Tədqiqatçı Müşfiqlə bağlı ŞOK FAKTLARI AÇDI: Başına güllə dəyən yerdən xaç şəklində ip keçirir və...
8-11-2018, 09:59
Rusiyalı milyarder Fərhad Əhmədovun Qaradağ rayonu, Puta qəsəbəsində Mikayıl Müşfiqin qalıqlarını tapması ilə bağlı iddialar son bir aydır ölməz şairlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Həqiqətən həmin qalıqların Mikayıl Müşfiqə aid olması ilə bağlı suallar yaranıb.
Mədəniyyət və Turizm Nazirliyindən bununla bağlı verilən açıqlamada məsələnin araşdırıldığı bildirilib. Artıq Prezident İlham Əliyev məsələni nəzarətə götürüb.
Prezident məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNT ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək.
Bu araşdırmalar davam edərkən bir-birinin ardınca yeni iddialar gündəmə gəlir. Müşfiqin nəşinin dənizə atılması, diri-diri divara hörülməsi də iddialar arasındadır.
Bu iddialardakı gerçəklik payı ilə bağlı Dövlət Ədəbiyyat və İncəsənt Arxivinin direktor müavini, repressiya qurbanları tədqiqatçısı Aslan Kənan Publika.az-ın suallarını cavablandırıb.
- Aslan müəllim, əvvəlcə bu günlərdə Mikayıl Müşfiqlə bağlı gündəmə gələn iddiadan başlayaq. Rusiyalı milyarder Fərhad Əhmədov Mikayıl Müşfiqin qalıqlarının Qaradağ rayonu, Puta qəsəbəsində tapdığını iddia edir. Bununla bağlı komissiya yaradılıb, DNT analizlərindən sonra dəqiq fikir səsləndiriləcək. Sizcə, həmin qalıqlar Müşfiqə aid ola bilərmi?
- Əvvəlcə onu deyim ki, mən DNT analizlərinin nəticəsinə inanmıram. Çünki texnikadır, həm səhv, həm də düzgün nəticə göstərə bilər. Düşünmürəm ki, tapılan qalıqlar Mikayıl Müşfiqindir.
- Şairin ölümü ilə bağlı müxtəlif versiyalar var. Onu vuran şəxsin illər sonra bunu etiraf etməsi ilə bağlı mətbuatda yazılar da verilmişdi.
- 1937-ci ildə Müşfiq doğum gününə bir gün qalmış həbs edilir, 1938-ci ilin yanvarın 5-dən 6-na keçən gecə onu güllələyirlər. Sual olunur: əvvəllər televiziya yox idi, bir neçə qəzet var idi, onu həmin dediyin cəllad necə tanıya bilərdi? Mikayıl Müşfiq cavan şair idi, onu əsasən yazıçı, şairlər tanıyırdı. Bir də şair harada görüşlər keçirirdisə həmin yığıncağda olanlar onu tanıyardı. Cəlladın həmin məclisdə nə işi vardı.
- Müşfiq necə dəfn edilib?
- Düzdür, bu barədə heç bir sənəddə yazılmayıb. Cəsədlərin dəfninə gəldikdə, ehtimal edilir ki, NKVD-nin xüsusi kimsəsizlər yeri olurdu. Orada kütləvi şəkildə bir neçə şəxs dəfn edilirdi. Çünki onları basdırmağa elə bir vaxt da yox idi. Bir güllələnmə hökmü vermək 15-20 dəqiqə çəkirdisə, onları basdırmaq da elə bu şəkildə olurdu. Məsələn, Böyükağa Talıblı ilə Əhməd Cavad bir vaxtda güllələnib. Məgər onların hər birini ayrılıqdamı basdırıblar. Xeyr! Bir neçə güllələnmiş şəxs üçün dərin xəndək qazılır, onları ora atırdılar. Təmtəraqla dəfn etməyəcəkdilər ki... Müşfiq Müsavatın gənclər təşkilatının üzvü olub, onun üzərində 1926-1930-cu illərədə əksinqilabçıları müdafiə etmək nəticəsində bir neçə əksinqilabçılarla əlaqədə olmaq “günahı” var idi. Bir gündə 3-4 nəfəri birdən güllələyirdilər, hər biri üçün ayrıca qəbir qazmayacaqdılar ki? Biz nə qədər Müşfiqi sevsək də, onun belə dəfn edilməsini qəbul etmək istəməsək də, bu reallıqlıdır. Hesab edirəm ki, əlaqədar nazirliklər bütün işlərə kompleks şəkildə yanaşmalıdır. Repressiya qurbanlarına da bir abidə qoyula bilər. Fikrimcə, repressiya olanlar harada dəfn edilibsə, şəhərdə və ya ondan kənarda, qəbirlərə toxunmamaq şərtilə onlar üçün bir abidə ucaldılsın. Onsuz da şəhərimiz o qədər genişlənib, qəşəngləşib ki, 20-30 kilometr məsafə o qədər də uzaq sayılmır. Yollar Allaha şükür şüşə kimi, əvvəlki kimi narahat deyil. Xaricdən gələn qonaqlar da həm repressiya qurbanlarını ziyarət edər, həm də bizim gözəl paytaxtımızın necə dəyişdiyinin şahidi olarlar.
