SOCAR-ın fəhlələri kömək üçün Rövnəq Abdullayevə müraciət etdilər... - Şikayət var...

14-04-2015, 10:38           
SOCAR-ın fəhlələri kömək üçün Rövnəq Abdullayevə müraciət etdilər... - Şikayət var...
Neçə gün əvvəl redaksiyamıza ARDNŞ-nin «Neftqaztikinti» Trestinin işçiləri adından daha bir şikayət məktubu göndərilmişdi… Sonra isə onların bir neçəsi redaksiyamızda oldular. Hələlik məlum səbəbdən adlarını təqdim etmədiyimiz işçilərin ARDNŞ Prezidenti R.Abdullayevə ünvanlı müraciətində daha bir diqqətiçəkən məqamlar yer alıb. «Təzadlar» qəzeti redaksiyasına və NHMT-nin sədri Mirvari xanım Qəhrəmanlıya minnətdarlıq ruhunda yazılmış məktubda, həm də ARDNŞ Prezidenti R.Abdullayevdən kömək istənilir.
Məktubda sərt ittihamlar və araşıdırılıb dəqiqləşdirilməsi vacib məqamlar olduğundan hələlik kiçik ixtisarla təqdim edirik:
-ARDNŞ Prezidenti R.Abdullayevə!
Surəti: NHMT-nin sədri Mirvari xanım Qəhrəmanlıya!
Surəti: «Təzadlar» qəzeti redaksiyasına!
Çox hörmətli Rövnəq müəllim!
Bizim müraciət etdiyimiz «Təzadlar» qəzetində şikayətimiz dərc olunandan sonra sosial problemlərimizin həlli istiqamətində müsbət dəyişiklikləri hiss etməkdəyik. SOCAR-dan aldığımız məlumata görə şikayətimiz araşdırılır, inanırıq ki, obyektiv nəticəyə gəlinəcək, biz neftçilərin halal haqqı özünə qaytarılacaq. Axı neftçıxarmanın, özü də dənizdə necə çətin və əziyyətli iş olduğunu Siz də yaxşı bilirsiniz.
Hörmətli Rövnəq müəllim!
Bildiririk ki, problemlərimizin getdikcə böyüməsi, sonradan mətbuata çıxmasının əsas baiskarı çalışdığımız «Neftqaztikinti» Trestinin müdiri Mirkazım Abbasovda, onun sosial məsələlər üzrə müavini Həmif Qurbanov və trestin həmkarlar təşkilatının sədri Elşad Cəbrayılovdadır. Niyə belə qənaətdəyik? Ötən şikayətlərimizin mətbuatda çıxmasından əvvəl biz trestin müdiri Mirkazım Abbasova bu barədə müraciət etdik. O isə işçilərə açıq şəkildə deyibdir ki, «Bütün bu işlərin heç biri məndən asılı deyil, şirkətin vitse-prezidenti Mikayıl İsmayılovdan, bir də şirkətin prezidenti Rövnəq Abdullayevdən asılıdır, onların səlahiyyətlərindədir. İşçilər soruşub ki, axı siz özünüzdən asılı olanı edin, həmkarların sədri Elşad Cəbrayılova tapşırın, qərar qəbul etsin, tədbir görsün. Axı, o, hansı günün həmkarıdır? Mirkazım Abbasov isə deyib ki, mənim bunlara əlim çatmır, vaxtım da yoxdur, gedin mətbuata müraciət edin. Biz də sonra məcbur olub, əlimiz hər yerdən üzüləndən sonra qəzetə müraciət etdik. Sonradan başa düşdük ki, Mirkazım Abbasov «haqlı imiş», həqiqətən də onun da, həmkarın sədrinin də, müavini Həmif Qurbanovun da biz neftçilərin problemlərinə diqqət ayırmağa vaxtı yoxdur. Çünki Mirkazım Abbasovun başı Qusardakı mülkünə, Bakıdakı restoranına və mağazasına, şirkətin «Qazixracı» İdarəsində tikintidən yaxşıca pul qazanan firmasına qarışıb, nəyinə lazımdır ölkənin neft çıxaranları acdır, ya toxdur. Eləcə trestin həmkarlar təşkilatının sədri Elşad Cəbrayılov. Bu adamın bizi görməyə gözü yoxdur. Bir söz deyəndə, deyir ki, Prezident İlham Əliyevə teleqram vurun, mənim şirkətə gücüm çatmır. Bu təxribat deyilmi? Çünki onun da gözü şirkətin «Qazixracı» İdarəsində tikintidən yaxşıca pul qazanan firmasına dikilib, yaxşıca pulunu qazanır, Qusarda da müdiri Mirkazım Abbasovla birlikdə villasında lazım olanda istirahət edirlər… Mirkazım Abbasovun sosial məsələr üzrə müavini Həmif Qurbanov da müdirdən geri qalmır, onun da Qusarda malikanəsi və Dövlət Neft şirkətinin «Qazixracı» İdarəsində tikinti sahəsində iş yerinə yetirən firması var.
Hörmətli Rövnəq müəllim!
Bu rəhbər işçilərə Siz etimad göstərmisiniz, amma onların buradakı fəaliyyətini görsəniz həbslərinə göstəriş verərsiniz. Mirkazım Abbasovdan soruşun, niyə bizimlə birlikdə yeməkxanada yemək yemir, özünə ayrıca yemək hazırlatdırır? Niyə biz neftçilər yatan kazarmada o da yatıb dincəlmir? Necə olur, bizim çıxardığımız nefttin puluna şərik ola bilir, pullar qazana bilir, amma bizim adicə problemimizə şərik ola bilmir??? Bir söz deyəndə də deyirlər ki, qəzetə yazın, Prezident İlham Əliyevə teleqram vurun. Bəs onda bu müdirlər dəstəsi Neft Daşlarında kimə lazımdır? İnarıqı ki, lazımi tədbirlər görəcəksiniz.
Redaksiyadan: İttihamlara münasibətini öyrənmək üçün «Neftqaztikinti» Trestinin müdiri Mirkazım Abbasovla əlaqə saxlamaq cəhdimiz baş tutmur. O, telefon zənglərimizə cavab vermir. Onun da əsaslandırılmış mövqeyini dərc etməyə hazırıq.
Xatırladaq ki, "Neftqaztikinti" tresti ARDNŞ-nin müəssisə və təşkilatları tərəfindən həyata keçirilən neft-qaz əməliyyatları çərçivəsində dərin, dayaz dəniz neft-qaz yataqlarında və quruda təmir və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi məqsədilə 1949-cu ildə yaradılmışdır. Hazırda Trestin tərkibinə müxtəlif profilli 8 Tikinti-Quraşdırma İdarəsi, İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi, Yol Tikinti-Təmir İdarəsi, Səyyar Mexanikləşdirilmiş İdarə, Dəmir-Beton Məmulatları Zavodu, Avtonəqliyyat İdarəsi, Xüsusi Texnika İdarəsi, Anbar Təsərrüfatı İdarəsi, Gürcüstan Nümayəndəliyi, Abu Dabi Filialı, İqtisadiyyat və Uçot Departamenti, Keyfiyyətə Nəzarət Departamenti və Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Mərkəzi daxildir. Hal-hazırda Trest Azərbaycan Respublikasının bütün regionlarında, o cümlədən "Günəşli" və "Neft Daşları" yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və başqa adalarda və onların ətrafında müxtəlif sifarişçi təşkilatlar (o cümlədən ARDNŞ-nin digər təşkilatları) üçün podratçı olaraq çoxsaylı işləri və xidmətləri yerinə yetirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.