Hacıbala Abutalıbov penoplast əməliyyatından milyonlar qazanır - Bəlasını isə binəva camaat çəkir...

14-04-2015, 13:15           
Hacıbala Abutalıbov penoplast əməliyyatından milyonlar qazanır - Bəlasını isə binəva camaat çəkir...
Bir neçə gün əvvəl Bakının Nobel prospektində, daha dəqiq desək "Nargilə" kafesinin yaxınlığında yerləşən 9 mərtəbəli bina yanıb külə döndü. Həmin binanın da şəhərdəki bəzi binalar kimi üzəri plastik örtüklə örtülüb. Yanğın da bu süni örtüyə quraşdırılmış işıqlandırma sistemi səbəbindən baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib ki, yanğın binanın fasadından başlayıb:

"Hava küləkli olduğundan qısa müddət ərzində geniş ərazini əhatə edib. Binanın fasad hissəsi tamamilə, iki mənzil və prospektə baxan hissədəki bir neçə eyvan yanıb. Yanğınsöndürənlər 3 nəfəri xilas ediblər. Onlara ilkin tibbi yardım göstərilib". Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov isə deyib ki, binada 107 mənzil var: "Burda 408 nəfər yaşayır. Hazırda neçə mənzilə ziyan dəydiyi dəqiqləşməyib. Bu dəqiqləşmə aparılandan sonra kompensasiya məsələsinə də baxılacaq". İcra başçısı deyib ki, sakinlərdən bəziləri yaxın qohumlarının evində gecələyəcəklərini bildiriblər: "İstəyənləri yerlə təmin edəcəyik". Yanan binanın sakinləri isə aksiya keçiriblər. Xətai rayon icra hakiminin birinci müavini Rafiq Quliyev sakinlərlə görüşərək onların kirayə evlərdə yerləşməsi üçün lazım olan vəsaitin ödəniləcəyini və ən qısa zamanda yanan mənzillərin təmir olunaraq təhvil veriləcəyini bildirib.

O qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət komissiya binaya baxış keçirir, dəymiş ziyanı qiymətləndirir. Daha sonra sakinlərə veriləcək kompensasiyanın həcmi müəyyənləşdiriləcək. Lakin sakinlərin yerləşdirilməsi üçün icra hakimiyyəti tərəfindən heç bir yer ayrılmayıb. Yaxınlıqda qohumu olmayan sakinlər küçədə gecələməli olublar. Sakinlərdən bəziləri yanmış evlərdə qaldıqlarını bildiriblər. Baş vermiş yanğın hadisəsi binaların fasad hissəsinə süni örtüklərin nəyə görə vurulması məsələsini yenidən aktuallaşdırıb. Məlum olduğu kimi, son vaxtlar Bakıda yol kənarında yerləşən köhnə binaların fasadı süni üzlüklə örtülür.

Minlərlə insanın həyatı risk altındadır

Xətai rayonundakı binanın fasadının bir anda od tutub yanması Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən binalara çəkilən üzlüklərin insanların həyatı üçün nə qədər təhlükəli olduğunu ortaya qoydu. Bu haqda mətbuatda dəfələrlə məlumat verilsə də, rəsmi qurumlar heç bir önləyici tədbirlər görməyiblər. Məhz buna görə də bədbəxt hadisələr qaçılmaz olur. Ekspertlər də həmçinin dəfələrlə çıxış edərək binaların penoplast materialı ilə üzlənməsinin çox təhlükəli olduğunu vurğulayıblar. Amma şəhər meri Hacıbala Abutalıbov buna əhəmiyyət verməyib. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, binaların fasad hissəsinə vurulan süni örtüklər Çindən gətirilir. Kauçuk üzlüklər tezalışan materiallardan hazırlanır və buna görə də insanların həyatı üçün böyük təhlükədir. Eyni zamanda bu üzlüklər çəkildikdən sonra mənzillərin havalanmasında da ciddi problemlər yaranır. Bu məsələnin dəfələrlə qaldırılmasına rəğmən, mütəxəssislərin rəyi nəzərə alınmayıb. Binaların fasadına vurulan bu plastik üzlüklər günəş şüası ilə də alışa bilir. Çox ağır kimyəvi materialdan hazırlanan penoplastlar şəhərimiz üçün əməlli-başlı təhlükə törədir. Paytaxtda yüzlərlə süni örtüklə üzlənmiş binanın olduğunu nəzərə alsaq, deməli minlərlə insanın həyatı risk altındadır. Bakıda yerləşən və üz hissəsi süni örtüklə üzlənən binalarda hər an yanğın hadisəsi baş verə, ciddi tələfat qeydə alına bilər. Mütəxəssis rəylərinə məhəl qoymayan Hacıbala Abutalıbov binaların kağız kimi yanma xüsusiyyətinə malik penoplast materialları ilə fasadlanmasına zəmin yaradır. Maraqlıdır ki, binalara üzlük kimi vurulan bu penoplastlara sonradan aqlay daşları rəngində boya çəkilir. Yəni kənardan baxanda binaların fasadına aqlay daşların vurulması təsəvvürü yaranır. Başqa sözlə desək, Hacıbala müəllim bu yolla yuxarıları aldadır.

