Tural Abdullayevi həbsdən xilas edən Qoşqar Təhməzli olub?

10-02-2018, 19:10           

Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə Qoşqar Təhməzlinin təyinatından iki ay keçməsinə baxmayaraq artıq mətbuatda onun barəsində müxtəlif fikirlər söylənilir.

Misal üçün, keçən dəfəki yazıda bildirilirdi ki, “Qafqaz Xəbər Agentliyi”nin baş direktoru Araz Məmmədovun saytımıza verdiyi məlumata görə el arasında Qoşqar Təhməzlinin “sağ əli” sayılan Xaliq Abbasov onu xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə, yəni xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmağa görə məhkəməyə verib.

Araz Məmmədovun dediyinə görə hətta Xaliq Abbasov böyük canfəşanlıqla onu həbs etdirməyə nail olmaq istəyir. Bu məlumatı əldə etdikdən sonra biz yenidən Araz Məmmədovla əlaqə saxladıq.
Tural Abdullayevi həbsdən xilas edən Qoşqar Təhməzli olub?
Araz Məmmədov bizə açıqlamasında bildirdi ki, onu xüsusi ittiham qaydasında məhkəməyə verən Xaliq Abbasov olsa da, üzdə görünməyən əsas tərəf Qoşqar Təhməzlidir: “Məsələ bundadır ki, Qoşqar Təhməzli məni bir jurnalist olaraq ələ ala bilmədiyi üçün Xaliq Abbasova göstəriş verib ki, iki il bundan əvvəl Xaliq Abbasov barəsində qafqaznews.az saytında gedən yazılara görə məni xüsusi ittiham qaydasında məhkəməyə versin. Xaliq Abbasov da öz patronunun əmrini can-başla yerinə yetirərək məni həbs etdirmək istəyir. Mənim eşitdiyimə görə ötən il həbs olunan, həbs olunmazdan əvvəl özünü ictimaiyyətə marketoloq kimi tanıtmağa çalışan Tural Abdullayevi həbsdən azad etdirən də Qoşqar Təhməzli olub. Yəqin ki, indi 4 aylıq həbsdən sonra azadlığa çıxan Tural Abdullayevin keçən il “Araz” supermarketlər şəbəkəsinin işçisindən pul alması və hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq həbs olunması çoxlarının yadındadır”.

LEGİON.AZ olaraq xatırladaq ki, ötən ilin may ayında telekanallar tərəfindən marketoloq-ekspert kimi təqdim edilib tanıdılan Tural Abdullayevə “hədə-qorxu ilə tələb etmə” maddəsi ilə cinayət işi açılmışdı: “Bu qanunda deyilir, “182.1. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə- üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

“Araz” supermarketlər şəbəkəsi “Veysəloğlu” şirkətinə məxsusdur. Həmin dönəmdə sözügedən şirkət Tural Abdullayevdən şikayət etmiş və rüşvət aldığı anın videosunu çəkmişdilər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən “Veysəloğlu” şirkətinin rəhbərliyi sosial şəbəkələrdə Tural adlı vətəndaşın onların fəaliyyəti barədə təhqiredici, həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar paylaşdığını və bu tipli məlumatların təkrar yayılmaması üçün həmin şəxsin külli miqdarda pul tələb etdiyi barədə məlumat verib.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxs – Bakı şəhər sakini Tural Abdullayev qeyd edilən cəmiyyətin əməkdaşından 3500 manat pul alan zaman saxlanılıb.

Həbsdən çıxdıqdan sonra, Tural Abdullayev özünün rüşvət aldığı məqamın videoyazısını müxtəlif sosial şəbəkələrdən sildirməyə çalışır. O, “YouTube” videopaylaşma şəbəkəsində olan kadrları sildirmək üçün hesab sahiblərinə müraciət edir, bəzilərini isə şikayət etdirərək, hesabı bağlatdırmağa çalışır. Bu formada özünün rüşvət keçmişini sildirməyə çalışan Tural Abdullayev deyəsən yenidən bu biznesə qayıtmaq istəyir.

Tural Abdullayev kimdir? T.Abdullayev bu günə qədər 10-dan çox tanınmış şirkətdə çalışıb. Amma onu hər kəslə tanış edən, reklam edib, tanıdan ilk olaraq telekanallar olub. Telekanallar Tural Abdullayevi marketoloq, ekspert kimi təqdim ediblər. Ötən 1 il ərzində T.Abdullayev azı 15 dəfə marketoloq kimi rəy verib, verilişlərin qonağı olub. Özünü hər zaman xidmət və pərakəndə sektoru üzrə ekspert, marketoloq kimi tanıdan Tural Abdullayev əvvəlcə “Tərəzi” layihəsi ilə səs-küy salmışdı. Müxtəlif marketlərə müştəri kimi daxil olub, onlara “Xidmət”, “Keyfiyyət”, “Rahatlıq”, “Təmizlik”, “Kampaniyalar” və “Çeşid” üzrə qiymət verirdi. Bu videolar onun ən səs salan layihəsi idi. Bir neçə videodan sonra bu layihəni dəyişməli olub. Eyni adla çəkdiyi videolarda artıq marketlərə getmədən, eyni ərzaqları alıb, çəkisini, dadını və qiymətini müqayisə etməyə başlamışdı.

