“Dəfn mərasimində həmişəki kimi “topa güllə qoyan” ənənəvi adamlar çıxış etdi..."
12-11-2018, 10:12
Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Moderator.az-a açıqlamasında noyabrın 8-də dünyasını dəyişən xalq artisti Amaliya Pənahova haqqında maraqlı fikirlər səsləndirib. Ş.Ə.Mahmudbəyov bildirib ki, onlar mərhumla həm tələbə yoldaşı, həm də ailəvi dost olublar:
“Çox təəssüf edirəm ki, Amaliya xanımı da itirdik. Dəfn mərasimində həmişə olduğu kimi ənənəvi çıxışlar etdilər. Biz Amaliya xanımla tələbə yoldaşı olmuşuq, həyat yoldaşı da bizimlə birlikdə oxuyub. Əlli altı illik dostluğumuz var. Toyunda da, elçiliyində də özüm iştirak etmişəm. Onu ilk dəfə mən maşına əyləşdirib həyat yoldaşı Yusif Muxtarovun ata evinə, Sabirabadın Qalağayın kəndinə aparmışam. İndiyə kimi xatirimdədi ki, bizi çox yaxşı qarşıladılar”.
Ş.Ə.Mahmudbəyov Yusif Muxtarovla, “Lotu Hikmət” kimi tanınan Hikmət Muxtarovun qohumluq əlaqələrinə dəqiq cavab verib:
“O ailənin içində olan adamam və sizə dəqiq deyim ki, Yusif Muxtarovla, Hikmət Muxtarov doğma əmioğludurlar. Bəzən mediada bunu başqa cür səsləndirirlər”.
Ş.Ə.Mahmudbəyov Amaliya xanım haqqında dəfn mərasimində demək istədiyi sözləri, orda imkan olmadığı üçün bizim vasitəmizlə səsləndirib:
“Çox təəssüf edirəm ki, dəfn mərasimində bizə söz vermədilər, elə həmişəki kimi “topa güllə qoyan” ənənəvi adamlar çıxış etdilər, amma Amaliya xanımın o sözlərin heç birinə ehtiyacı yox idi. Amaliya xanım, sənətkar ömrü yaşayıb. Mənə belə bəlli oldu ki, müqəddəs vətən torpağı sən demə gözəllər üçün darıxıbmış. Torpağın bu istəyini, arzusunu Amaliya xanım öz ölümü ilə gerçəkləşdirdi. Nə yaxşı ki, o, öz gözəl ölümü ilə torpağa qovuşub, əbədiyyətə getdi. Amaliya xanım kimi yüz ildə bir dəfə dünyaya gələn sənətkarlar vətən torpağını gözəlləşdirdilər”.