Bakını silkələyən böyük yanğınla bağlı yeni iddialar... - İşin içində iş var imiş
15-04-2015, 12:23
Xəbər verildiyi kimi, aprelin 10-da Bakının Xətai rayonu, Zığ şossesi 16 ünvanındakı binada güclü yanğın baş verib. 107 mənzilli doqquzmərtəbəli birbloklu yaşayış binasının sakinləri qısa zamanda evakuasiya edilib, yanğın söndürülüb. Məlumata görə, yanğın zamanı xəsarət alan olmasa da, binanın fasadı və bir neçə mənzil tamamilə yanıb, sakinlərə xeyli maddi ziyan dəyib.
Hadisənin ertəsi günü, səhər saatlarında yanan binanın sakinlərinin yaxınlıqdakı Zığ şossesinə çıxaraq yolu kəsdikləri bildirilir. Lakin rayon icra hakimiyyəti və digər dövlət qurumlarının rəsmilərinin vədlərindən sonra hadisə insidentsiz ötüşüb. Qərara alınıb ki, binanın fasadı və yanan mənzillər Bakı şəhəri İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən təmir olunsun. Mənzilləri yanmış 60 sakinə müəyyən miqdarda kirayə pulunun ödənildiyi deyilir.
Penoplast və yaxud penopolistirol...
Qeyd edək ki, yanan bina Zığ şossesi boyu fasadı təmir olunan təxminən 8-9 binadan biridir. Lakin paytaxt miqyasında belə üzlüklər çəkilmiş binalar yüzlərlədir. Oxşar problemin həmin binalarda yaşanmayacağına ümid isə azdır. Hələlik, Xətai rayonundakı yanğının səbəbləri ilə bağlı nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat verməyiblər. Lakin ilkin məlumata görə, yanğına səbəb binanın fasadına çəkilən penoplast və yaxud penopolistirol fasad materiallarının alışması olub. Qeyd edək ki, penopolistirol məhsullarını Azərbaycanın tikinti bazarında kimya sənayesində dünya lideri sayılan "BASF" konserni çıxarıb. Basf konserninin bu tip tikinti materiallarının istehsalına ötən əsrin 50-ci illərindən başladığı bildirilir. Lakin Almaniyada kifayət qədər alıcı qazanmayıb. Son onilliklərdə isə konsernin fəaliyyəti əsas etibarı ilə inkişaf etməkdə olan kasıb ölkələrdə qurulub. 2006-cı ilin avqustunda Sumqayıtda tikinti materialları istehsalı üzrə "BASF Kaspian Yapı Kimyasalları sanayi MMC"-ni yaradılıb. O vaxtlar bəzi mətbu orqanlar bunu az qala "BASF" konserninin fəaliyyətinin prioritet istiqaməti və qabaqcıl təcrübənin Azərbaycanda tətbiq edilməsi kimi qələmə verirdi.Həqiqətən də bu materialın xüsusi izolyasiya xassələri ona bəzi üstünlüklər verir və binaların qızdırılması üçün münasib vasitədir. Tikinti bazarına bundan əlavə daha bir neçə şirkət də bu tip materialları çıxarmaqdadır. Onlardan "MFN" və "Saydinq" kimi şirkətləri göstərmək olar.
