Əlağa Hüseynov bu sərvəti ölkənin baş hərbi komissarı olanda qazanıb... - Generalın “Sovetski” xarabalıqlarındakı 1 milyonluq mülkü
15-04-2015, 13:25
Bakıda yaşayış evlərinin köçürülməsi prosesinin ən kütləvi xarakter aldığı “Sovetski” məhəlləsində 10500-ə qədər yaşayış və qeyri-yaşayış sahəsi var.
Köçürmə işləri Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyası tərəfindən həyata keçirilir. Sakinlərin köçürülməsi işləri könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat kompensasiya verilməklə həyata keçirilir.
Artıq xeyli sakin verilən kompensasiya ilə razılaşaraq mənzillərini tərk edib. Amma bu məbləğlə razılaşmayanlar da var. Onlar evlərinin sahəsi az olan sakinlərdir.
“Sovetski”də bir çox məşhurlar, tanınmış simalar, dövlət məmurları, iş adamları, mədəniyyət və incəsənət xadimləri yaşayır. Yəqin ki, onların başqa sakinlər kimi kompensasiya ilə bağlı narazılıqları yoxdur və olmayıb. Olubsa da bunu büruzə verməyiblər. Bu haqda nə mətbuat yazıb, nə də kimlərsə danışıb.
Virtualaz.org saytı xəbər verir ki, “Sovetski”də yaşayan, mülkü olan tanınmışlardan biri də Milli Məclisin üzvü, respublikanın sabiq baş hərbi komissarı Əlağa Hüseynovdur.
Ehtiyatda olan general-leytenant Ə.Hüseynovun “Sovetski”də 4 mərtəbəli, dəbdəbəli mülkü var. Bu mülk də boşaldılıb və hazırda orada yaşayış yoxdur.
Qonşularla söhbətimizdə məlum oldu ki, deputat bu mülkdən əsasən ofis kimi istifadə edib. 4 mərtəbəli mülkün bir hissəsindən də yaşayış üçün istifadə olunub.
Deputatın qonşularından onu da öyrəndik ki, Ə.Hüseynov çoxdandır mülkünə baş çəkmir.
“Əlağa müəllim bura az-az gəlir. Son vaxtlar isə onu heç görməmişik” - deyə qonşular bildirdi.
Mülkün dəyərinə gəldikdə isə “Sovetski”də sökülən evlərin kvadratmetrinə 1500 manat verildiyini nəzərə alsaq, onda 600 kvadratmetrdən çox sahəsi olan bu mülkün təxmini qiyməti 1 milyon manata yaxındır.
Deputat Ə.Hüseynov isə virtualaz.org saytına açıqlamasında bu mülkün ona məxsus olduğunu inkar etdi. Bir cümlə ilə yalnız onu dedi ki, onun “Sovetski”də nə belə bir ofisi, nə də evi var.
Lakin deputat bu mülkünü hazırda satıb-satmaması haqda danışmaq istəmədi.
Qeyd edək ki, Ə.Hüseynov 1983-1988-ci illərdə Əzizbəyov rayonunun (indiki Xəzər rayonu) hərbi komissarı, 1988-1997-ci illərdə Bakı şəhəri Yasamal rayonunun hərbi komissarı, 1998-2009-cu illərdə isə Azərbaycan Respublikasının hərbi komissarı olub.
O, 2009-cu ilin noyabrında prezidentin sərəncamı ilə hərbi komissar vəzifəsindən azad edilərək ehtiyata buraxılıb. İki gün sonra isə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Ə.Hüseynov icra başçısı olaraq fəaliyyətinin 1 ilini tamamlamamış 7 noyabr, 2010-cu ildə IV çağırış Milli Məclisin deputatı seçilib.