Ağstafa EŞ-də ciddi narazılıqlar yaranıb: İşıqlar niyə sönür?
1-09-2018, 01:43

“Azərenerji” ASC-nin Qərb RETSİ- yə daxil olan Ağstafa EŞ-nin səriştəsizliyi və işinin öhdəsindən lazımınca gələ bilməməsi açıq şəkildə özünü göstərir.
Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 6-cı enerji blokunda partlayış Azərenerji”nin işini demək olar ki, iflic etdi və bütün respublika eyni anda olmasa da qaranlığa qərq oldu. Həmin vaxt baş vermiş bu fövqəladə vəziyyətlə bağlı ölkə prezidenti İlham Əliyev “Azərenerji” rəhbərliyinə son xəbərdarlıq etdi. Amma ötən müddət göstərir ki, “Azərenerji” rəhbərliyi bu xəbərdarlıqdan nəinki lazımi nəticə çıxarmayıb, əksinə maxinasiyalarının miqyasını bir qədər də genişləndirib.
Mediaxeberleri.az xəbər verir ki, bununla bağlı savash.org-a danışan mənbənin sözlərinə görə, “Azərenerji”də həyata keçirilən təkcə bir maxinasiyadan qanunsuz olaraq milyonlar dövlət büdcəsindən yayındırılaraq şəxsi ciblərə axır. Mənbəmiz maxinasiyanın reallaşma mexanizmini aşağıdakı kimi şərh edib: “İndi bəhs edəcəyimiz maxinasiya bir qayda olaraq əyalət rayonların kəndlərinin iştirakıyla reallaşdırılır. Belə ki, gözdən-könüldən uzaq olan həmin kəndlərdə heç də bütün evlər sayğaclaşdırılmır. Burada əsas məqsəd isə yalnız qazanmaqdır. Belə ki, Sayğaclaşdırılmayan evlərdən isə ödəmələr təxmini, bəzən də vətəndaşa da sərf edən formada yığılır ki, həmin məbləğ məhz “Azərenerji”nin müxtəlif vəzifəli şəxslərinin cibinə gedir. Ümumilikdə isə sayğaclaşdırılmayan belə evlərin sayı minlərlədir, hər bir evdən isə minimum 20 manat məbləğində ödənmələrin yığıldığını nəzərə alsaq ortada milyonların dövr etdiyinə şübhə yeri qalmaz”.
Ən maraqlısı isə sonradan sərf olunan və pulu şəxsi ciblərə axan həmin enerji sərfiyyatının “qanuniləşdirilməsi” prosesidir. Bunun üçün isə ayrı-ayrı vaxtlarda müxtəlif rayonlara enerji verilişi məqsədli şəkildə dayandırılır ki, burada əsas məqsəd “yoxa çıxmış” enerjini “diriltməkdir. Bax, elə bu sadə yolla da “Azərenerji” rəhbərliyi dövlət büdcəsinə daxil olmalı olan vəsaiti çox rahatlıqla həzmi-rabeədən keçirir.
Hazırda bu maxinasiyanın başında dayanan konkret şəxslərlə bağlı araşdırmalarımız davam edir.
Mövzuya qayıdacağıq.