəccüblənməyə dəyməz.

Azərbaycanın öz yolu var. Bizim prezidentimiz də dəfələrlə bəyan edib ki, Azərbaycan suveren, müstəqil xarici siyasət yürüdür, öz müstəqilliyinin qədrini bilir, onu uca tutur. Mən dünyanın ən böyük ölkələrinin birindəki səfir kimi dövlət başçımızın bu sözlərini inamla təsdiq edirəm. Doğrudan da belədir! Azərbaycan öz milli və dövləti maraqlarını qorumaqla müstəqil siyasət yürüdür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.