OQTAY ŞIRƏLIYEVIN YERINDƏ OLMAYAN KADRLARI...

20-04-2015, 16:26           
OQTAY ŞIRƏLIYEVIN YERINDƏ OLMAYAN KADRLARI...
Məlum olduğu kimi, ölkəmizdə son illərdə çoxsaylı müasir, Avropa standartlarına uyğun, zəngin maddi-texniki bazaya malik, yüksək səviyyəli avadanlıqlarla təmin olunmuş müalicə müəssisələri açılıb. Görülən işlər ona görədir ki, xəstələr əziyyət və əlavə xərc çəkib müalicə üçün xarici dövlətlərə üz tutmasın. Səhiyyə sahəsinə külli miqdarda vəsait ona görə ayrılır ki, ölkədən məzənnə axını olmasın. Lakin Səhiyyə Nazirliyinin rəhbərliyində təmsil olunan bəzi şəxslər bir sıra özbaşına əməllərə imza atmaqla bu sahədə problemlərin meydana çıxmasına səbəb olurlar. Məhz həmin şəxslərin işlərində yol verdikləri nöqsanların nəticəsində ölkədən milyonlarla vəsait xaricə axır.

Aidiyyəti olan bütün beynəlxalq təşkilatların, o cümlədən ən mötəbəri hesab edilən Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı hesabatlara əsasən, uşaq ölümü, ana ölümü, müxtəlif xəstəliklərdən ümumiyyətlə ölüm faizi, infeksion xəstəliklərin yayılma dərəcəsi kimi göstəricilərə görə ölkəmiz ön sıralarda durur və az qala Afrika ölkələri ilə bir sırada gedir. Bu gün sizə Səhiyyə Nazirliyinin fəaliyyətini iflic hala salan şəxslər və onların həyata keçirdikləri qeyri-qanuni işlər haqqında məlumat vermək istəyirik.

Elsevər Ağayev sudanquru çıxmağı necə bacardı?

