Azərbaycanda ceyranlar yaşayan ərazidə şumlama işlərini aparanlar kimdir?

21-08-2018, 22:51           
Azərbaycanda ceyranlar yaşayan ərazidə şumlama işlərini aparanlar kimdir?
Qax Dövlət Yasaqlığının ərazisinə düşən Acınohur çölündə kənd təsərrüfatı məqsədi ilə şumlama işlərinə başlanıb.

Bu barədə BBC News Azərbaycancaya ətraf mühitin mühafizəsi ilə məşğul olan Ecofront təşkilatından Cavid Qara məlumat verib.

Ətraf mühitin mühafizə olunması üzrə fəal deyir ki, "şumlama işləri "Aqroinkişaf 2017" şirkəti tərəfindən aparılır, amma şirkət barədə məlumatlı deyil".

BBC News Azərbaycanca mövqe öyrənmək üçün adıçəkilən şirkətlə əlaqə saxlamağa çalışsa da, 7500 hektar torpaq sahəsini icarəyə götürən şirkət haqqında heç bir məlumat almaq mümkün olmayıb.

"Aqroinkişaf 2017" MMC şirkəti haqqında Vergilər Nazirliyinin reystrində sadəcə ad və VÖEN nömrəsi qeyd olunub.

İnternet resurslarında da şirkət haqqında heç bir məlumat yoxdur.

Vergilər Nazirliyi mətbuat xidmətindən bildirdilər ki, saytda texniki nasazlıq olduğundan informasiya görünmür və yaxın zamanda problem aradan qaldırılacaq.

Cavid Qara bildirib ki, "son illər ETSN-in ortaya çıxardığı tək-tük layihələr arasında ən uğurlusu hesab olunan ceyranların reintroduksiyası layihəsi barədə artıq məhv edilmə əmri verilib. Ekologiya Təbii Sərvətlər Nazirliyinin acizanə susqunluğunu anlamaq olmur".

Cavid Qara deyir ki, "yasaqlıq ərazisinin şumlanaraq orada yaşayan ceyran populyasiyasının təhlükəyə atılması göstərir ki, ETSN-nin və hökümətin ekoloji siyasəti ancaq görnüntü xarakteri daşıyır".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə isə deyib ki, vəziyyət barədə məlumatlı olsa da, son aparılan işlər barədə dəqiqləşdirdikdən sonra informasiya verəcək.

Yasaqlıq ərazisində 3-4 gündür şumlama aparılır"
Acınohur ərazisində şumlama işlərinin aprıldığını İlisu Dövlət Təbiət Qoruğunun mühafizə işləri üzrə direktor müavini Azərçin Muradov da təsdiqləyib.

"Şumlama işləri 3-4 gün olar başlayıb və traktorların üzərində heç bir işarə, simvol yoxdur, ancaq deyirlər ki, traktorlar "Aqroinkişaf 2017" şirkətinə məxsusdur. 4 ədəd K700 markalı traktor əkin aparır. 300-400 hektara yaxın ərazini artıq əkiblər və hələ də davam etdirilər," - Azərçin Muradov belə deyib.

Cənab Muradovun sözlərinə görə, "şumlanan ərazilər yasaqlığın ərazilərdir və qış otlaq sahələri kimi istifadə olunub və heç vaxt əkilməyib".

O bildirib ki, Acınohur ərazisindəki şumlama işləri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib.

Sözügedən ərazidə kənd təsərrüfatı işlərinin aprılacağı və kənd təsərrüfatı torpaqlarının təyinatının dəyişdirilməsi ilə bağlı Qax rayon İcra Hakimiyyəti həmin ərazidə maldarlıqla məşğul olanlara məktubla müraciət edib və onlara yenidən icarə müqaviləsi bağlamağı təklif edib.

Məktubda yasaqlıq və ona yaxın ərazilərdə torpaqların təyinatının dəyişdirilməsinə və o ərazilərin "Aqroinkişaf 2017" MMC və "CPC" MMC şirkətlərinə icarəyə verilməsinə səbəb kimi kənd təsərrüfatı məhsullarına artan tələbat göstərilib.

"Yasaqlığın ərazisində torpaqların təyinatı dəyişdirilməyib. Bu qanunsuz prosesdir"

Kənd Təsərrüfat Nazirliyi Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Eldəniz Həsənov BBC News Azərbaycancaya deyib ki, bu işləri Əmlak Məsələləri üzrə Dövlət Komitəsi görüb və əsas orqan odur.

Eldəniz Həsənov bildirib ki, "Yasaqlığın ərazisndə torpaqların təyinatı dəyişdirilməyib. Bu, qanunsuz prosesdir. Bu işləri nəzarəti Əmlak Məsələləri üzrə Dövlət Komitəsi həyata keçirir".

"Biz sadəcə katoqoriya dəyişikliyi ilə əlaqədar deyə bilirik ki, Qax rayonunda bu qədər torpağın kateqoriyası dəyişib. Koordinatları ancaq Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən öyrənə bilərsiniz," - Eldəniz Həsənov belə deyib.

