Cahangir Hacıyevin əlindəki sərvət hədəfə alınıb – Keçmiş bankirin şirkəti çökür – 20-30 manata belə möhtac duruma salınıblar...

15-04-2015, 16:49           
Cahangir Hacıyevin əlindəki sərvət hədəfə alınıb – Keçmiş bankirin şirkəti çökür – 20-30 manata belə möhtac duruma salınıblar...
Dünən məlumat yayıldı ki, ötən ayın 18-də gözlənilmədən səhhətini əsas gətirərək istefa verən Azərbaycan Beynəlxalq Bankının (ABB) prezidenti Cahangir Hacıyevin 2002-ci ildə təsis etdiyi "Yeni Həyat” şirkətlər qrupuna qarşı bir milyon dollardan çox iddia qaldırılıb. Məlumatda deyilirdi:

«Cahangir Hacıyevə bağlı olan bu şirkətlər qrupu Xətai rayonu ərazisində «Park Azure» adlı böyük yaşayış kompleksi tikir. Hazırda həmin kompleksin tikintisi ilə bağlı şirkət rəhbərliyi ərazidə olan evlərin köçürülməsini təmin etməkdə problemlərlə üzləşib. Çünki bir neçə mənzil sahibi ilə anlaşmaq mümkün olmayıb. Bu səbəbdən də şirkətlər qrupu və qrupun nəzdində olan «Park Azure» MTK ilə sakinlər arasındakı kəskin ziddiyyətlər məhkəməyə çıxarılıb. Kompensasiya tələbi ilə bağlı Xətai rayon Məhkəməsində çıxarılan qətnamə isə ərazidə yaşayan sakinlərdən birini - Vahid Yaqub oğlu Məmmədovu, ümumiyyətlə, qane etməyib. Ona görə də qanuni tələbləri ilə bağlı dövlət qurumlarına çoxsaylı şikayətlər yazıb. Elə buna görə də «Park Azure» MTK-nın daxil olduğu «Yeni Həyat» şirkətlər qrupunun rəhbərliyi şikayətçini susdurmaq qərarı veriblər. Bunun üçün ona qarşı şirkətin işgüzar nüfuzunu qorumaq iddiası ilə təzminat davası açıb, 100 min manat tələb etməyə başlayıblar. Sakin Vahid Məmmədov isə «Park Azure» MTK-dan ümumi mülkiyyətdə olan Bakı şəhəri Xətai rayonu F.Qənbərov küçəsində 20 saylı evdən payına düşən ümumi sahəsi 192.8 kv.metr görə 809 min 760 manat kompensasiya və Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 saylı fərmanına əsasən 20 fazi miqdarında satınalma qiymətinə əlavə olaraq 161.952 manat vəsait tələb edir».

Qeyd edək ki, hazırda qarşılıqlı şikayətlər Bakı Apellyasiya Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə baxılır: «Diqqətçəkən məqam odur ki, hakim Mədinə Bağırova Cahangir Hacıyevin istefa verdiyi günə, yəni martın 18-i, saat 15.20-yə iclas saatı təyin etsə də, həmin günü prosesi martın 31-nə təxirə salıb. Martın 31-də isə hakim prosesi aprelin 7-nə ertələyib. Həmin günü məhkəmə iclası yenə də təxirə salınıb. Bu dəfə isə iclas aprelin 22-nə keçirilib. Görünür, Bakı Apellyasiya Məhkəməsində prosesi uzatmaqla, Cahangir Hacıyevlə bağlı «bulanıq suların durulması»nı gözləyirlər».

Onu da bildirək ki, ümumiyyətlə, son günlər Cahangir Hacıyevin əlindəki sərvətinin də hədəfdə olması ilə bağlı müəyyən informasiyalar yayılmaqdadır. Belə ki, DİA.AZ-a danışan mötəbər mənbənin xəbərinə görə, iş o həddə çatıb ki, hətta Cahangir Hacıyevə məxsus «Yeni Həyat»ın başa çatmayan layihələri belə durdurulur və həmçinin əl dəyişdirir.

Bu xəbərin doğru olmasını dəqiqləşdirmək üçün şirkətə müraciət etdik. Şirkət çalışanlarından biri dia.az-a məlumatları təsdiqləməklə yanaşı, əlaıə etdi ki, «Yeni Həyat»ın mərkəzi ofisində belə «ACLIQDIR»: «İş o həddə çatıb ki, hətta ayrı vaxtı xeyriyyə məqsədilə 10 minlərlə pul xərcləyən «Yeni həyat» bu gün müraciət edən qurumlara 20-30 manat pul təklif edir. Bu, inandırıcı görünməyə bilər. Amma faktdır».

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.