Hövsan bələdiyyəsində sədr dəyişsədə vəziyyət acınacaqlı olaraq qalır
16-04-2015, 11:29
Ölkədə bələdiyyələrin fəaliyyətindən heç vaxt razı qalmadılar. İstər sonuncu bələdiyyə seçkilərindən öncə, istərsə də seçkilərdən sonra cəmiyyətin şüurunda bələdiyyələrlə bağlı düşüncə dəyişmədi. Çünki görünən reallıqlar insanların düşüncəsinin yaxşılığa doğru dəyişməsində heç bir rol oynaya bilmədi.
Suraxanı rayonu Hövsan bələdiyyəsinin yeni sədri Elbrus Xəlilovun fəaliyyəti də ürəkaçan deyil. Bizə verilən məlumata görə, qəsəbənin yolları bərbad durumdadır. Yollarda nəinki piyada, heç avtomobillə də irəliləmək mümkün deyil. Köhnə sədrin dövründə olan problemlər yeni sədrin dövründə də qalmaqdadır. Yağış yağan kimi yollar bərbad duruma düşür. Çala-çuxur əlindən hərəkət etmək mümkün olmur. Nəzərə alsaq ki, dövlət büdcəsindən hər il bələdiyyələrə kifayət qədər dotasiya ayrılır, amma bunun müqabilində ortada heç bir iş yoxdur. Yalnız və yalnız dövlətin büdcəsini havaya sovururlar. Vəzifəyə gələr-gəlməz öz maraqları üçün çalışırlar. Vətəndaşların problemlərini, istəklərini nəzərə almırlar. Öz bildiklərini edirlər. Ətraflarına öz qohum-əqrəbalarını yığırlar. Köhnə sədrin dövründən işləyən kadrları dərhal müəyyən bəhanələrlə işdən uzaqlaşdırırlar. Beləliklə ətrafındakılar da yeni rəhbərin etdiyi qanunsuzluqlara göz yumurlar. Bizə verilən məlumata görə, Hövsan qəsəbəsinin yolları bərbad durumdadır. Bu da həmin yoldan ağır tonnajlı yük avtomobilinin keçməsi ilə əlaqədardır. Onlar yolları dağıdırlar. Həmin yollar düzəldimədiyinə görə getdikcə keçilməz hala dönür. Bundan başqa, qəsəbədə binaların qarşısındakı oturacaqlar, "besetka"lar da yaman gündədir. Nəzərə alsaq ki, üzü yaya doğru gedir, sakinlərin istirahət etməsi üçün heç bir şərait yoxdur. Bələdiyyənin fəaliyyətsizliyi indidən vətəndaşları narahat etməyə başlayıb. Vətəndaşlar bildirirlər ki, ola bilsin yeni sədrin öhdəliklərindən xəbəri yoxdur. Yeni sədr hələ anlamır ki, bələdiyyələr vətəndaşa aid sosial məsələlərlə məşğul olmalı, imkan daxilində onların həllinə çalışmalıdır. Bundan başqa, qəsəbənin problemləri həddən artıq çoxalıb. Əhali bu durumdan artıq cana yığıldığını bildirir. Ümumiyyətlə, Hövsan tamamilə bərbad haldadır. Bələdiyyənin balansında olan park və yollar istifadəyə yararsız vəziyyətdədir. Qəsəbə sakinlərinin dincəlməsi üçün bir dənə normal park yoxdur. Sakinlərin sözlərinə görə, qəsəbənin "Bağ evləri" yerləşdiyi ərazidə uzun zamandır həllini tapmayan zibillik problemi, artıq, durumu gərginləşdirib. Belə ki, yaşadıqları ərazidə əsl "zibil dağ"ına çevrilmiş bu mənzərə acınacaqlı vəziyyət yaradıb. Cavabdeh qurumlar isə heç bir tədbir görmür. Qəsəbənin "Bağ evləri" adlandırılan ərazisinin mərkəzindən dəmiryol xətti keçir. Həmin yerlər zibillik məskəninə çevrilib. Ərazidə zibil qutuları qoyulmadığı üçün yaşayış evlərinin yanı zibilxanaya döndərilib. Sakinlərin bağ evlərindən qəsəbəyə gediş-gəlişi çətinləşib. Antisanitariyanın baş alıb getməsi, həşəratların və zibil qoxusunun yayılması yerli sakinləri təngə gətirib. Qəsəbə sakinləri bu problemin həll edilməsini istəyirlər:
"Dəfələrlə Hövsan bələdiyyəsinə şikayət etsək də, məhəl qoyan yoxdur. Köhnə sədrin dövründə də Hövsan bələdiyyəsi heç bir iş görmürdü. İndi vəziyyət daha acınacaqlıdır". Qeyd edək ki, bələdiyyə yerli sosial məsələlərin həlli ilə məşğul olmalıdır. Bələdiyyə üzvləri vətəndaşlarla görüşlər keçirməli, bu və digər məsələlərlə bağlı müzakirələr aparıb, o müzakirələrə uyğun işlərini qurmalıdırlar. Elbrus Xəlilov isə deyilənlərin heç birini etmir. Maraqlıdır, yeni sədr cəmiyyətin içinə çıxmaqdan, cəmiyyətin problemlərini dinləməkdən, problemlərə çıxış yolları tapmaqdan niyə çəkinir? Bəlkə həqiqətən yeni sədrə vəzifələri barədə məlumat verilməyib. Ya da bilərəkdən belə edir.