MTK-lar sakinlərin başına necə oyun açır...
14-04-2015, 21:35
Binəqədi rayonu C.Xəndan küçəsi 1 ünvanda yerləşən çoxmənzilli yaşayış binasının sakinləri tərəfindən şikayət məktubu daxil olub. Bina sakinləri «Mebelçi» MTK-nın rəhbərliyinin kommunal xidmət pulu yığmasından narazılıq edirlər. Sakinlər əsasən su, kommunal xidmət haqlarının çoxluğu və pulun yığılma prosesindən narahat olduqlarını bildirirlər.
Vertikal.az-a müraciət edən sakinlərin məlumatına görə, 1990-cı illərdən tikilən binanın hələ də dövlət komissiyasına təhvil verilməməsi, sakinləri binanı tikən «Mebelçi» MTK-nın rəhbərliyindən asılı vəziyyətdə saxlayır. Binanın həyətində avtomobil saxladıqlarına görə sakinlərdən dayanacaq üçün pul da yığılır. Bundan başqa, 2 otağa 15, 3 otağa 20, 4 otaqlı mənzilə görə 25 manat pul yığılmasına baxmayaraq, binanın təmizliyinə, su təchizatına, zibilin daşınmasına fikir verən yoxdur. «MTK»-nın sədri Arif adlı şəxs bu kommunal xidmətlərin yığılan pulların hesabına ödənilməsini vəd etsə də, indi məlum olur ki, bu vaxtadək su sayğacları quraşdırılmayıb. Məhz bu səbəbdən binanın suya görə 7 min manata yaxın borcu var. Amma sakinlər bundan xəbərar olanadək hesab edirdilər ki, komendant tərəfindən «kommunal xidmət haqqı» adı ilə yığılan pulların hesabına binaya verilən suyun haqqı ödənilir. İndiyədək mənzillərə fərdi qaydada su sayğaclarının quraşdırılmaması da su pulunu ümumi vermək məcburiyyəti yaradır. Ancaq suya görə borcun yaranması indi sakinləri susuz qoyub. Buna görə də hazırda binanın suyu fasilələrlə verilir ki, qənaət hesabına suya olan borc bağlansın.
Sayğacların quraşdırılmasında da qanunsuzluq olduğu bildirilir. MTK-nın Solmaz adlı bir işçisi su sayğacının quraşdırılmasına görə hər mənzildən 160 manat tələb edir. Sayğac quraşdırılması üçün əlavə su xətlərinin çəkilməsinə zərurət yaranıb ki, buna görə də əlavə 50 manat istiyirlər. İndiyədək həyətin asfaltlanmasına, abadlıq işlərinə və sairə adlarla sakinlərdən yığılan pulların da təyinatı üzrə xərclənməsinə nəzarət edən yoxdur. Sakinlərin verdikləri pulun hesabatı ilə maraqlanmağa isə ixtiyarları yoxdur. Çünki MTK rəhbərliyi sakinlərin bu haqqını tanımaq istəmir, maraqlanan mənzil sahibinə heç bir izahat verilmir.
Ən maraqlısı da odur ki, sakinlərdən həm aylıq, həm də vaxtaşırı «kommunal xidmət» adı ilə yığılan pullara görə heç bir rəsmi sənəd-qəbz verilmir. 100-dən artıq mənzili olan binadan aylıq yığılan pulun hara, necə və nəyə xərclənməsinin hesabatını heç kəs aparmır.