Biləcəri Dəmiryol Xəstəxanasında Hippokrat andı unudulub
15-04-2015, 19:17
Baş həkim Adil Tağıyev xəstələrin, onların yaxınlarının əlavə xərcə düşməsinə şərait yaradır
Hər kəsə bəllidir ki, səhiyyə işçiləri peşə fəaliyyətlərinə başlamazdan öncə həkim davranışının əsas mənəvi-etik prinsiplərini özündə əks etdirən Hippokrat andı içirlər. Odur ki, səhiyyə sistemində çalışan hər bir şəxs kimi Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi məhəllə 5025 ünvanında yerləşən, “Azərbaycan Dəmir Yolları” QSC-nin nəzdində fəaliyyət göstərən Mərkəzi Dəmiryol Xəstəxanasının baş həkimi Adil Tağıyev də and içib.
Məlumat üçün bildirək ki, həkimlər Hippokrat andı içərkən bunları deyirlər: “Apollona – loğman Asklep, Higeya, Panakeya və bütün tanrıların şahidliyində and içirəm ki, verdiyim sözə və götürdüyüm öhdəliklərə gücüm və dərrakəm çatdığı qədər əməl edəcəyəm. Bu sənətdə müəllimimi valideynlərim kimi tanıyacağam, qazandığımı onunla bölüşəcək və ehtiyaclarında ona köməkçi olacağam. Onun övladlarını özümə qardaş bilib, öyrənmək istədikləri təqdirdə onlara bu sənəti bir ödəniş və ya sənəd almadan öyrədəcəm. Şifahi dərsləri və təbabət biliklərini ancaq təbabət qaydalarına sadiq və həkim andı içən şagirdlərimə öyrədəcəm. Bunlardan başqa, bir kimsəyə öyrətməyəcəm. Gücüm çatdığı qədər müalicəmi heç bir vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəm. Məndən istifadə üçün zəhər istəyənə onu verməyəcək, belə bir hərəkət tərzini belə, tövsiyə etməyəcəm. Hamilə qadına uşaq salması üçün kömək etməyəcəm. Həyatımı, sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəm. Sidik kisəsi daşından əziyyət çəkənləri yarmayacaq və onları bu işlə məşğul olanlara həvalə edəcəm. Hansı evə daxil olaramsa, ancaq xəstənin xeyrini düşünəcəm, qəsdli olan bütün pisliklərdən qaçacağam, istər azad, istər kölə olsun, kişi və qadınların bədənini sui-istifadə etməkdən çəkinəcəm. İstər sənətimin icrası, istərsə də sənətim xaricində insanlarla münasibətdə baş verənləri, görüb eşitdiklərimi bir sirr olaraq saxlayacağam və kimsəyə açmayacağam. Andıma sadiq olaramsa, qoy həyatımda və sənətimdə nəsibim xoşbəxtlik və insanların rəğbəti, olmaramsa bunun əksi olsun”. Gördüyünüz kimi, Hippokrat andında bir sıra önəmli məqamlar öz əksini tapıb və əgər səhiyyə işçiləri orada deyilənlərə əməl etsələr, o zaman ölkəmizdə fəaliyyət göstərən xəstəxanaların hamısı qısa müddətdə əhalinin rəğbətini qazana bilər. Əfsus, tibb işçiləri, əsasən də baş həkimlər Hippokrat andını çoxdan unutduqlarından əksər xəstəxanalarda acınacaqlı vəziyyət hökm sürməkdədir. Misal kimi el arasında Biləcəri Dəmiryol Xəstəxanası kimi tanınan və Adil Tağıyevin baş həkimi olduğu tibb müəssisəsini göstərmək olar.
