Sabirabad təhsilində dəhşət...

14-04-2015, 15:31           
Sabirabad təhsilində dəhşət...
Sabirabad rayonunun təhsil şəbəkəsinə daxil olan müəssisələrin bir çoxunda acınacaqlı vəziyyət yaşanır. Bu haqda mətbuatda dəfələrlə məlumat verilib. Lakin bu vaxta kimi Sabirabad Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Elman Bünyadovun barəsində heç bir tədbir görülməyib.

Elə buna görədir ki, rayonda fəaliyyət göstərən təhsil ocaqlarının yetərli hissəsində vəziyyət gündən-günə daha da pisləşir. Dünən Sabirabad rayonu Qaragüney kənd 2 saylı tam orta məktəbində yaşanan problemlərlə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Adının açıqlanmamasını istəməyən mənbənin bildirdiyinə görə, məktəbdə bədən tərbiyəsi fənnini tədris edən Əhmədov Vüsal İbrahimxəlil oğlu qanundan kənar işlərlə məşğuldur: "Vüsal Əhmədov 2 saylı tam orta məktəbdə guya idman müəllimi işləyir. Onun atası da həmin məktəbin müəllimidir. Vüsal Əhmədov təhsil sahəsinə tamamilə yad adamdır. Belə ki, o müəllimlik fəaliyyətindən daha çox başqa işlərlə məşğul olur. Onun Şirvan şəhərində mənzili var. Həmin mənzildə xoşagəlməz işlər həyata keçirilir. 2014-cü ilin yay aylarında Vüsal Əhmədov əslən Gəncə şəhərindən olan bir şəxsin Şirvana dəvət edib. Onlar internet vasitəsilə tanışolublar. Həmin şəxs Vüsalın dəvətini qəbul edib. Görüş zamanı Vüsal Əhmədov onun əlindəki çantanı götürərək qaçıb. "İdman müəllimi" qardaşına məxsus avtomobilin qarşısında şəkil çəkdirərək ona göndəribmiş. Həmin şəxs sonradan Vüsal Əhmədova zəng vurub ki, gətir heç olmasa 10 manat yol pulu ver çıxım gedim, yoxsa səni polisə verəcəm. Sonradan bu şəxs Vüsal Əhmədovun barəsində Daxili İşlər Nazirliyinə şikayət edib. Oktyabr ayının 5-də Şirvan şəhərində o qardaşının maşınında saxlanılıb və istintaqa cəlb olunub. Daxili İşlər Nazirliyinin əməkdaşları "müəllim"in barəsində Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi açıblar. Vüsal Əhmədov bundan əvvəl də saxlanılıb. Belə ki, o 2005-ci ildə Qaragüney kəndində dövlətə məxsus elektrik xətlərini oğurlayıb əlvan metal kimi satmışdı. Həmin vaxt 250 saat islah işlərinə məhkum edilmişdi. Buna baxmayaraq, hələ də özbaşına əməllərindən əl çəkmir. Əslində, sonuncu hadisə ilə bağlı Əhmədov Vüsal İbrahimxəlil oğlu həbs olunmalı idi. Lakin nəyinsə qarşılığında Şirvan Şəhər Məhkəməsi onu 2 il müddətinə islah işlərinə məhkum edib". Məlumatda bildirilir ki, Ədliyyə Nazirliyinin Sabirabad icra bölməsinin icra məmuru Vüsal Qasımovun imzası ilə Sabirabad rayon icra başçısının Qaragüney kənd inzibatı dairəsi üzrə nümayəndəsinə 03 mart 2015-ci il tarixdə bildiriş göndərilib: "Bildirişdə yazılır ki, hökmün icrası ilə əlaqədar məhkumun davranışına nəzarət etmək üçün ona hami tərbiyəçinin təyin edilməsinə sərəncam verməyinizi xahiş edirəm. Əgər məhkumun barəsində sizə cəza müddəti ərzində hər hansı şikayət daxil olarsa və ya yaşayış yerini dəyişərsə, bu barədə Sabirabad rayon icra bölməsinə rəsmi məlumat verilməlidir. Belə bir adamın məktəbdə işləməsi heç cür mümkün deyil. Onun valideynləri işin üstünü ört-basdır etməyə çalışırlar. Bu məqsədlə Vüsalın atası, keçmiş icra nümayəndəsi İbrahimxəlil müəllim təhsil şöbəsinin müdiri Elman Bünyadovla razılıq əldə edib. Bu səbəbdən şöbə müdiri Vüsalı işdən kənarlaşdırmayıb. İbrahimxəlil müəllim də Qaragüney 2 saylı tam orta məktəbdə işləyir. Soyğunçuluqda ittiham edilərək 2 il müddətinə islah işlərinə məhkum edilmiş bir şəxs uşaqlara necə tərbiyə, təhsil verə bilər? Bu sadəcə dəhşətdir. Təhsil şöbəsinin və məktəbin rəhbərliyi işi gizlətməyə çalışır. Məktəbin direktoru Çingiz Ağacanov Vüsal Əhmədovu işdən çıxarmağa qorxur. Bu adamlar sanki məktəbi özəlləşdiriblər. Vüsalın atası, anası, bacısı və digər yaxın qohumları məktəbdə işləyir. O atasının puluna arxayın olub qanunsuz işlər törədir. Kənd camaatı belə bir adamın məktəbdə işləməsinə razı deyil". Məsələyə aydınlıq gətirmək üçün Sabirabad RTŞ-nin (02123) 5 50 14 nömrəli əlaqə telefonuna dəfələrlə zəng vursaq da, dəstəyi qaldıran olmadı. Hər halda, Təhsil Nazirliyinin rəsmiləri səsləndirilən ittihamlara dərhal aydınlıq gətirməlidir. Adı xoşagəlməz işlərdə hallandırılan müəllim məktəbdə işləməməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.