T.Abdullayev supermarketinq.net saytının da sahibidir. Sayta göz gəzdirdikdə yetərincə məqalə, araşdırma və reklamlar görmək olur. Müxtəlif market və şirkətlərin bannerləri saytda görünür. Bu da təbii ki, ödənişsiz deyil. Həbsi zamanı sübut kimi təqdim edilən videoda T.Abdullayevin pul aldığı görünür. Onun yaxınları bu görüntüdə T.Abdullayevin rüşvət yox, reklam üçün ödəniş aldığını və onun şərləndiyini deyirlər. Supermarketinq.net saytında marketlər haqqında məqalələrə də nəzər saldıq. Yazıları oxuyub, müqayisələri incələdik. T.Abdullayevin ən çox tənqid etdiyi, hətta təhqir etdiyi deyilən “Araz” market haqqında saytda müsbət yazılar gördük. Hətta bu yazılar daha çox reklam xarakterlidir. Amma nədənsə eyni marketlə bağlı yazdığı tənqidi məqalələr silinib.( minval.info)

“Allah hamının qapısını açsın, ancaq görünür bu gün Tural Abdullayev bir kadr kimi Qoşqar Təhməzliyə lazım olduğu üçün o həbsdən azad olunub və hətta özü ilə bağlı "Youtube"-dan onun rüşvət alması əks olunan videonu sildirmək istəyir. Yəni bu şəxs keçmişini sildirib dəyişmək istəyir. Ancaq bu mövzu mənə tanış gəlir; səhv etmirəmsə mən buna oxşar məlumatla 365info saytında rastlaşmışdım. Orda yazının belə bir başlığı var idi: “Qoşqar Təhməzov niyə Qoşqar Təhməzli oldu?” Və o yazıda jurnalist qeyd etmişdir ki, Təhməzov soyadının Təhməzli olmağı əvvəlcədən düşünülmüş bir plan olub. Çünki "Google"-də axtarış aparanda Təhməzovla bağlı bir çox məlumatlara rast gəlmək olur, ancaq Təhməzli soyadı ilə təkcə Qoşqar Təhməzlinin Qida Təhlükəsizliyi Agentliyinə sədr təyin olunmağına rast gəlirsən. Yəni, ola bilsin ki, Tural Abdullayev də yutubda özü ilə bağlı yazıları sildirəndən sonra Abdullayev soyadını dəyişib Abduli olsun. Burda təəccüblü bir şey olmayacaq. Ancaq belə çıxır ki, işlərində ona sərf edənləri Qoşqar Təhməzli həbsdən azad etdirir, lakin hansısa jurnalist ona sərf eləmirsə o, həmin jurnalisti öz “sağ əlinin” vasitəsi ilə həbs etdirməyə çalışır. Nə isə...

Qarşıdan prezident seçkiləri gəlir, biz jurnalistlər öz işimizlə məşğuluq. Amma, görünür Xaliq Abbasov kimilər bu seçkiqabağı lüzumsuz bir şou yaratmaq istəyirlər. Biz isə ona və onun kimilərinə bu imkanı verməyəcəyik.

Əlimizdə bütün dəlillər və sübutlar var. Hətta Xaliq Abbasovla bağlı onun şirkətindən 2 il öncə məlumat vermiş mənbənin səs yazıları da var. Zərurət yarandığı halda məhkəmədə həmin səs yazılarını təqdim edəcəyik.

Biz, o vaxt redaksiyamıza gəlmiş şəxsə sual da vermişdik ki, Xaliq Abbasova qarşı bu nifrət Sizdə nədən yaranmışdır ki, onu mətbuatda bu cür ifşa etmək istəyirsiniz? O, isə cavab vermişdi ki, “Xalıq Abbasov mənim barəmdə hüquq-mühafizə orqanlarına şikayət etmişdi ki, guya mən onun külli miqdarda pulunu mənimsəmişəm. Mən də o vaxt ona söz verdim ki, sənin bütün maxinasiyalarını cəmiyyətə açıqlayacam”.

Bundan başqa, o vaxt Xaliq Abbasovla telefonla əlaqə saxlayıb onun özünün də həmin məlumatlarla bağlı fikir bildirməsini təklif etdik. O, isə cavab verdi ki, “Mən bununla əlaqədar şərh vermək istəmirəm”, - deyə Araz Məmmədov saytımıza bildirdi.

Murad İbrahimli

LEGİON.AZ

“Tegeta Motors”u mətbuata kim sifariş verib?

Qoşqar Təhməzlinin həmyerlisi “Qafqaz Xəbər”i məhkəməyə Verdi

Qoşqar Təhməzlinin həmyerlisi Xaliq Abbasov kimdir?

Qoşqar Təhməzov niyə Qoşqar Təhməzli oldu?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.