"Qarşı tərəf o qədər arxayındır ki, hətta Ağdamın Şelli kəndində məktəb açılışı edir..."
21-01-2019, 23:53
"Paşinyanı da, hər bir ermənini də yalnız bizim hərbi uğurlarımız güzəştə məcbur edə bilər"
Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl Strateq.az-a müsahibəsində Qarabağ problemi ətrafında yaranmış yeni şəraiti dəyərləndirib. O, Xarici işlər nazirlərinin bu ilin yanvarın 16-dakı görüşündən sonra verdikləri bəyanatları şərh edib, porsseslərin gedişindən gözləntilər, regionda yaranmış geosiyasi vəziyyətin Qarabağ danışıqlarına təsiri mövzusunda suallarımızı cavablandırıb.
Moderator.az Strateq.az-a istinadən İlham İsmayılla müsahibəni oxucularına təqdim edir:
– İlham bəy, Qarabağ ətrafında gedən son prosesləri necə dəyərləndirirsiniz? Xarici işlər nazirləri görüşdü, prosesdə irəliləyişin olduğuna dair nikbin bəyanatlar verildi. Sizcə, nə baş verir?
– Qarabağ ətrafında son proseslər, əvvəlki illərdə olduğu kimi, bizim xeyrimizə baş vermir. Ümumiyyətlə, aprel döyüşlərindən sonra diplomatik üstünlük düşmən tərəfdədir və Vyana, Sankt-Peterburq görüşlərində ATƏT-in Minsk Qrupu sanki bizi cəzalandırmaqla məşğul olub. Hələ Serj Sarkisyanın dövründə erməni tərəfi Rusiyaya ciddi etirazlar etdi və hərbi arsenalını ”İsgəndər” raket kompleksləri ilə zənginləşdirdi. Son doqquz ayda isə “məxməri inqilab”ın təsiri ilə Ermənistanın imicinin beynəlxalq aləmdə yüksəlməsinin şahidiyik. Nəticəsi də budur ki, cəbhə xəttində tam sakitçilikdir. Sakitçilk isə yalnız düşmənin mənafeyinə xidmət edir.
Qarşı tərəf o qədər arxayındır ki, hətta indiyədək Ağdamda bir dam tikməyə belə ürək etməsələr də, payızda Şelli kəndində məktəb açılışı etdilər. Deməli, yaşayış var ki, məktəb də var. Başqa işğal yerlərində isə fundamental tikintilərlə, qurub-yaratmaqla məşğuldurlar. Görün, nə qədər arxayındırlar. Bu arxayınlığın bir nömrəli günahkarı özümüzük. Nazirlərin görüşündən sonra 25 ildir nə eşitmişdik, onu da eşitdik: “Prosesdə irəliləyiş var”. Paşinyanın hakimiyyəti tam legitimlik əldə etdi, indi diplomatik danışıqlar daha kəskin tonda aparılmalıdır. O ki, qaldı nikbinliyə, ona bir əsas görmürəm.
– Bizim XİN “xalqları sülhə hazırlamaq lazımdır” dedi. Bundan əvvəl də Ermənistandan belə bəyanat səslənmişdi. Hər iki bəyanatdan prosesin gedişatı ilə bağlı hansısa nəticələr çıxarmaq mümkündürmü?
– Bu, yalnız bizim XİN-in deyil, ümumi verilən bəyanatdır və Minsk Qrupu da bu “hazırlığı” öz bəyanatında xüsusi vurğuladı. Bu sülh hazırlığı ilk dəfə səsləndirilmir. “Madrid prinsipləri”ndə də var və təhlükəli bənd odur ki, sonunda nəticəsi məlum olan Dağlıq Qarabağın müstəqilliyi haqqında referendum keçirilir və Azərbaycan da onu tanıyır.
İndi yeni “sülhə hazırlıq” deyəndə, nə nəzərdə tutulur? Sülhün şərtlərinin detallarına qədər xalqın bilməsi onun təbii haqqıdır və son söz də xalqındır.
Budəfəki sülh hazırlığına reaksiyanın həyəcanlı olmasının səbəbləri var. Hələ 1999-cu ilin payızında Dağlıq Qarabağın güzəşt edilməsi Təhlükəsizlik Şurasında müzakirə olunub və üzvlər arasında “Məsləhətdirsə, güzəştə gedək” fikrini səsləndirən də olub. Bilirsiz ki, elə müzakirədən həmən sonra və bir ay ərzində hakimiyyətdə üç istefa baş verdi: Vəfa Quluzadə, Tofiq Zülfüqarov və Eldar Namazov hakimiyyətdən getdi.
