Yeni bir fəhlə etirazı dalğası gözlənilir - Vitse-prezidentin oyunbazlığı...

20-04-2015, 11:56           
Yeni bir fəhlə etirazı dalğası gözlənilir - Vitse-prezidentin oyunbazlığı...
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) böyük nüfuza malik olan vitse-prezident Mikayıl İsmayılovun fəaliyyətindəki boşluqlar, eləcə də səbəb olduğu qanun pozuntuları ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.

Bu şəxsi yaxından tanımayanlar üçün qısaca bildirmək istəyirik ki, vitse-prezident indiki vəzifəsinə təyinat alandan sonra maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Əslən Ağsu rayonundan olduğuna görə dünyaya gəldiyi torpaqda böyük biznes şəbəkəsi yaradıb. Deyilənə görə, rayonda fəaliyyət göstərən "Azgranata" MMC-nin zavodu ona məxsusdur. Zavodun illik gəlirinin milyonlara bərabər olduğu vurğulanır. Bundan başqa, sözügedən məmurun Ağsuda bir-birindən bahalı mülklərinin, restoranlarının, üzüm və nar bağlarının olduğu da bildirilir. Ağsu aşırımındakı restoranların bir hissəsinin ona aid olması barədə isə mətbuatda dəfələrlə məlumat verilib. Neft Şirkətində əsas söz sahiblərindən biri olan məmur həmçinin paytaxtda da iri biznes sahələrinə malikdir. Məsələn, Babək prospektində yerləşən "Cadillac" Bakı Mərkəzi, "Chevrolet Azerbaijan" kimi avtomobil satışı mərkəzlərinin ona aid olduğu yayılan məlumatlar arasındadır. Hələ bu harasıdır. Vitse-prezidentin ARDNŞ-in təchizat işlərinə, o cümlədən qurumun balansında olan avtomobillərə ehtiyat hissələrinin və yağların alınması sahəsinə də nəzarət etdiyi iddia olunur. Onsuz da, ölkə reallığında bəzi məmurların bizneslə məşğul olması sanki adi hala çevrilib. Qanunvericiliyin dövlət qulluqçularının özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını yasaqlamasına baxmayaraq, vəzifəli şəxslərin əksəriyyəti buna əhəmiyyət vermir. Onu da vurğulamaq lazımdır ki, heç bir məmur məlum səbəblərə görə öz adına balaca dükan da olsa sənədləşdirmir. Çünki bu ona çox böyük problemlər yarada bilər. Odur ki, məmurların bir çoxu sahibləri olduqları ticarət obyektlərini ya ailə üzvlərinin, ya da yaxın qohumlarının adına sənədləşdirirlər. Mikayıl İsmayılov da bu baxımdan istisna deyil. Son günlər adı mətbuatın gündəmindən düşməyən məmurla bağlı maraqlı sayıla biləcək informasiyalar əldə etmişik. Xatırlayırsınızsa, qəzetimizin əvvəlki saylarından birində bir vaxtlar iş adamı Hafiz Məmmədovun nəzarətində olan "Bahar Enerji" şirkətinin Mikayıl müəllimin tabeliyinə keçməsi barədə xəbər vermişdik. Dünən əldə etdiyimiz məlumatlara görə isə, vitse-prezident maliyyə problemlərini əsas gətirərək bəzi işçilərin ixtisara salınması haqda göstəriş verib. Bununla yanaşı, azərbaycanlı işçilərin əksəriyyəti artıq ikinci aydır ki, maaşlarını ala bilmir. Məlumatlı mənbənin bildirdiyinə görə, bu problemi yalnız yerli işçilər yaşayır, əcnəbi işçilər isə əməkhaqlarını hər ay vaxtı-vaxtında, özü də artıqlaması ilə alırlar: "Bahar Enerji" şirkətində azərbaycanlı işçilərin əməyi sanki istismar edilir. Belə ki, onlar xarici işçilərlə müqayisədə həm daha çox işlədilir, həm də hüquqları pozulur. Bu günlərdə şirkətin 100-ə yaxın yerli işçisi heç bir səbəb göstərilmədən ixtisara salınıb. Şirkət rəhbərliyi fəhlələrin etirazından sonra açıqlama ilə çıxış edərək deyib ki, maliyyə böhranı yaşanır və bu səbəbdən ixtisarlar lazım bilinib. Əgər maliyyə problemləri varsa, bəs niyə başqa ölkələrin nümayəndələri ixtisara salınmadı? Özümüzünkülərə qiymət vermək, onların rahat dolanışığını təmin etmək əvəzinə, əcnəbi vətəndaşlara üstünlük tanıyırlar. İlin-günün bu vaxtında işsiz qalan insanlar müxtəlif instansiyalara müraciət etsələr də, heç bir faydası yoxdur. Bildiyiniz kimi, "Bahar Enerji" şirkəti Mikayıl İsmayılovun nəzarəti altında fəaliyyət göstərir. Bu şirkətin vasitəsilə hər il külli miqdarda vəsait göyə sovrulur. Buna baxmayaraq, büdcəyə divan tutan şəxslərə qarşı heç bir tədbir görülmür. Fəhlələr arasında salınan ayrı-seçkilik narazılıq hallarının artmasına səbəb olub. Nəzərə almaq lazımdır ki, neftçilər, ümumiyyətlə bu sahədə çalışan insanlar bütün dövrlərdə əmək birliyi nümayiş etdiriblər. Bakının mötəbər turnirə, yəni olimpiadaya hazırlıq gördüyü bir vaxtda onlarla insanın işsiz qalması məqsədəuyğun deyil. İşdən çıxarılan şəxslər dövlətdən incik düşə bilər. Bu isə yaxşı nəticələr vəd etmir". Əldə etdiyimiz başqa bir məlumata əsasən ARDNŞ-in rəhbər işçilərinin istifadəsində olan avtomobillərin olimpiya oyunlarından sonra dəyişdiriləcəyi gözlənilir: "Bu, büdcədən pul silməyin ən asan yoludur. Neft Şirkətinin vəzifəli şəxslərinin, yəni vitse-prezidentlərin, şöbə müdirlərinin, idarə rəislərinin istifadəsində olan avtomobillər yeni və tam işlək vəziyyətdədir. Amma yayılan söz-söhbətə görə, sentyabr ayına kimi avtomobillər dəyişdiriləcək. Bu məsələdə Mikayıl İsmayılovun maraqlı olduğu deyilir. Şirkətin balansında olan avtomobillərin yetərli hissəsi "Cadillac" və "Chevrolet" markalıdır. Avtomobillərin dəyişdirilməsi zamanı qiymətlərin şişirdiləcəyi istisna edilmir. Sözügedən avtomobil satışı mərkəzlərinin vitse-prezidentə məxsus olduğunu nəzərə alsaq, bu əməliyyatdan xeyli karlı çıxacaq. Qazanan o, itirən isə dövlət büdcəsi olacaq".

Dövlət Neft Şirkətindəki dayaqlarını gündən-günə möhkəmləndirən vitse-prezidentlə bağlı əldə etdiyimiz məlumatların yerdə qalan hissəsi daha maraqlıdır. Gələn saylarımızda elə faktları dərc edəcəyik ki, oxuyan dəhşətə gələcək. Mikayıl müəllimin ən yaxın qohumlarından birinin verdiyi məlumatlar əsasında məqalə hazırlanacaq. Bizi izləməkdə davam edin. \\ GünBakı \\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.