Haci İbrahim Nehrəmli və qardaşı sahibkarları "Xəzər Adaları"nda necə "boğur"... - İflasa uğrayan layihənin çabaları...
15-04-2015, 13:26
Bakıdan təxminən 25- 30 km. cənubda yerləşən, 41 (bəzi məlumatlara görə 78) adadan ibarət 3000 hektar sahəni əhatə edəcək "Xəzər adaları" adlı süni bir arxipelaq şəhərinin tikintisi artıq 5 ildir ki, davam etdirilir. "Avesta" konserninin rəhbəri Hacı İbrahim Nehrəmlinin təşəbbüsü nəticəsində ortaya çıxmış layihənin dəyəri deyilənə görə 100 milyard dollar təşkil edir. Adalarda 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır.
Layihəyə görə, başa gələcək şəhərdəki tikililər 9 ballıq zəlzələyə davam gətirəcək. Burada 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət və mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və 1050 metr hündürlüyü olan Azərbaycan qülləsi tikiləcək. "Xəzər adaları"nda həmçinin dünyanın ən böyük məscidinin, 150 körpünün və 1 hava limanının tikilməsi də nəzərdə tutulub. Hacı İbrahim Nehrəmlinin iddialarına görə, layihənin 2020-2025-ci illərdə gerçəkləşəcəyi deyilir. İlk baxışdan maraqlı görünən cəsarətli layihənin həyata keçiriləcəyinə inam nədənsə azalır. Buna səbəb isə "Avesta"nın prezidenti İbrahim İbrahimovun bir-birini təkzib edən açıqlamalarıdır. Bu açıqlamaların sayı artdıqca, konsern prezidenti də proporsional şəkildə rəqəmləri dəyişir. Bu nədir, sadəcə çaşqınlıq, yoxsa bilərəkdən edilən "at" gedişi?
Hacının yalanları faş olur
Hacı İbrahimin təqdim etdiyi rəqəmlərdə layihəyə indiyə kimi sərf olunan vəsaitin ümumi məbləğində uyğunsuzluqlar çoxdur. Layihənin həyata keçirilməsinə 1 milyard 157 milyon dollar vəsait xərcləndiyini bildirən iş adamı bu vəsaitin cəmi 57 milyon dollarının Azərbaycan Beynəlxalq Bankının verdiyi kredit olduğunu, qalan məbləğin isə özünün şəxsi vəsaiti olduğunu bəyan edib. Lakin layihənin icrasına başlayanda Hacı İbrahim əlində vur-tut 50 milyon dolların olduğunu deyirdi. Belə qənaətə gəlmək olar ki, "Xəzər adaları"na indiyəcən xərclənmiş 1 milyard 100 milyon dollar "göydən" düşüb. Dahilərdən kimsə deyib ki, ən yazıq adam odur ki, nağdı nisyəyə dəyişə. Hacı İbrahim yerli iş adamlarını çəkinmədən "Xəzər adalarına sərmayə yatırmağa çağırır: "Bizim bəzi iş adamları əllərində olan pulu aparıb Türkiyəyə, Birləşmiş Ərəb Əmirliklərinə və başqa dövlətlərə yatırırlar. Arzu edərdik ki, onlar da öz vəsaitlərinin bir hissəsini bu layihəyə yatırsınlar. Biz burada 50 faiz qazanc olacağına zəmanət veririk. Biz Bakı şəhərində də bina tikirik, amma bu qədər qazanmırıq." Bu çağırışdan çox-çox öncə "Avesta"nın prezidenti xarici investorlara oxşar müraciətlər edirdi. Hətta ard-arda bəyanatlar verirdi ki, xarici şirkətlər onun layihəsinə məftunluğunu gizlədə bilmir. Artıq 2012-ci ilin iyul ayında türk iş adamı Əli Ağaoğlunun layihəyə 125 mln. dollar yatıracağı deyildi. Ardınca Qətər dövlətinin 1 milyard investisiya qoyacağı bildirildi. Heç bir il keçmədi ki, Hacı İbrahim layihəsinə Amerika,Ərəb və Çin sərmayədarlarının layihə ilə maraqlandığını söylədi. Daha sonra Kanadanın "Export Development Canada" agentliyi tərəfindən yatırılacaq 4 milyard vəsaitdən söhbət açan Hacı həmçinin 3 iri şirkətlə də yarım milyardlıq müqavilə imzalandığını söyləyib. Bu siyahı Hacının digər açıqlamaları kimi çox uzundur. Lakin sözügedən şirkətlərdən heç birinin konkret bir iş görmədiyi üzə çıxıb. Bu "blefin" arxasında hansı maraqların dayandığını demək çətindir. Lakin mətbu orqanlar "Avesta" prezidentinin yalanlarına yavaş-yavaş öyrəşməyə başladılar. Artıq heç bir kütləvi informasiya vasitəsində bu cür yalanlara yer verilmir. Digər tərəfdən, "Xəzər adaları"nın tikintisində son zamanlar gərəkli irəliləyişlərdən sohbət getmir. Əldə etdiyimiz son məlumata görə, tikintidə çalışan fəhlələr vaxtlı-vaxtında əməkhaqqı ala bilmr. Bəzi mütəxəssislər isə "kabab iyinə" gəldiklərinə də peşman olublar. Düzdür, dənizə tərəf təxminən 1-2 kilometr ərazidə müəyyən işlər görülüb. Lakin bu işlər bir o qədər yetərli deyil. Bu baxımdan, tikilib istifadəyə veriləcək yeni binaların tez bir zamanda satılacağına və layihənin bu yolla genişləndiriləcəyinə ümidlər azdır. Özünüz fikirləşin, Bakıdakı rahat və nisbətən ucuz mənzilləri qoyub, çölün düzündə, daha doğrusu, dənizin içində kim yaşayar. Üstəlik, bu ərazinin çox ciddi ekoloji problemləri də var. Ətrafda yerləşən neft-qaz müəssisələrinin köçürülməsi üçün də gərəkli çoxmilyonluq sərmayələr qoyulmalıdır. Bunu "Avesta" konserninin rəhbərliyi də yəqin ki, yaxşı anlayır. Lakin xarici və yerli investorlara davamlı çağırışlardan da qalmır. Bizə isə bu çağırışların hansı prinsiplərə əsaslandığını yəqin etmək qalır.