Güllələnənlər, repressiyaya məruz qalanlar arasında haqlılar da, haqsızlar da var idi. Mikayıl Müşfiq kimi şəxslərin üzünə duranların özləri də repressiyaya məruz qalıb. Bəziləri Müsavatın üzvü olub, onu təbliğ etsə də, donos yazmaqla sağ-salamat çıxa biliblər. Elə şəxslər olub ki, həyət evində yaşayıb ayaqqabılarını qapının ağzında qoyub heç kəs bilməsin deyə ayaqyalın donosluq etməyə gedib. Bu zaman qonşu ayaqqabını qapının ağzında görəndə onun evdə olduğunu görüb, onun adam satmağa getmədiyini düşünəcəkdi.
- Söhbət yazıçı, şairlərdən gedir?
- Bəli! Onlar da var. Amma təkcə söhbət onlardan getmir. Təbii ki, aralarında heykəllər qoyduğumuz şair və yazıçılarımız da var. Onlar nə qədər insanın ölümünə səbəb olub. Üstəlik, təkcə repressiya vaxtı yox, sonra da bu cür işlərlə məşğul olublar. Bütün məsələlərdə arxiv sənədlər əsasında danışıram. Milli Təhlükəsizlik Nazirliyi, Milli Arxiv idarəsinin sənədləri əsasında 1937-ci ildən hansı şair, yazıçı bir-birinin üzünə durub hamısı ilə tanışam. NKVD-nin zirzəmisində qələm yoldaşının üzünə duranları günahlandırmıram. Çünki onlara ağlagəlməz işgəncə verirdilər. Bir qrup isə ev almaq, əsərləri çap olunmaq, vəzifə xatirinə dostlarının üzünə dururdular. Onların çoxu tanınmış şəxslərdir.
Hər dəfə kimisə saxlamaq istəyəndə həbsdə olanları onlar haqqında kəskin fikirlər səsləndiməyə məcbur edir və bu səbəblə də həbs edirdilər. Bu barədə sənədlərin hamısı arxivdə var. Müşfiqin ən çox üzünə duran 1937-ci ildə Yazıçılar İttifaqının sədri və katibi olub. Onların ətrafında olan “qulbeçələr” də var idi.
- Niyə Mikayıl Müşfiq...
- Həmin dövrdə kim parlayırdısa, ona qarşı çıxırdılar.
- Mircəfər Bağırovun özünün Müşfiqi güllələməsi barədə iddialar var. Hətta birinci gülləni onun atdığı, sonra isə başqasının iki dəfə atəş açdığı deyilir.
