Azərbaycan Texnologiya Universitetində 500 min manatlıq yeyinti - Rektorla bağlı şok iddia

17-04-2015, 15:03           
Azərbaycan Texnologiya Universitetində 500 min manatlıq yeyinti - Rektorla bağlı şok iddia
Mikayıl Cabbarovun təhsil naziri vəzifəsinə təyin olunmasından sonra ölkənin ali təhsil ocaqlarının əksəriyyətində xoşagəlməz hallar bir qədər səngiyib. İnsaf naminə qeyd etmək lazımdır ki, nazir bu sahədə bəzi islahatlar həyata keçirib və müsbət nəticələr əldə olunub.

Lakin bölgələrdə fəaliyyət göstərən bir sıra ali təhsil qurumlarında vəziyyət qənaətbəxş deyil. Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində (ATU) qeydə alınan qanunsuz işlərlə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Bu haqda bir qədər sonra danışacağıq. Məlumat üçün bildirək ki, prezidentin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13.06.2000-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq təhsil nazirinin 11.07.2000-ci il tarixli 691 saylı əmri ilə Azərbaycan Texnologiya İnstitutunun profili genişləndirilməklə Azərbaycan Texnologiya Universiteti yaradılıb. Universitetdə hazırda 4 fakültə, 19 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-tədqiqat laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3-iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 kv.m.) və tələbə şəhərciyi fəaliyyət göstərir. Standartlaşdırma və texnoloji maşınlar, qida məhsullarının texnologiyası və turizm, iqtisadiyyat və idarəetmə və istehlak mallarının texnologiyası və ekspertiza fakültələri üzrə tədris aparılır. ATU-nun rektoru isə Süleymanov Akif Şamil oğludur. O, 1951-ci ildə Qazax rayonunun II Şıxlı kəndində anadan olub. 13 mart 2013-cü il tarixində Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsinə təyin edilib. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, adıçəkilən şəxsin rektor vəzifəsinə qoyulması universitetdə təhsilin səviyyəsinə mənfi təsir göstərib: "Azərbaycan Texnologiya Universiteti əvvəlki şöhrətini itirib. Rektor dəyişəndə təhsil ocağındakı nöqsanların aradan qaldırılacağı, o cümlədən təhsilin keyfiyyətinin yüksələcəyi gözlənilirdi. Təəssüf ki, rektor ona bəslənən ümidləri doğrultmadı. Universitetdə təhsilin səviyyəsi gündən-günə aşağı düşür. Son iki il ərzində tələbələr imtahan sessiyalarını verməkdə böyük çətinlik yaşayırlar. Çünki rektor dəyişəndən sonra imtahanların qiymət cədvəlinə də bəzi korrektələr edilib. Bu isə tələbələrin maddi durumuna əhəmiyyətli dərəcədə təsir göstərir. İndi tələbələr əvvəlki illərdən fərqli olaraq daha çox hərəkət etməli və rektorun istəklərini qarşılamalıdır. Əks təqdirdə, onların imtahanda məqbul qiymət alması düyünə düşə bilər". Məlumatlı mənbənin bildirdiyinə görə, ATU-da mövcud olan problemlər çox keçməyib ki, aidiyyəti dövlət qurumlarının da diqqətini cəlb edib. Mənbənin sözlərinə əsasən, bir neçə gün əvvəl maliyyə naziri Samir Şərifovun göstərişi ilə universitetdə yoxlama aparılıb və külli miqdarda büdcə kəsiri aşkarlanıb: "Maliyyə Nazirliyinin xüsusi komissiyası universitetin maliyyə və təsərrüfat şöbəsində araşdırmalar aparıb. Fevral ayında başlayan yoxlama bu günə kimi davam edir. Deyilənə görə, yoxlama zamanı 500 min manatdan çox yeyinti aşkarlanıb. Bu pul yeyintisi daha çox təsərrüfat şöbəsində üzə çıxarılıb. Komissiyanın baş inspektoru və komissiyanın sədri Mayis müəllim rektora bildirəndə ki, iş protokollaşıb Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndəriləcək universitet rəhbəri bir neçə gün fikirləşdikdən sonra başqa qərara gəlib. O Mayis müəllimə müəyyən təkliflərdə bulunaraq yaranmış problemi çözmək istəyib. Amma qarşı tərəf onun təklifini qəbul etməyib". Aldığımız məlumatlarda o da qeyd edilir ki, aşkarlanan 500 min manatlıq yeyintiyə görə rektor təsərrüfat işləri üzrə müavini Aslan Quliyevi qabağa verib: "Halbuki, universitetdə həyata keçirilən qanunsuz maliyyə əməliyyatlarının birbaşa iştirakçısı rektorun özüdür. Onun göstərişi ilə prorektor yeyinti sənədlərinə imza atıb. O Texnologiya Universitetini sanki özəl mülkü kimi idarə edir. Onlarla işçini əsassız yerə işdən azad edib və onların yerinə bəzi maraqlarının müqabilində ixtisası uyğun olmayan şəxsləri işə götürüb". Qaynağımız sonda ATU-da aşkarlanan 500 min manatlıq yeyinti ilə bağlı sənədlərin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndəriləcəyini dedi: "Universitet rəhbərinin gələcək vəzifə taleyi sual altındadır. Belə ki, Maliyyə Nazirliyinin əməkdaşları təhsil ocağında üzə çıxardıqları yeyintilərlə bağlı zəruri materialları Korrupsiyaya Qarşı Mubarizə Baş İdarəsinə göndərməyə hazırlaşırlar. Rektor isə bunun qarşısını almaq üçün bəzi şəxslərin vasitəsilə Maliyyə Nazirliyinə "xod" axtarmağa başlayıb. Onun bu cəhdlərinin bir nəticə verməyəcəyi gözlənilir. Əldə edilmiş yeyinti materialları idarəyə təqdim olunsa, o zaman rektorun həbsi məsələsi gündəmə gələ bilər".
GünBakı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.