Əslində, paytaxtdakı binaların fasadlarının aqlay daşları ilə üzlənməsi nəzərdə tutulub

Araşdırmalar nəticəsində binaların nəyə görə süni örtüklə fasadlanmasına da aydınlıq gətirdik. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, şəhər meri Hacıbala Abutalıbov binalara süni fasad vurdurmaqla külli miqdarda gəlir götürür: "Əslində, paytaxtdakı binaların fasadlarının aqlay daşları ilə üzlənməsi nəzərdə tutulub. Şəhərin mərkəzində ötən ilin ortalarına qədər üzlüyü dəyişdirilən binaların əksəriyyətində məhz aqlay daşlarından istifadə olunub. Lakin sonradan hansısa səbəbdən binaların fasadlarının Çindən ucuz qiymətə alınıb gətirilən penoplast materialı ilə üzlənməsinə qərar verilib. Şəhərin ətrafında yol qırağında, görünən yerdə yerləşən bütün binaların üzünə penoplast material vurulur. Paytaxt meri bu işdə çox böyük qanun pozuntusuna yol verir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti sənəddə binaların aqlay daşları ilə üzlənməsini qeyd edir, lakin fasadlara süni örtük vurulur. Çindən alınan süni örtüklər aqlay daşla müqayisədə qat-qat ucuzdur. Beləliklə, Hacıbala Abutalıbov və paytaxt rayonlarının bəzi icra başçıları əlbir olaraq dövlətin büdcəsinə böyük ölçüdə ziyan vururlar". Hacıbala Abutalıbov və Razim Məmmədov həmçinin binaların üzlənməsi zamanı 2009-cu ildə qəbul edilən Mənzil Məcəlləsinin tələblərini pozublar. Mütəxəssislərin fikrincə, sözügedən məcəlləyə əsasən, binanın idarəsi sakinlərə verilməlidir və onlar təmirlə bağlı qərar qəbul etməlidir: "Tender keçirilməlidir ki, hansı şirkətin təmiri həyata keçirəcəyini sakinlər seçsinlər. İndi bu baş verən yanğına görə dəymiş zərəri o binanı təmir edən İcra Hakimiyyəti ödəməlidir. Bu kompensasiya ona görə ödənilməlidir ki, yanğın hadisəsi birbaşa onun səhvi ucbatından baş verib. Bir neçə ildir fasad örtüyü köhnə və yaxşı görünməyən binaların üzərinə tez alışan penoplastları vurmağa başladılar. Bunun vurulmasında məqsəd ucuz və ən əsası, tez başa gəlməyi idi. Amma göründüyü kimi bu cür düşünülməmiş, düzgün hesablanmamış addım necə faciəyə səbəb oldu. Bu baxımdan binaların üzərinə vurulan bu penoplast örtük əsl təhlükə mənbəyinə çevrildi. Bundan dərhal imtina etmək lazımdır. Bu örtüyün heç bir xeyri yoxdur və heç bir davamlı keyfiyyətə də sahib deyil. Bu işi görənlər sadəcə işlərini rahat etmək üçün bu cür təhlükəli addımlara gediblər. Binaların fasad örtüyünü çox təhlükəsiz və təcrübədən keçən sadə suvaqla da təmir edə bilərdilər".

"Bizim evlərimizi Hacıbala Abutalıbov yandırdı"

Xətaidə yanan binanın sakinlərindən biri isə Hacıbala Abutalıbova daha sərt etirazını bildirib: "Bütün məsuliyyət ondadır. Bu işin biznesi də, gəliri də ona gedir. Biz məhz Hacıbala Abutalıbovun günahı ucbatından bu fəlakəti yaşadıq. Bizim evlərimizi Hacıbala Abutalıbov yandırdı. Özü gəlib kibrit çəkməsə də, məhz onun əməlləri və tamahı nəticəsində küçələrdə qaldıq, hər şeyimizi itirdik". Qeyd edək ki, birbaşa Hacıbala Abutalıbovun nəzarətində olan bu bəzəmə prosesində ancaq görünüş düşünülür. Binalarda yaşayanların sağlamlığı, həyatı qətiyyən nəzərə alınmır. Bir də ki, Hacıbala müəllim üçün sadə vətəndaşların həyatının nə önəmi var axı? Şəhər merinə əsas lazım olan maddi maraqlarıdır. Fikrimizcə, Nobel prospektində yanan təkcə bina deyildi, dövlət büdcəsinin külli miqdarda vəsaiti də yandı. Amma hələlik baş vermiş hadisəyə görə nə Hacıbala Abutalıbov, nə də Razim Məmmədov məsuliyyətə cəlb ediliblər. Əslində isə qeydə alınmış dəhşətli yanğına görə hər iki icra başçısı yuxarılar qarşısında cavab verməli idi. Gəlin ümid edək ki, Hacıbala müəllim və digər icra başçıları binaların penoplastla üzlənməsindən vaz keçəcək və dövlətin bu işlər üçün ayırdığı vəsaitləri təyinatı üzrə xərcləyəcəklər. \\ GünBakı \\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.