Ağsuda təhsil əldən gedib, ağlayan lazımdır...
17-04-2015, 12:03
Ağsu rayonu Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti, şöbənin müdiri Tahir Xasıyevin isə öz işində yol verdiyi bir sıra qanun pozuntuları barədə dəfələrlə tənqidi materiallar dərc etmişdik. Lakin bu xüsusda redaksiyamıza daxil olmaqda davam edən məlumatlarda bildirilir ki, rayon təhsilində hələ də müsbətə doğru heç bir dəyişiklik müşahidə olunmur. Ötən materialda da qeyd olunduğu kimi RTŞ müdiri hələ də rayon məktəblərinə yeni invertarlrın alınması adı altında küllü miqdarda vəsaitlərin mənimsənilməsi, rayon məktəblərinə ayrılan dərsliklərin müxtəlif ticarət nöqtələrində satışa çıxarılması ilə məşğuldur. Təbii ki, təhsil şöbəsinin rəhbərliyi tərəfindən işə belə münasibətin sərgilənməsi Ağsunun bütün təhsil sisteminə ciddi zərbələr vurur. Belə ki, son illər ərzində rayon üzrə şagirdlərin dərslərə davamiyyəti xeyli aşağı düşüb. Mənbələrin iddialarına görə bu gün adları Ağsu məktəblərinin sinif jurnallarında qeydə alınmış bir çox yuxarı sinif şagirdləri paytaxtda fəaliyyət göstərən özəl hazırlıq kurslarında ali məktəblərə qəbul imtahanlarına hazırlaşırlar. Onların sinif jurnalında adları qarşısında isə, müəyyən ödənişlər müqabilində əldə olunmuş razılaşmaya əsasən, “qaib” qeydi aparılmır. Müəllimlərin isə bir çoxu repititorluq etdikləri üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, hətta dərslərə belə gəlmirlər. Direktorlar isə həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Digər tərəfdən isə aldığımız məlumatlarda bildirilir ki, Tahir Xasıyevin rayon ərazisində az-çox normal fəaliyyət göstərən təhsil müəssisələrinin işlərinə müdaxiləsi də əksər hallarda xoşagəlməz nəticələrə səbəb olur. Belə ki, tədris prosesinin təşkili məsələlərində səriştəsizlik nümayiş etdirən RTŞ müdirinin tətbiq etməyə çalışdığı bəzi yeniliklər nəticə etibarı ilə tədris proqramının şagirdlər tərəfindən mənimsənilməsində, tətbiq olunan pedaqoji metodikaların səmərəliliyinin artırılmasında problemlər yaradır. Həmçinin mənbələr Tahir Xasıyevin orta məktəblərə işə müəllim qəbulu zamanı ciddi qanun pozuntularına yol veridiyini də vurğulayırlar. Məlumatlarda bildirilir ki, RTŞ müdiri müəyyən məbləğlərdə rüşvət almaq müqabilində işə qəbul qaydalarını Təhsil Nazirliyi tərəindən qəbul edilmiş formadan çox fərqli şəkildə təyin edə bilir. Daxil olan şikayətlərdə bildirilir ki, rayon məktəblərində muəllimlikdən xəbəri olmayanlar rüşvət verərək müəllim kimi fəaliyyət göstərirlər və şagirdlərə muxtəlif fənlərdən dərs deyirlər. Həmin müəllimlərə artırılan dərs saatlarına görə pulu isə direktorlar alır və Tahir Xasıyevlə bölüşürlər. Məlumatlara görə elə məktəblər var ki, idman, hərbi hazırlıq, coğrafiyadan, riyaziyyat, tarix fənnlərini bu sahələrdən tamamilə xəbərsiz adamlar tədris edirlər. Tahir Xasıyev Təhsil Nazirliyinə vakant yerlər barədə sorğu təqdim etmir ki, həmin yerlərə ixtisaslı müəllimlər göndərilsin. Digər məlumata əsasən Tahir Xasiyev həmçinin bir çox orta məktəblərə oz qohumlarını direktor təyin edib. Qeyd edək ki, bu gün Ağsu təhsilində “qohumbazlıq” sindromu ən böyük problemlərdən birinə çevrilib. Belə ki, RTŞ müdiri “öz kadrlarını” işlə təmin etmək məqsədilə digər müəllimlərin dərs saatlarından kəsərək, həmin saatları onlara verir. Bütün bunların nəticəsidir ki, bəzi müəllimlər isə öz çörək pullarını qazanmaq üçün təhsildən kənar işlərlə məşğul olmaq məcburiyyətindədirlər. Rayondakı mənbələr həm də israrla bildirirlər ki, RTŞ müdiri rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsini təmin etmir...