Ötən saylarımızda da qeyd etdiyimiz kimi, adıçəkilən xəstəxanada şəraitsizlik, antisanitariya və xəstələrdən pul tələbetmə məsələsi öndə gəlir. Elə bu səbəbdəndir ki, Adil Tağıyevin rəhbərlik etdiyi səhiyyə ocağı son günlər ən çox şikayət aldığımız xəstəxanaların sırasında qərarlaşıb. Çünki Biləcəri Dəmiryol Xəstəxanasında xəstələr soğan kimi soyulurlar. Belə ki, Səhiyyə Nazirliyi dövlət xəstəxanalarında bütün əməliyyatların, həmçinin xəstələrə dərmanların pulsuz olduğunu bildirsə də, bu haqda göstəriş olsa da, Mərkəzi Dəmiryol Xəstəxanasında reallıq tamam başqa cürdür. Xəstələr bildirirlər ki, həkimlər pasiyentləri bir-birinə ötürərək lazım oldu-olmadı müayinə edir və onlara xəstəxananın yaxınlığında fəaliyyət göstərən apteklərdən olduqca baha qiymətlərə satılan dərmanlar almağın vacib olduğunu deyirlər. “Bir həftədir ki, burada yatıram. Əlimdə olan pulu xərcləmişəm. Hələ üstəlik nə qədər də borc eləmişəm. Adı pulsuz olsa da adamı soğan kimi soyub buraxırlar. Hər addımda pul tələb edirlər. Pulun olmasa, sənə baxmazlar” deyən xəstələrdən biri bizimlə söhbət zamanı qeyd etdi ki, Biləcəri Dəmiryol Xəstəxanasının baş həkiminin burada baş verənlərdən xəbəri var: “Lakin buna baxmayaraq, heç bir tədbir görmür. Deməli belə çıxır ki, bu cür vəziyyət baş həkimin maraqlarına tam şəkildə cavab verir və bu səbəbdən də xəstələrin, onların yaxınlarının əlavə xərcə düşmələrinə göz yumur. Əslində buna elə o özü şərait yaradır…”
Biləcəri Dəmiryol Xəstəxanasının əsas korpusunun dəhlizində xəstənin əməliyyatdan çıxmasını gözləyən xəstə qohumu ilə də söhbətləşdik. Vüsal adlı şəxs bildirdi ki, bir neçə gündür əməliyyat təxirə salınır: “Qardaşım əməliyyat olunmazdan üç gün öncədən xəstəxanada yerləşdirmişəm. Əslində üç gün öncə əməliyyat edilməli idi. Lakin həkim dedi ki, bir qədər gözləmək lazımdır. Hələ əməliyyat edilməyib, ancaq cibimdə heç nə qalmayıb. Nəyim vardısa aldılar. Görün, iş nə yerdədir ki, burda 10 qəpiklik şprisi də xəstəyə aldırırlar. Deyəndə ki, hər şey pulsuz olmalıdır, adama elə sifət göstərirlər ki, gəl görəsən. Nə etmək olar. Qardaşımdan ötrü məcburam ki, istədiklərini verim. Onsuz da şikayət etsəm belə, heç nə dəyişməyəcək. Çünki xəstəxananın baş həkimi Adil Tağıyev buranı özünün əsas gəlir mənbəyi kimi gördüyündən, edilən şikayətlər havaya deyilən sözə bənzəyəcək. Yəni hər şey öz axarı ilə davam edəcək”. Xəstə yaxınının sözlərinə görə, bu tezliklə Biləcəri Dəmiryol Xəstəxanasının iş prinsipini dəyişmək müşkül məsələdir: “Artıq bura xəstəxanadan daha çox bazara bənzədiyindən tez bir zamanda alış-verişin kökünü kəsmək mümkün olmayacaq. Çünki həkimlər xəstələri pul verməyə məcbur edə-edə bu işə alışdırıblar. Buna görə də həkimə yaxınlaşan kimi özündən asılı olmadan əlini dərhal cibinə salırlar. Görünür, artıq bu, instinktə çevrilib…”
Mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.
gundelik-baku.com