Başlayaq səhiyyə nazirinin illərdir dəyişməyən müavini Elsevər Ağayevdən. Bu şəxsin adı ictimaiyyətə yaxşı məlumdur. Belə ki, sabiq nazir, hazırda həbsdə olan Əli İnsanovun ən yaxın kadrlarından biri sayılan Elsevər Ağayevin indiyə kimi vəzifəsini necə qoruyub saxlaması çoxlarına təəccüblüdür. Apardığımız araşdırmalar nəticəsində aydın oldu ki, Səhiyyə Nazirliyinin rəhbərliyində dəyişiklik baş verəndən sonra Elsevər Ağayev yeni nazirə qarşı itaətsizlik göstərmək istəyib, hətta bir müddət öz bildiyini edib. Sonradan isə vəziyyət dəyişib və nazir müavini açıq mübarizədən çəkinib. Hazırda ölkəmizin dərman bazarının tamamilə bu şəxsin nəzarəti altında olması heç kimə sirr deyil. Bu sahədə hökm sürən bahalığın səbəbkarı da məhz Əli İnsanovun kadrıdır. Xatırladaq ki, ölkə başçısı bir neçə gün əvvəl hökumət üzvləri ilə keçirdiyi iclasda dərman bazarındakı bahalaşmaya toxundu və qiymətlərin tənzinlənməsi istiqamətində tapşırıqlarını verdi. Buna baxmayaraq, vəziyyət hələ də dəyişməyib. Elsevər Ağayevin subyektiv maraqları, eləcə də dərman bazarında yaratdığı inhisarçı mövqeyi qiymətlərin əvvəlki həddə saxlanmasına səbəb olub. Nazir müavini isə bir müddət əvvəl mətbuata açıqlamasında bildirib ki, Səhiyyə Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə dərmanlara vahid qiymət tətbiq edilməsi üçün birgə iş aparır: "Yaxın gələcəkdə dərmanlara vahid qiymət tətbiq olunması istiqamətində aparılan işlərin sürətləndiriləcəyi və bu işin həyata keçiriləcəyi gözlənilir. Bu sistem tətbiq edildikdən sonra artıq dərmanların üzərində vahid qiymətlər yazılacaq. Vahid qiymətin ilk mərhələdə həyati vacib preparatlara tətbiq olunacağı gözlənilir. Sonradan isə digər dərman preparatları üçün də tətbiq ediləcəyi nəzərdə tutulur. Dərman preparatlarının üzərində Avropa ölkələrində olduğu kimi, vahid qiymət olacaq. Regionundan asılı olmayaraq hər yerdə dərmanlar vahid qiymətlə satılacaq. Burda topdansatış müəssisəsinin, apteklərin konkret, bəlli bir faizi olacaq". Ağayevin açıqlamaları elə söz olaraq qalıb. Dərman bazarında hələ də vahid qiymət sistemini tətbiq etmək mümkün olmayıb. Bu isə bayaq qeyd etdiyimiz kimi, Elsevər müəllimin dərman sektorundakı monopolist mövqeyi ilə bağlıdır. Bizi məlumatlandıran mənbənin sözlərinə görə, ölkədə dərman satışı ilə məşğul olan şirkətlərin rəhbərləri nazir müavini ilə mütləq hesablaşmalıdır. Başqa sözlə desək, Səhiyyə Nazirliyinin ikinci söz sahibinə çevrilən şəxsin razılığı olmadan heç kim ölkəyə dərman idxal edə bilməz. Mənbəmiz həmçinin bildirir ki, nazir müavini bəzi qüvvələrin çətiri altında olduğundan onun qanundankənar əməllərinin bir çoxuna göz yumulur: "Elsevər Ağayev sabiq səhiyyə naziri Əli İnsanov dəmir barmaqlıqlar arxasına düşdükdən sonra nəinki postunu və biznesini qoruya bildi, hətta nazirlikdəki mövqeyini daha da gücləndirdi. Üstəlik də aptek biznesinin sərhədlərini kifayət qədər genişləndirdi. O sabiq nazirin müavinləri arasında sudanquru çıxmağı bacaran yeganə şəxsdir. Bu insan hazırda dərman biznesinin əhəmiyyətli hissəsini nəzarətə götürə bilib. Yaxın keçmişdə dərman bazarının əsas oyunçuları olan insanlar onun tərəfindən bazardan sıxışdırılıb. Ağayev Cənubi Qafqazda ən böyük dərman deposuna sahib olan "Avromed" dərman şirkətini himayə edir. Bundan başqa, nazir müavininin birbaşa nəzarətində olan nəhəng aptek şəbəkəsi var. "Zəfəran" və "Odlar yurdu" apteklər şəbəkəsi birbaşa onun nəzarəti altındadır. Onun icazəsi olmadan heç bir aptekə lisenziya verilmir. Bir məsələni də diqqətinizə çatdırım ki, Əli İnsanov həbs olunan ərəfələrdə Elsevər Ağayevlə bağlı prokurorluq orqanlarına kifayət qədər material təqdim edilmişdi. Həmin materiallarda səhiyyə müəssisələrinin özəlləşdirilməsi və digər məsələlər də var idi. Yəni Əli İnsanovun yaxın adamı kimi o səhiyyə müəssisələrinin özəlləşdirilməsində bilavasitə iştirak edib və hətta bir neçə obyekti öz yaxınlarının adına keçirə bilib. Təəssüf ki, sabiq nazirin məhkəməsində Ağayevin yaxınlarının adına özəlləşdirilən obyektlər araşdırılmadı. Buna görə də o məsuliyyətdən kənarda qalmağı bacardı. Nazir müavininin Bakıda, eləcə də bəzi rayonlarda dəyəri milyonlarla ölçülən mülkləri, obyektləri və daha nələri var. Onun maliyyə imkanları Əli İnsanovun evindən çıxan sərvətdən qat-qat çoxdur".