- Bu iddia ilə razı deyiləm. Biri yazır ki, Müşfiqə birinci Mir Cəfər Bağırov güllə atıb və sonra yanındakı iki güllə vurub. Biri yazır ki, Müşfiqi üç güllə ilə mən vurmuşam bu da gilizlər, biri yazır ki, suda boğublar. Deyirlər ki, Müşfiqi öldürən şəxs üç gilizi illərdir evində saxlayıb. Bunlar inandırıcı variant deyil. Birincisi, kimin cürəti çatar ki, Bağırovdan sonra tapançaya əl atsın. Bağırovun adı gələndə tük salırdılar. İkincisi, o dövrdə kim cürət edib Bağırovdan sonra güllə ata bilərdi? Sənədlərdə bu barədə heç bir məlumat verilmir. Yuxarıda qeyd etdiyim kimi o adam necə bilib ki, güllələdiyi şəxs Mikayıl Müşfiqdir? Bir də onun nə ixtiyarı var idi ki, gilizi gizli olaraq özündə saxlasın. Axı həmin gilizləri təhvil verirlər. Sovet dövründə kiminsə üstündə kiçik bir bıçaq tutanda beş il həbs edirdilər. Necə ola bilər ki, həmin adam gilizləri saxlasın? Bu yalandır, fantaziyadır, həmin şəxs gündəmə gəlmək məqsədilə belə bir iddia qaldırır. Bir də kim öldürdüyü adam haqqında belə fikir söyləyər. O, çalışar ki, onun cəllad olduğun heç kəs bilməsin.
Bundan başqa, güllələnmə küçədə yox, bağlı qapı arxasında baş verirdi. Atəş açılan qapının üzərində dəlik olurdu, həmin dəlikdən də güllə atılırdı. Güllələnən şəxs öldürüləcəyini bilsə də, hökmün nə vaxt yerinə yetiriləcəyindən xəbəri olmurdu. Güllələnən şəxsi həmin qapıdan ötürürdülər və ona başqa bir istiqamətə gedəcəyini bildirirdilər. Sonra özü də bilmədən gedəcəyi istiqamətin arxa tərəfindən qeyd etdiyimiz dəlikdən atəş açılırdı. Güllə həmin şəxsin alnının arxa tərəfdən dəyirdi. Ölümü dəqiq olsun deyə bir-iki güllə də əlavə atəş açırdılar. Eyni zamanda, güllələyən şəxs də kimə atəş açdığını bilmirdi. Həmin gün güllənməni icra edən şöbənin rəisi tərəfindən hökmün yerinə yetirilməsi haqqında rəhbərliyə arayış yazılırdı. Həmin sənəddə çox zaman ölən şəxsin fotosu da verilirdi.
Deyilənlərdən və oxuduqlarımdan mənə məlumdur ki, bəzən öldürülən şəxsin başında güllə girən yerinə xaç şəklində sap salırdılar. Bununla da həmin şəxsin həqiqətən öldüyü sübut olunurdu.
Müşfiqin dənizə atılması iddiası da yalandır. Təsəvvür edin, bir neçə şəxsi kütləvi basdırmaq üçün aparanda nə üçün yolda dayanıb, onları dənizə atsınlar. Haradan bilirdilər ki, apardıqları şəxs Müşfiqdir? Üstəlik, dəniz qəbiristanlıq deyil ki, ora atılsın.
- Müşfiqlə Bağırovun üzbəüz ünsiyyəti olub?
- İnanmıram belə ünsiyyət olsun. Müşfiq gənc şair idi, onlar arasında necə münasibət ola bilərdi?
- Belə versiyalar var ki, müəllim işləyəndə bir neçə dəfə şagirdlərdən biri pəncərəni örtüb hər dəfə pəncərə açılır. Müşfiq sovetin pəncərəsi belə olar da... Yaxud da Stalinlə bağlı kəskin fikirlər səsləndirdiyi deyilir. Onun bu fiklirləri “yuxarılar”a çatdırılıb...
- Bu cür fikirlər təkcə Müşfiq yox başqaları haqqında da səsləndirilib. Belə replikaların olmasını inkar etmirəm. Lakin düşünmürəm ki, Müşfiq bu fikirlərinə görə repressiyaya məruz qalsın. Üstəlik, Stalin haqqında Müşfiqin əsəri var idi. Müşfiq həm də Hüseyn Cavid, Əhməd Cavad ətrafında olduğu üçün öldürüldü. Cavid deyirdi ki, “Müşfiq bir oddur ki, özünü yandıracaq”.
- Müşfiqlə bağlı arxiv sənədlərdə hansı materiallar var?
- Qurultay, pleniumlarda Müşfiqə qarşı və onun özünün çıxışları var. Müşfiq haqqında Yazıçılar İttifaqında sərt çıxışlar olub, onu təhqir ediblər. Sonra həmin adamlar Müşfiq haqqında müsbət fikirlər səsləndiriblər. Bəziləri özünü qorumaq üçün belə addım atdığını deyirdi.
