"Zirə"nin qapıçısı: "Keşlə” ilk qələbəsini qazanmaq üçün hər yola əl atırdı”
22-10-2018, 07:05
“Bu futboldur. Məğlub olsaq da, yaxşı oynadığımız üçün komandamız sevinir”.
"Report"un məlumatına görə, bunu “Zirə”nin qapıçısı Anar Nəzirov Azərbaycan Premyer Liqasının VIII turunda “Keşlə”yə səfərdə 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilən brifinqdə deyib.
33 yaşlı qapıçı jurnalistlərin suallarını da cavablandırıb...
Yaxşı oynasanız da, uduzdunuz. Bunu nə ilə əlaqələndirərdiniz?
- Futbolda belə hallar olur. Gələn oyunlarda daha yaxşı oynayıb, bu məğlubiyyəti yaddan çıxarmağa çalışacağıq. Komanda yeni yığılıb, gənc, təcrübəsiz futbolçular digər komandalara nisbətən daha çoxdur. Oynamayan futbolçularımızın olmasının da matça təsiri oldu.
Belə görünür ki, “Zirə”də hücumda yekun nöqtəni qoyacaq oyunçu da yoxdur...
- Uduzanda ortaya çox şeylər çıxır, hər şey demək olar. Əsas odur ki, qış fasiləsinə qədər əlimizdən gələnin ən yaxşısını edərək son pillədən qurtulaq. Belə oynasaq, xal və xallar qazanacağıq.
“Keşlə”nin futbolçuları tez-tez yerə yıxılaraq vaxt aparırdılar. Bunun komandanıza psixoloji təsiri oldu?
- Onlar udmaq istəyirdilər. Bu, futbolda olur. Biz 1:0 öndə olsaydıq, mən də elə edərdim. Düzdür, baş hakim icazə verməyəcəkdi, ancaq vaxt aparmağa çalışacaqdım. “Keşlə” son pillədə idi, ilk qələbələrini qazandılar. Bunun üçün hər yola əl atırdılar.
“Qəbələ”yə qalib gəldikdən sonra "qara zolaq"dan çıxdığınızı düşünürdünüz?
- Əlbəttə, “Qəbələ”yə qalib gələndən sonra belə düşünürdük. Çempionatda “Qarabağ”ı çıxmaq şərtilə, digər komandaların hamısı ilə başa-baş mübarizə aparmaq, onlardan xal almaq olar. Hesabı bilməyən şəxs bizim oyuna baxsaydı, uduzduğumuzu deməzdi.
“Sabah”la növbəti turda keçirəcəyiniz oyun barədə nə deyə bilərsiniz?
- Çətin oyun olacaq. “Sabah” ilk dövrə ilə müqayisədə yaxşı nəticələr qazanır. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.
Dediniz ki, qışa qədər gözləmək lazımdır. O vaxtadək nə dəyişəcək ki, “Zirə” yüksəlişə keçsin?
- Baş məşqçimiz təzə gəlib. Sistemini oturtmaq üçün ona vaxt lazımdır. Ola bilər ki, öz seçimləri olsun. Bir az səbr etmək lazımdır, qış toplantısı olacaq. Demirəm ki, qışa kimi gözləyib, məğlub olaq. Bu oyunun üzərinə qoyub, xal və xallar qazana bilərik.
“Səbail” “Zirə”yə də, “Qarabağ”a da texniki məsələ ilə əlaqədar qalib gəldi. Bu baxımdan, onlara paxıllığınız tutur?
- Düzünü Aftandil Hacıyev deyib. Bu, Allahın onlara payıdır.
Allah o paydan sizə niyə vermir?
- İnşallah, biz də öz oyunumuzla qalib gələcəyik. Allah bunu bizə nəsib edər.
Qeyd edək ki, "Zirə" Azərbaycan Premyer Liqasının VIII turunda "Keşlə"yə uduzub.