Nigar Əliyeva nazir müavini kimi etimadı doğrulda bilmir

Səhiyyə Nazirliyinin fəaliyyətini bərbad halasalan şəxslərdən biri də nazirin digər müavini Nigar Əliyevadır. Qeyd edək ki, Nigar Ramiz qızı Əliyeva 12 fevral 2009-cu ildən bu vəzifədə işləyir. Bizə çatan məlumatlarda bildirilir ki, əvvəllər Respublika Diaqnostika Mərkəzində sıravi həkim işləmiş Nigar Əliyeva nazir müavini kimi ona tapşırılan işlərin öhdəsindən gələ bilmir: "Xanım məmurun adı son 6 il ərzində ancaq qalmaqallı hadisələrdə, büdcə vəsaitlərinin mənimsənilməsində və sair xoşagəlməz işlərdə çəkilib. O da bəzi vəzifəli şəxslər kimi şəxsi imkanlarını yaxşılaşdırmaq barədə fikirləşir. Nazir müavini postuna qoyulana qədər maddi baxımdan sıxıntı yaşayan Nigar xanım hazırda ölkənin ən varlı şəxslərindən birinə çevrilib. Bu illər ərzində Bakının müxtəlif ərazilərində mənzillər, ticarət obyektləri alıb. Əlində olan səlahiyyətlərdən istifadə edərək qohumlarının adına apteklər, bir neçə özəl klinika açıb. Yığdıqları ömrünün axırına kimi ona bəsdir. Nigar Əliyevanın əsas qazanc yerlərindən biri də səhiyyə ocaqlarına təyinatlarla bağlıdır. Belə ki, Bakı şəhərində, o cümlədən bölgələrdə fəaliyyət göstərən doğum evləri və qadın məsləhətxanalarının əksəriyyətinin rəhbər işçiləri nazir müavininin kadrlarıdır. Təbii ki, həmin insanlar təmənnasız olaraq vəzifəyə qoyulmayıblar. Yerləşdiyi qəsəbə və rayondan asılı olaraq hər doğum evinin, qadın məsləhətxanasının baş həkimi vəzifəsinin öz problemi var. Sıravi həkim işləmək isə nisbətən problemsiz başa gəlir. Ən dəhşətlisi isə odur ki, Nigar Əliyevanın vasitəsilə vəzifəyə düzələn şəxslər vətəndaşlara əlavə problemlər yaradır və səhiyyə sektorunda rüşvətxorluğun yayılmasına zəmin hazırlayırlar". Xatırladaq ki, nazir müavininin adı bir müddət əvvəl qalmaqallı olaya qarışıb. Belə ki, Aygün Əliyeva adlı qadın 200 nəfəri aldadaraq onlara ümumilikdə 5 milyon manat ziyan vurub. Bu işlə bağlı Bakı Şəhər Baş Polis İdarəsində 22 epizod üzrə istintaq aparılıb. Məhkəmənin qərarı ilə 5 il azadlıqdan məhrum edilən Aygün Əliyeva bəzi maraqlı məqamları açıqlayıb. Qeyd edək ki, adıçəkilən xanım axtarışda olduğu vaxt 15.06.2012-ci ildə Lerik Rayon Mərkəzi Xəstəxanasında uşaq dünyaya gətirib. Doğum haqqında sənədi xəstəxananın nevropatoloqu Etibar Həşimov verib. Məhkəmənin 29 noyabrda Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə (böhtan atma) hökm oxuduğu son iclasında Aygün Əliyeva uşağın sənədini səhiyyə nazirinin müavini Nigar Əliyeva vasitəsilə aldığını deyib: "Nigar rəfiqəmdir, hara yazsanız da o cavabınızı verəcək. Bütün respublikanın səhiyyəsinə o baxır. Nəyi sübuta yetirəcəksiniz?". Saxta sənəd hazırlamaqda ittiham olunan nazir müavininin barəsində isə təəssüf ki, heç bir tədbir görülməyib. Yəqin buna görədir ki, Nigar xanım səhiyyə sistemində öz bildiklərini edir.

Əbülfəz Abdullazadə əczaçılıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə əlavə problemlər yaradır

Səhiyyə sektorunun inkişafına mane olan şəxslərdən biri də Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin direktoru Əbülfəz Abdullazadədir.