Halallıq kompleksi
Hacı İbrahim Nehrəmlinin xülyalarla dolu bu layihəsində diqqəti cəlb edən daha bir əsas məqam piar kampaniyalarına sərf edilən vəsaitlərlə bağlıdır. Düzdür, bir müddət Hacı öz qardaşlarının nəzarətində olan mətbuat və media vasitəsilə rahat kampaniya apara bilirdi. Lakin son zamanlar layihəyə inamsızlığın artdığından Hacının sözlərini eşitməzliyə vuranların sayı da artır. Bunu çox böyük həssaslıqla izləyən mətbuatın sualları isə artır. Suallar, təbii ki, Hacı İbrahimin özünə ünvanlanıb. Məsələn, soruşulur ki, Hacı adam nə qədər yalan danışa bilər? Bu yalanlarda bəlkə də gözəgörünməz "blef" yatır. Bu yolla hərədən beşdən-ondan qapazlayıb, layihənin bir yerə çıxara bildik-deyə düşünənlər də var axı. Bundan əlavə, Hacı İbrahim Nehrəmlinin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışan qardaşı Nazim İbrahimovun köməyindən kfayət qədər yararlandığı barədə xəbərlər yayılmaqdadır. Məlumata görə, Nazim İbrahimov rəhbərlik edtiyi dövlət qurumunun verdiyi üstünlüklərdən şəxsi məqsədləri üçün istifadə etmək yolunu tutub. Bu məqsədlə şəbəkəli fəaliyyət göstərdiyi deyilən sədrin artıq "Avesta" üçün "müştərilər" tapdığı deyilir. Ölkəmizin xaricdə yaşayan həmvətənlərlə sıx təmasda erməni saxtakarlıqlarına və təbliğatına qarşı mübarizə apardığı bir vaxtda hansısa tanınmış iş adamını "Avesta" konserninin xülya dolu layihələrinə cəlb etməklə tora salmaq kimin ağlına gələ bilər? Bu mənada Hacı İbrahimin gördüyü milyardlıq işlərin ərsəyə gəlməsində hansı amilin rol oynadığını üzə çıxarmaq çətin deyil. Doğrudan da, işlətdiyi fəhlələrin maaşını vaxtında verməkdə çətinlik çəkən şirkət bu minvalla uzağa gedə bilərmi? Burdan da belə bir qənaət gəlmək olar ki, "Xəzər adaları" layihəsi artıq fiaskoya uğrayıb. "Avesta" prezidenti ya bunu görmək istəmir, ya da əvvəlcədən planlaşdırılmış "blef" əməliyyatlarını davam etdirməyə qərar verib. Oxucuların diqqətinə daha bir xəbəri çatdırmaq istəyirik. Məlumata görə, Hacı İbrahim Nehrəmlinin ayrı-ayrı iş adamlarına ortalama 3-5 milyon olmaqla külli miqdarda borcu olduğu üzə çıxıb. Borcların "Xəzər adaları" layihəsinin gerçəkləşməsində iştirakın təsdiqi kimi ilkin ödəniş şəklində alındığı bildirilir. Lakin "Avesta" konserninin prezidenti həmin borcların məsuliyyətini öz üzərinə götürməkdən qəti imtina edir. Məsələnin yaxın zamanlarda ciddi surətdə məhkəmə çəkişmələrinə gətirib çıxaracağına şübhə yoxdur. Müşahidəçilərin fikrincə, Hacı İbrahimin yeni investorlara mətbuat vasitəsilə etdiyi son çağırışları da vəziyyətin düzələcəyinə təminat vermir. Çünki, ortada halallıqdan əsər-əlamət yoxdur. Beləliklə, Hacı İbrahim Nehrəmlinin "Xəzər adaları" əsəri artıq öz "razvyazka”sına çatır. Yaxın gələcəkdə hər şeyin üzə çıxacağı gözlənilir. Əlbəttə, biz də istərdik ki, bu layihə həqiqətən reallaşdırıla bilsin. Lakin bunun üçün yeni "bleflərə" əl atılmasın. Hər şey öz axarıyla başa çatsın. Sərmayələrin qoyuluşunda mövcud disproporsiyanı tam şəffaflıq əvəz etsin. Hər halda, belə bahalı layihələr yalnız külli miqdarda pullar hesabına başa gələ bilər. Öz varidatını isə dalğalı Xəzərin sularına bağışlamağa hələ ki, heç kəs tələsmir...