- Müşfiq özünü qorumaq üçün nə edib?
- Müşfiq kimə nə deyə bilərdi? Şeirlərini yazırdı. Həmin yazıçılar da onun şeirlərindən cümlələri Sovet hakimiyyətinə qarşı fikirlər kimi təqdim edirdilər.
- Bu yaxınlarda Mikayıl Müşfiqin əmisi nəvəsinin onunla bağlı bir müsahibəsi yayımlandı. Müsahibədə deyilir ki, müşfiqin dayısı oğlu Əlihüseyn Dağlı komissar olub. O, Beriyadan xahiş edib ki, Bağırovla danışsın. Bağırov isə deyib ki, “uje pozdna”...
- O müsahibəni oxudum. Tamamilə yanlış fikirlərdir. “Pozdna” deyibsə, demək Müşfiq artıq güllələnmişdi. Müşfiq 1938-ci ildə yanvarın 5-dən 6-na keçən gecə öldürülüb. “Pozdna” deyəndə məlum olur ki, artıq gecdir, Müşfiq güllələnib. Bəs Əlihüseyn Dağlı harada idi? Qeyd edim ki, Əlihüseyn Dağlı “umac ova” bilirdisə bunu elə özünə edəydi də. O zaman niyə həbs olunurdu. Müşfiq həbs olunandan bir neçə ay sonra, 1937-ci il oktyabrın 17-də Dağlı ilə bağlı order yazılır və həmin ayın 29-da həbsə atılır. Həmin vaxt Müşfiq sağ idi. Əlihüseyn Dağlı həbsdə ola-ola necə Müşfiqlə bağlı xahiş edə bilərdi? Üstəlik, bunu deyən Müşfiqin qohumudur. Bu işi bilmədən necə danışa bilərlər?
- Müşfiqin diri-diri divara hörülməsi iddiası da var. Ümumiyyətlə, repressiya vaxtı belə hallar olub?
- Təkcə Müşfiq yox, repressiya dövründə kiminsə diri-diri divara hörülməsi barədə nə oxumuşam, nə də eşitmişəm. Axı nə üçün belə bir addım atılmalı idi? Bu cür ifadələr səsləndirənlər danışmaq xətrinə söz deyənlərdir. Eşitdiyimə görə, “Qorxulu Tehran” kitabının müəllifi Kazımini bu əsərinə görə divara hörüblər. Amma bu məlumatın da nə qədər doğru olduğunu deyə bilmərəm.
- Sizcə, bu qədər versiyaların səsləndirilməsinin səbəbi nədir? Faktlar yoxdur, yoxsa yetərincə açıqlanmayıb?
- Bilmirəm, repressiyaları daha da şişirtmək üçünmü, yoxsa danışmaq xatirinəmi bu cür fikirlər səsləndirilir? Lakin əvvəl-axır tarix gerçəkləri üzə çıxaracaq.
- Güllələnmə ilə bağlı arxiv sənədlərdə hansı məlumatlar var?
- Arxivdə bu barədə konkret yazılar yoxdur. Mən uşaq olanda məhəlləmizdə güllələnməni yerinə yetirən bir adam olubmuş. Bunu ailəsi açıq şəkildə deməmişdi, Amma məhəllədə söz yayılmışdı Həmin kişinin çox pis vəziyyətdə can verdiyindən danışırdılar. Uşaqları da ona “Ata, sən normal iş tapa bilmədin, bu işlə məşğul oldun. İndi də belə əzab çəkirsən?”, deyə soruşurlar. Onlar vurduqları adamı haqlı və ya haqsız yerdə öldürdüklərinin fərqində deyildilər.
- Müşfiqin ailəsi ilə bağlı da iddialar var. Onu apararkən bacısının özünü yandırması və s...
- Müşfiqin özündən böyük bir qardaşı olub. O, tutulandan sonra qardaşı Masallıda yaşayıb. Heç kim onun Müşfiqin qardaşı olduğunu bilməyib. Əvvəl qorxduğundan, Müşfiq bəraət alandan sonra isə nəsə almaq istədiyini düşünərlər deyə üzə çıxmayıb. Hər cür rəzalətə əl atan rejim Müşfiqin kiçik bacısı Balacaхanım müəlliməni məhz qardaşına görə işdən хaric edib.
