Bakı apteklərində xəstə “qıtlığı” yaşanır

9-09-2017, 09:28           
Bakı apteklərində xəstə “qıtlığı” yaşanır
Qiymətlərlə bağlı satıcılarla alıcıların fikirləri ziddiyyətlidir

Son zamanlar apteklərdə dərman vasitələrinin tapılmaması və yaxud da qiymətlərinin baha olması ilə bağlı məsələ yenidən gündəmə gəlib. Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi də açıqlama verərək bildirib ki, dərman vasitələrinin təsdiq edilmiş qiymətlərdən aşağı və ya yuxarı qiymətlərlə satışına görə İnzibati Xətalar Məcəlləsində vəzifəli şəxslərə 1000 manatdan 1500 manatadək, hüquqi şəxslərə 3000 manatdan 5000 manatadək cərimə nəzərdə tutulur.

Eyni zamanda “Dərman vasitələri haqqında” Qanununa əsasən, qiymətləri tənzimlənmiş dərman vasitələrinin istehlakçılara fərqli qiymətlərlə satışı qadağandır.


Dərman vasitələrinin satışında ümumi vəziyyəti öyrənmək üçün “Yeni Müsavat”ın əməkdaşı olaraq, bir neçə aptekdə olduq. Əczaçı və alıcılarla söhbət edib, bəzi məlumatlar əldə etdik.

Əczaçılar son zamanlar Tarif Şurası tərəfindən qiymətlərə ciddi nəzarət edildiyi bildirdilər. Onların sözlərinə görə, tez-tez apteklərdə qiymətlərlə bağlı yoxlamalar da aparılır. Çox qəribədir ki, bəzi əczaçıların şikayətləri müştəri azlığından oldu. Əczaçı Kəmalə bildirdi ki, son zamanlar dərman alanların sayı xeyli aşağı düşüb: “Qiymətlərdə hər hansı bir artım ola bilməz. Çünki bununla bağlı həm nazirlik, həm də Tarif Şurasının əməkdaşları tərəfindən apteklərə ciddi nəzarət olunur. Ona görə də heç bir dərmanı müəyyən olunmuş qiymətindən baha satmırıq. Qiyməti tənzimlənməyən dərman vasitələrinə gəldikdə isə onların da dəyəri, hər yerdə eynidir. Təkcə problem odur ki, dərman satışı çox aşağı səviyyədədir, alıcı yoxdur”.

Əczaçının fikrinin əksinə olaraq alıcılar bildirirlər ki, qiymətlər az da olsa bahalaşıb. Alıcıların sözlərinə görə, şəhərdə xüsusilə xəstəxanalara yaxın ərazidə yerləşən və “Zəfəran”, “Zeytun”, “AvroMed” kimi tanınmış apteklərdə qiyməti tənzimlənməyən dərman vasitələri digər apteklərlə müqayisədə 30-60 qəpik baha satılır. Bakı sakini Ənvər Musayev bildirdi ki, aldığı dərmanların qiyməti devalvasiyadan sonra 2-3 manat bahalaşıb:


“Ümumiyyətlə, apteklərdə son zamanlar bir hal müşahidə edilir. Əksər xaricdən gələn dərmanları məhəllə içində yerləşən apteklərdə tapmaq olmur. Bildirirlər ki, bu dərmanları gətirmək bizə sərf etmir. Həmin dərmanların çoxu uşaq üçün və ya spesifik xəstəliklər üçün olan dərmanlardır. Eyni zamanda tanınmış apteklərdə Tarif Şurası tərəfindən tənzimlənməyən dərmanların qiyməti fərqlidir. Məsələn, ”Avromed"də bir başqadır, “Zeytun”da bir az ucuzdur. Məhəllə apteklərində isə daha da ucuz satılır. Deyirlər ki, qiymətlərdə hər hansı bir artım yoxdur. Yalan danışırlar hamısı. Adicə qrip üçün hər kəsin aldığı toz formasında olan dərmanların qiyməti 2 dəfədən də çox bahalaşıb. Əvvəllər 50 qəpik idi, indi olub 1 manat və ya 1 manat 20 qəpik. Nəvəmə dərmanlar alırdım, indi onlar da bahalaşıb. Yəni əczaçılar gizlətsələr də qiymət artımı var və davam edir. Eyni zamanda şəhərin mərkəzində yerləşən apteklərdə adicə ağrıkəsicini tapa bilmirsən. Aptekləri diş pastası, gün eynəyi, saç geli kimi vasitələrlə doldururlar, ancaq baxırsan ki, adicə dərmanı tapmırsan. Bütün bunlara nəzarət edilməlidir".


Aptekdə söhbət etdiyimiz digər alıcılar da qiymətlərdən narazılıqlarını bildirdilər. Onlar qeyd etdilər ki, xəstələnməkdən qorxurlar: “Qiymətlər Azərbaycan vətəndaşının cibinə uyğun deyil. Qadın üçün dərmanlar daha çox bahalaşıb”, deyən alıcı xanımlar bir neçə dərmanı da göstərərək bildirdilər ki, bu dərmanların qiymətində artım var. Onların içərisində “Urojestan”, “Eutiroks”, “Agolutin” kimi dərmanları qeyd etdilər.

Əczaçılarla söhbətimiz zamanı onlar bunu da etiraf etdilər ki, dərman vasitələri xaricdən gətirildiyi üçün bəzilərinin qiymətində artım olur. Əczaçılar bu halı manatın məzənnəsində dollara nisbətdə ucuzlaşmanın olması ilə əsaslandırdılar. Bildirdilər ki, dollar manata nisbətdə bahalaşarsa bəzi dərmanların qiymətində yenə artım olacaq...

Onu da qeyd edək ki, İstehlakçılara dərman alarkən qiymətlərə diqqət yetirməyi, dərman vasitələrinin dövlət tərəfindən təsdiq olunmuş qiymətlərdən fərqli qiymətlərlə satışı halları ilə rastlaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat verə bilərlər.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.