Səhiyyə sistemində yeyilən milyonlar – Təkcə bir xəstəxana hesabına böyük pullar silinib – Bu faktlar nədən rəsmiləşmir?
16-04-2015, 11:17
Azərbaycanın səhiyyə sistemini ağuşuna almış korrpusiya əyalətlərdə daha qabarıq şəkildə özünü büruzə verir. Mərkəzi Xəstəxanalar üçün hər il dövlət büdcəsindən ayrılmış pulların hansı məqsədlərə sərf olunduğu da bu səbəbdən müəmma olaraq qalır.
DİA.AZ-ın araşdırmalarına görə, belə müəmmalı vəziyyətlərdən biri Qəbələ səhiyyəsində yaşanır. Araşdırmalara görə, təkcə elə keçən ilin ilk 6 ayı ərzində rayonun Mərkəzi Xəstəxanasına müxtəlif təyinatlı işlərin görülməsi üçün yarım milyon manata yaxın pul ayrılmışdı. Həmin işlərin görülməsi üçün elan edilmiş tenderlərin əksəriyyətini isə DLƏ MMC adlı şirkət “udub”.
Qeyd edək ki, ayrılmış yarım milyon manatın 26890 manatı yumuşaq inventarların alınmasına sərf olunduğu sənədləşdirilib. Halbuki 2 il əvvəl də eyni təyinat üzrə bundan bir qədər artıq pul xərclənib. Hər il yumuşaq inventarların alınması adı altında ayrılmış pulların silinməsi isə ən optimal yollardan biri sayılır.
DİA.AZ-ın araşdırmaları zamanı o da məlum olub ki, həmin vəsaitin 33380,64 manatı avadanlıqların satın alınmasına sərf olunub. Bu avadanlıqları isə «Araş Medikal Company»in imkanları hesabına əldə ediblər. Amma maraqlı məqam odur ki, Qəbələ Mərkəzi Xəstəxanasında alınmış bu avadanlıqları görən yoxdur. Ehtimal edilir ki, bu proses pul köçürməsi yolu ilə həyata keçirilib və tərəflər arasında bölüşdürülüb.
Rayonun xəstəxanasında 8460 manat idarə xərcləri üzrə satınalmalara sərf edilib. Bu rəqəmin mümkün reallığı ehtiva etdiyi inandırıcı ola bilər. Amma ortada başqa bir reallıq daha var ki, Qəbələ Mərkəzi Xəstəxanası təkcə dəftərxana ləvazimatlarının alınmasına 21328 manat pul xərclədiyini açıqlayıb. Əcəba, xəstəxana nəşriyyatdırmı ki, bu qədər dəftərxana vəsaitlərinə ehtiyacı olsun? Aydın məsələdir ki, ayrılmış pulların bir qismini silmək üçün ən optimal yollardan biri bu cür xərcləri şişirtməkdir.
Ən böyük maxinasiyanın isə dərman pereparatlarının alınması zamanı həyata keçirildiyi deyilir. Araşdırmalara görə, Qəbələ Mərkəzi Xəstəxanası yarım il üçün dərman pereparatlarını almağa 300 min manata yaxın pul sərf edib. Lakin rayon sakinləri bildirirlər ki, onlar həmin səhiyyə ocağına müraciət etdikdə nəinki dərman, heç sarğı ləvazimatı belə tapa bilmirlər. Bütün xəstələrə isə deyilir ki, dərman və sarğı vasitələrini apteklərdən alsınlar.
Qeyd edək ki, sözügedən qurumda həmçinin xəstələrin ərzaqla təmin olunması məsələsi də var. Bununla bağlı dəqiq rəqəmlər əlimizdə olmadığından hələlik heç bir qeydlər apara bilmirik. Məsələ ilə bağlı araşdırmamız davam edir.
Yazıda adı keçən qurumların da mövqeyini dinləməyə hazırıq.