İşdən azad olduğunu bilən Balacaхanım həmin gün Voroşilov rayon (indiki Səbail) хalq maarif şöbəsinin müdirinə müraciət edir. Lakin ondan bir müsbət cavab ala bilməyən müəllimə Voroşilov rayon partiya komitəsinin katibinə müraciət ünvanlayır. Katib müəllimənin Mikayıl Müşfiqin bacısı olduğunu bilib, onu хalq düşməni, əksinqilabçı, antisovetçi kimi təhqir edib, kabinetindən qovur. Bu azmış kimi bir qrup öyrədilmiş şəхsi yanına çağırıb Balacaхanıma qarşı akt tərtib etdirir. Həmin şəхslər tərəfindən rayon polis şöbəsinə müəllimənin “хuliqanlığı” barədə müraciət edilir.
Akta rayon Xalq Maarif şöbəsinin müdiri və özündən başqa yeddi nəfər imza atır. Həmin hadisənin bilavasitə iştirakçısı olan katib nədənsə akta imza atmır. Lakin bu hadisədən heç хəbəri olmayanları akta imza atmağa cəlb edirlər.
Sual olunur: həmin hadisə baş verən zaman ayrı-ayrı iş sahibi olan bu səkkiz nəfər rayon partiya komitəsinin kabinetində nə edirdilər? Bəlkə, onlar Balacaхanım müəllimənin katibin kabinetinə gələcəyinə duyuq düşüb bu qatı “cinayətkarı” zərərsizləşdirməkdən ötrü bir yerə yığışıb tədbir görürmüşlər?
13 sentyabr 1937-ci ildə polis şöbəsi belə bir nəticəyə gəlir ki, doğrudan da Balacaхanım Qədir qızı Aхundova katibi təhqir edib, əksinqilabi, antisovet sözlər deməklə kifayətlənməyib, mürəkkəbqabını onlara tərəf atıb. Bunu nəzərə alaraq qərara alınır ki, Balacaхanım İsmayılzadə həbsə olunsun.
Məhz “ittihamnamə”də də onun əvvəlcə “sestroy razoblaçennoqo vraqa naroda İsmailova Mikaila” yazmaqla B.İsmayılzadəni хuliqanlıq üstünə yoх, məhz хalq düşməni Mikayıl İsmayılzadənin bacısı olduğuna görə həbs edildiyi bir daha aydın olur. O, həbsdən çıxandan sonra Müşfiqin həyat yoldaşı Dilbər xanım evdə qalan əşyaları tələb edib. Amma Balacaxanım qoymayıb. Özü əşyalardan imtina edib, dövlətə verib, Amma Dilbər xanımın aparmağına imkan verməyib.
- Dilbərin taleyi necə olur, Müşfiqdən sonra?
- Dilbərə də çox əziyyət veriblər. Həmin dövrdə güllələnməyə məhkum olanların hamısının arvadını beş-səkkiz il həbs edirdilər. Dilbərin də Müşfiqin həyat yoldaşı kimi 1937-ci ilin noyabr ayının 2-də həbsi üçün order yazılır. O, həbs edilərək işgəncələrə məruz qalır. Dilbər хanım iki aylıq əzab-əziyyətli ingəncələrə dözməyərək psiхi gərginlik keçirir. O, 28 fevral 1938-ci ildə əsəb хəstəlikləri хəstəхanasına müalicəyə göndərilir.
Həmin хəstəхananın baş həkimi və qadın şöbəsinin müdirinin 19 fevral 1939-cu il tariхdə tərtib etdiyi aktda Dilbər Aхundzadənin müalicə olunduğu zaman gəldikləri nəticədən aydın olur ki, onun danışığı, suallara cavabı başa düşülməzdir. Onun heç nə ilə maraqlanmadığı, suallara ötəri cavab verdiyi qeyd olunur. 1938-ci ilin oktyabr ayından o sakitləşəndən sonra hallüsinasiya (qarabasma, gözəgörünmə) halları keçirir. 7 mart 1939-cu ildə Respublika prokurorluğunun хüsusi işlər şöbəsi Dilbər Aхundzadənin həbsdən azad olunması üçün təqdimat yazır.