Bu gün paytaxtın az qala hər küçə və dalanında müxtəlif ölçüdə apteklərə rast gəlmək mümkündür. Yəni gün keçdikcə onların sayı nəzərəçarpacaq dərəcədə artır. Əslində, burada qəbahətli bir şey yoxdur. Lakin maraqlı məqam ondadır ki, bu sahə ilə məşğul olmaq istəyən vətəndaşlar aptek açmaq üçün rəsmi dövlət rüsümundan əlavə xərcə düşməli olurlar. Halbuki, dərman vasitələrinin hazırlanmasının, sınaqdan çıxarılmasının, istehsalının, saxlanmasının, idxalının, ixracının və satışının hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də Azərbaycan Respublikası ərazisində əczaçılıq fəaliyyətilə məşğul olan hüquqi və fiziki şəxslərin dərman vasitələrilə davranışını tənzimləyən "Əczaçılıq fəaliyyəti haqqında" Qanununda belə bir müddəa yoxdur. Yəni heç kim aptek lisenziyası üçün dövlət rüsumundan əlavə ödəniş etməməlidir. Bildirmək istəyirik ki, sözügedən qanunun müddəaları Azərbaycan Respublikasının ərazisində əczaçılıq fəaliyyətilə məşğul olan bütün hüquqi və fiziki şəxslərə şamil edilir. Səhiyyə Nazirliyinin rəsmi şəxsləri hesab edir ki, aptek açan zaman fəaliyyəti tənzimləyən müəyyən normativlərə əməl edilməlidir. Məsələn, apteklər ayrıca binalarda və ya qeyri-yaşayış sahəsində açılmalıdır. Aptekin fəaliyyət göstərəcəyi obyektdə dərmanların saxlanılması üçün bütün lazımi şərait yaradılmalıdır. Orada sanitar qovşağı olmalı, kondisioner quraşdırılmalı, telefon xətti çəkilməli, preparatların yığılması üçün lazımi mebel quraşdırılmalıdır. Həmçinin aptekin ümumi ərazisi 75 kvadratmetrdən az olmamalıdır. Tibbi preparatların hazırlanması üçünsə ərazisi minimum 35 kvadratmetr olan ayrıca otağın olması vacibdir. Bütün bunların yaradılmasından sonra fəaliyyətə başlanılması üçün lisenziya alınmalıdır. Lisenziyanı isə Əbülfəz Abdullazadənin direktoru olduğu Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi verir. Bunu almaq üçün bəzi şənədlər tələb olunur ki, bura şəxsiyyət vəsiqəsi, diplom, əmək kitabçası, vergi qeydiyyatı şəhadətnaməsi, tibbi arayış və s. daxildir. Bundan başqa, ən əsası 5500 manat məbləğində dövlət rüsumunun ödənilməsidir. Aptekin rəhbəri bu sahədə ali və ya orta təhsilə, həmçinin 5 illik iş təcrübəsinə malik olmalıdır. Araşdırmalar göstərir ki, bu şərtləri tam şəkildə ödəyən vətəndaşlar belə aptek açmaq istəyərkən digər əngəllərlə üzləşirlər. Belə ki, əczaçılıqla məşğul olmaq üçün lisenziyanın rəsmi qiyməti 5500 manat olsa da, sahibkarlardan əlavə "rüsum" tələb edilir: "Bəzi maraqlı qüvvələr məhz Əbülfəz Abdullazadənin vasitəsilə aptek biznesini bir əldə cəmləşdirmək istəyirlər. Məhz elə bu səbəbdən də son illər həm paytaxtda, həm də ölkənin digər şəhər və rayonlarında aptek açmaq bir xeyli çətinləşib. Çünki aptek açmaq üçün müraciət edən əczaçıların qarşısına elə şərtlər qoyulur ki, onlar bu işdən vaz keçməyi daha məqsədəuyğun sayırlar. Hazırda Bakı şəhərində aptek açmaq istəyən şəxslərdən obyektin yerləşdiyi məkandan asılı olaraq lisenziya üçün külli miqdarda "rüsum" alınır. Əbülfəz Abdullazadə Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşlarına tapşırıb ki, yeni apteklərin fəaliyyəti üçün zəruri olan lisenziyaların verilməsini qanunun müəyyən etdiyi tələblər əsasında deyil, öz qaydaları ilə həyata keçirsinlər. Bu da adıçəkilən quruma il ərzində külli miqdarda vəsait qazandırır. Aptekin sahəsi nə qədər geniş, onun yerləşdiyi məkan isə məskunlaşma baxımından nə qədər sıxdırsa, lisenziyanın qiyməti də bir o qədər artır.

"Ebola" virusunun Abbas Vəlibəyova nə kimi xeyri dəyib?

İşinin öhdəsindən layiqincə gələ bilməyən digər şəxslər isə nazirin müavini, ölkənin baş sanitar həkimi Abbas Vəlibəyovla, nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlidir. Qeyd edək ki, bu yaxınlara qədər nazirin Abbas Vəlibəyov adında müavininin olması cəmiyyətə məlum deyildi. Yalnız "Ebola" virusu gündəmə gələndən sonra Abbas Vəlibəyov nisbətən aktivləşdi. Deyilənə görə, nazir müavini "Ebola" virusu ilə mübarizə məqsədilə dövlət tərəfindən ayrılan vəsaitlərin istifadəsi zamanı nöqsanlara yol verib və bununla da maliyyə durumunu xeyli yaxşılaşdırıb. Bu şəxsin nəzarətində olan biznes obyektləri isə başqa bir yazının mövzusudur. Ki, növbəti saylarımızda həmin məsələlərə geniş yer ayıracağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.