BP-nin qalmaqallı podratçısı Azərbaycanı tərk edir

14-04-2015, 13:06           
BP-nin qalmaqallı podratçısı Azərbaycanı tərk edir
“BP-Azərbaycan” şirkətinin podratçısı olan ASCO şirkəti Azərbaycanı tərk edir.

Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, şirkət iyunda fəaliyyətini dayandıracaq. Şirkətin funksiyasını isə “Boss Şelf” şirkəti həyata keçirəcək: “ASCO-da ixtisarlar oldu, yerli işçilər arasında qeyri-qanuni işdən azad olunanlar var. Artıq bununla bağlı şirkət məhkəməyə verilib. Lakin bizi narahat edən məsələ odur ki, məhkəmə bu işçilərin hüquqlarını bərpa edərsə, işçilərə dəyən ziyan necə ödəniləcək?”

Təşkilat rəhbəri qeyd etdi ki, ASCO ixtisarlar apararkən işçilərə əvvəlcədən xəbərdarlıq olunmayıb, onlara bildirişlər təqdim edilməyib: “ASCO Azərbaycan qanunvericiliyini tanımır, Əmək Məcəlləsinin tələbləri yerinə yetirilmir. Buna görə də tədbir görülməsi üçün şirkətin baş ofisinə müraciət edilib. Bundan əlavə, beynəlxalq qeyri-hökumət təşkilatlarına müraciət edərək ASCO-nun insan haqqlarına hörmətsizliyini dünya ictimaiyyətinə çatdırmalarını xahiş etmişik”.

ASCO neft-qaz sektorunda işləyən şirkətlərə logistika xidmətləri göstərən beynəlxalq şirkətdir. Azərbaycanda “ASCO Caspian Holding” adı altında nümayəndəliyi fəaliyyət göstərir. Şirkət indiyədək Azərbaycanda BP-nin başçılıq etdiyi beynəlxalq konsorsiumun əsas podratçılarından biri idi və dəniz neft-qaz platformalarının tikintisi, materialların alınması, mühəndis və logistika xidmətləri ilə məşğul olurdu.

Lakin “Şahdəniz-2” yatağının işlənməsi çərçivəsində bu şirkətə sifarişlər verilməyib. Sifarişlər yarısı SOCAR-ın offşor törəmə şirkətinə məxsus olan “Bos Shelf” şirkətinə verilib və dəniz platformalarının inşasını, materialların alınmasını və digər işləri həmin şirkət yerinə yetirəcək. Nəticədə ASCO işsiz qalıb və Azərbaycanı tərk etməli olacaq. Şirkətdə 400-ə yaxın işçi çalışır və onların əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. ASCO-nun Azərbaycanda fəaliyyətini dayandırmağa hazırlaşması barədə məlumata şirkətin ofisindən şərh almaq istəsək də “rəhbərliyin məşğul olduğunu” bildirdilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.