O deyib ki, "hüquqi, fiziki şəxslər, bələdiyyələr Nazirlər Kabineti qarşısında vəsadət qaldırır, Nazirlər Kabineti də tapşırıq verir ki, ETSN, ƏMDK və Kənd Təsərrüfat Nazirliyi baxıb rəy versin. Biz istahsala, məhsuldarlığa və bu kimi sahələrə nəzarət edirik".

"Acınohurda şumlanan ərazi yasaqlığın ərazidir"
Qax Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elbrus Tağıyev isə yasaqlıq ərazisinin bir hissəsinin "Aqroinkişaf 2017" MMC-yə icarəyə verildiyini təsdiqləyib.

"Torpaqlar İcra Hakimiyyəti başçısının sərəncamı ilə "Aqroinkişaf 2017" MMC-yə kənd təsərrüfatı məqsədiylə 15 il müddətinə icarəyə verilib. Bu ərazi Acınohur ərazisində 7500 hektar torpaq sahəsini əhatə edir" Elbrus Tağıyev belə deyib.

İcra Hakimiyyətinin nümayəndəsi onu da deyib ki, "Acınohurda olan ərazi yasaqlığın ərazidir və sərəncamda göstəriləndən başqa məlumata malik deyil həmçinin ərazidə hansı növ kənd təsərrüfatı məhsulu olacağı ona məlum deyil".

"O şirkət İcra Hakimiyyətinə ərizə ilə müraciət edib, yer qruluşu sxemini hazırladıb, buna müvafiq müsbət rəy alıb bundan sonra bu sənədələr əsasında rəsmi şəkildə sərəncam verilib",- Elbrus Tağıyev deyib.

O həmçinin əlavə edib ki, "CPC" MMC yə verilən torpaqlar başqa ərazini əhatə edir və yasaqlığa aidiyyatı yoxdur.

"CPC" MMC-dən isə BBC News Azərbaycancaya bildiriblər ki, onların şirkəti Oğuz rayonu ərazisində yerləşir və adıçəkilən ərazidə onlara məxsus torpaq sahəsi yoxdur.

"O ərazilərin əkinçilik üçün istifadəsi qeyri-mümkündür"
Torpaqşünas alim Amin Babayev iki ay əvvəl BBC News Azərbaycancaya deyib ki, həmin torpaqlarda nəmlik az olduğuna, biloloji canlıların zəif olmasına görə belə torpaqlarda bir neçə il dalbadal şumlanma, xüsusilə kotanla aparılan şumlama torpaq örtüyünün deqradasiyasına, nəticədə torpağın toza çevrilməsinə səbəb olur.

Tozlaşmış qat mövsümü küləklər dövründə sovrulur, bu, səhralaşma adlanır. Əgər bu prosesin qarşısı alınmazsa o ərazilərdə təbii senozların deqradasiyası baş verər və biomüxtəliflik azala bilər.

Cənab Babayev deyib ki, "O ərazilər yarımsəhradır və oranın əkinçilik üçün istifadəsi qeyri-mümkündür".

2003-cü ildə yaradılan Qax Dövlət Təbiət Yasaqlığında ceyran, ayı, vaşaq, çöl pişiyi, qara kərkəs, sar, imperator qartalı, bəzgək kimi nadir sayılan heyvanlar yaşayır.

Qax Dövlət Təbiət Yasaqlığında yaşayan 71 baş ceyran daxil olmaqla ərazinin biomüxtəlifliyi orada parılan əkinçilik işləri səbəbindən məhv olma təhlükəsi qarşısındadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə deyir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi BBC News Azərbaycancaya bildirib ki, "Qanunvericiliyə əsasən, dövlət təbiət yasaqlıqlarının mülkiyyətiçisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyil və yasaqlıq əraziləri torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən torpaq sahələri alınmadan qanunvericiliklə müəyyən edilmiş qaydada onların torpaq sahələrində təşkil edilə bilər".

"Acınohur ərazisinin düzən hissəsi 14000 hektar olmaqla, əsasən yarımsəhra bitkiliklərindən və şoranlaşmış səhra tipindən ibarətdir. Acınohur ərazisinin 7500 hektarının əkin məqsədi üçün istifadəsi nəzərdə tutulub", - nazirlik bildirib.

Nazirlik bildirib ki, ərazidə aqrar fəaliyyət elə qurulmalıdır ki, ceyran populyasiyasının mühafizəsinə mane olmasın.

"Bununla bağlı əkin işlərini aparan fermerlərin məlumatlandırılması və bu fəaliyyət nəticəsində ceyran populyasiyasına maksimum az zərər vurulması üçün işlərin düzgün planlaşdırılması barədə Qax Rayon İcra Hakimiyyətinə Nazirlik tərəfindən müraciət olunub".

Nazirlik həm də bildirib ki, "ceyranların yaşam vəziyyəti ilə bağlı ciddi problem yaranarsa, səlahiyyətləri daxilində məsələyə münasibət bildirəcəklər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.