İstisində fosgen qazı, tüstüsündə 22 cür zəhərli maddə
Təəssüf ki, tikintidə istifadə olunan süni materiallar heç də həmişə etibarlı, möhkəm və dayanıqlı olmur. Baxmayaraq ki, XXI əsrin texnologiyaları fasadların bəzədilməsində təbii teksturları ideal təkrarlayan, bu zaman müasir materialların üstünlüklərinə və istismar keyfiyyətlərinə malik olan süni ortüklərin tətbiqini mümkün edir. Binaların fasadlarına çəkilən bərk örtüklü penoplast (penopolistirol) panellər ucuz başa gəldiyi üçün inşaatçı şirkətlərin diqqətini qısa zamanda cəlb edib. Lakin bir sıra üstünlükləri ilə yanaşı, penopolistirol panellərin çatışmazlıqları da var. Maraqlıdır ki, həmin məhsulların istehsalı və satışı ilə məşğul olan şirkətlər bu barədə danışmamağı, sadəcə yanğın təhlükəsi olmayan xüsusiyyətlərə malik olduğunu deməyi lazım bilir. Elə isə sual olunur: bu doğrudanmı belədir? Apardığımız qısa internet araşdırmalarından sonra belə bir qənaətə gəldik ki, süni fasad materialları heç də təqdim edildiyi kimi yanğına davamlı deyil. Bunu yuxarıda bəhs etdiyimiz yanğın hadisəsi də təsdiqləyir. Ekspertlərin rəyinə görə, penoplast (penopolistirol) materiallar əsasən istilik və izolyasiya işləri üçün yararlıdır, yağış sularına qarşı davamlı olur. Lakin sağlamlıq baxımından və yanğın təhlükəsizliyinə gəldikdə isə, bu materialların xüsusiyyətləri daha qorxulu məqamlardan xəbər verir. "Rossiya-1" telekanalının bir müddət öncə yaydığı reportajda bu məsələyə toxunan alimlər penopolistirol materialların göbələk təhlükəsi yaratdığını, istilik izolyasiyası mühitində ciyərləri və nəfəs yollarını tədricən sıradan çıxarmaq xüsusiyyətlərini aşkar ediblər. Həmçinin qeyd olunub ki, yanğına həssas olan bu materialların tüstüsü 22 cür zəhərli maddəyə malikdir. Rusiyadakı Perm Dövlət Texniki Universitetinin professoru Boric Batalinin fikrincə, penopolistirolun yanğına davamlılığını artırmaq üçün onu məhdud havalandırma şəraitində qızdırdıqda fosgen adlı zəhərli maddə ayrılır. Nəfəs orqanlarına bərk təsir edən, xlorla karbon oksidinin birləşməsindən alınan zəhərli rəngsiz boğucu fosgen qazı Birinci Dünya müharibəsində zəhərləyici maddə kimi işlədilmişdi. Qeyd edək ki, bu məsələni ilk dəfə təxminən 10 il öncə ictimailəşdirən professor Batalin Rusiya bazarını əldə saxlayan penopolistirol istehsalçıları tərəfindən məhkəməyə verilmişdi.Uzun çəkişmələrdən sonra qarşılıqlı razılaşma əldə olunsa da, bu gün professor bu razılığa qol qoyduğu üçün özünü məzəmmət edir. Azərbaycana gəldikdə, penopolistirol materialının istifadəsi bizim bir sıra rəsmilərə və podratçılara əlavə dividend qazandırmaqdadır.
Məsuliyyət məsələsi qalır...
Bundan başqa bəzi məlumatlara görə, dövlət rəhbərliyi tərəfindən paytaxtın abadlaıdırılması üçün ayrılmış vəsaitlərin böyük bir hissəsi bu yolla silinib. Yəni, bir sıra binaların təmir olunmuş fasadları sənəddə üzlük aqlay daşı gedir, faktiki isə penopolistiroldur. Bu maxinasiyalar maliyyə baxımından nə qədər cəlbedici və sərfəli olsa belə, Bakı şəhərindəki binaların fasadının alkopan və penopolistirol kimi materiallarla üzlənməsində əsas məsuliyyət istər-istəməz Bakı Şəhər İcra Hakimiyyətinin başçısı professor Hacıbala Abutalıbovun üzərində cəmləşir. Bu mənada, Xətai rayonu Zığ şossesi 16 ünvanında yerləşən binadakı yanğın istisna deyil. Allah daha betərindən qorusun. Hər halda belə qənaətə gəlmək olar ki, yanğına davamsız tikinti materiallarından binaların fasadlarının təmirində istifadə edilibsə, bunun nəticəsində mümkün hadisələrin girovuna çevrilən ilk növbədə sakinlər olur. Təbii ki, fizika-riyaziyyat elmləri doktoru, professor, Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifi və ən nəhayət Bakı meri Hacıbala müəllim bunları bilməmiş deyil... \\ GünBakı \\