2000-ci ildə isə Ki-Uestdə Dağlıq Qarabağa müstəqillik verilməsinin nəzərdə tutulduğu sülh sazişinin imzalanmasının bir addımlığında olmamızı Koçaryanın “Həyat və azadlıq” kitabından öyrəndik. Yəni hakimiyyətdə Qarabağın müstəqilliyinə razılıq verilməsi meyllərinin yaxın keçmişdə olması və indi də “xalqları sülhə hazırlamaq” ideyasının səsləndirilməsi, ilk növbədə, bizi gərginliyə salır, nəinki ermənini. Erməniyə Dağlıq Qarabağ lazımdır, onu da alır. Ətraf rayonlardan da Kəlbəcər və Laçına iddiaları açıqdır. İtirəcəkləri beş rayonun qaytarılmasına erməni xalqı daxilən çoxdan hazırdır, üzə vurmadıqlarına baxmayın. Yəni onların itirdikləri bir şey yoxdur. İtirən biz oluruq, ona görə də bu bəyanat daha çox bizim xalqa ünvanlanıb, “xalqlara” yox.
– Ümumiyyətlə, münaqişənin həlli istiqamətində müsbət dinamika yarana bilərmi? Münaqişə tərəflərinin, vasitəçilərin mövqeyində yenilənmə və ya əvvəlki mövqeləri dəyişməyə təsir edən hər hansı faktorlar varmı?
– Münaqişənin həllində müsbət dinamika o zaman ola bilər ki, bizim hərbi uğurlarımız olsun. O da yoxdur. Biz məğlub tərəfik. Məğlub diktə edə bilməz. Diktəni qalib düşmən edir. Bizim indiki etirazlarımız döyülən uşağın qaçıb söyüş söyməsinə bənzəyir. Ən azı bir neçə yaşayış məntəqəsi azad edilməsə, biz danışıqlarda yazıq görkəmdə olacağıq.
Aprel döyüşlərindəki bir neçə hektarın ələ keçirilməsi bu problemin həllinə heç nə vermir və dəryada damla səviyyəsində də deyil. Bizə bir neçə hektar torpaq sahəsi yox, yaşayış məntəqələrini azad etmək lazımdır. Bizə düşməni daim atəş altında saxlamaq lazımdır ki, düşmən bu torpaqlarda rahat yaşaya bilməyəcəyinin fərqində olsun. Kim mane olacaq? Rusiya, Minsk Qrupu? O zaman da onların qarşısında tələbi sərt qoymaq lazımdır. Bizim itirəcək daha nəyimiz qalıb ki?
– Rusiyanın hazırkı mövqeyini necə xarakterizə edərdiniz?
– Rusiyanın hazırkı mövqeyi 100 il bundan əvvəlki mövqeyindən fərqlənmir. Rusiya status-kvonun qalmasında maraqlıdır ki, hər iki tərəfə təzyiq etsin. Amma vəziyyətin bu cür davam etməyəcəyini də bilir. Ona görə çalışır ki, hansısa addım atanda yenə hər iki tərəfə təsiri qalsın. Bunun üçün ən yaxşı halda “sülhməramlı” adı altında öz qoşunlarını Aran Qarabağla Dağ Qarabağ arsında yerləşdirmək, Qarabağın statusunu da uzun müddətə açıq saxlamaq istəyir. Buna da erməni tərəfin razılığı yoxdur. Rusiya qorxur ki, Ermənistanın indiki hakimiyyəti bu cür həlldən sonra Rusiyadan tamam üz döndərib, birmənalı Qərb tərəfə keçər. Rusiyanın özündə vəziyyət kifayət dərəcədə gərgindir və iqtisadi cəhətdən ağır durumdadır. Ona görə indiki şəraitdə Qarabağ məsələsinin aktivləşməsində maraqlı deyil. Belə situasiyadan yararlanmaq lazımdır, həm diplomatiyada, həm də hərbi müstəvidə.
– Ermənistanda Qarabağla bağlı ümumi ab-hava necədir? Paşinyan hökumətinin ciddi addımlar atması üçün real imkanları varmı?
– Qarabağ Paşinyan hakimiyyəti üçün həssas mövzudur. Ona görə ki, yıxılan “Qarabağ klanı” yeni hakimiyyəti Qarabağı güzəşt etməkdə şantaj edir. Paşinyan da bunu bildiyindən, Qarabağa daha çox diqqət yetirir və əvvəlkilərdən də tez-tez Qarabağa baş çəkir.
Paşinyan hələ yerini möhkəmlətməklə məşğuldur, biz də onun möhkəmlənməsinə cəbhədəki susqunluğumuzla şərait yaradırıq. Kim fikirləşirsə ki, Paşinyan Qarabağın müstəqilliyindən imtina edəcək, yanılır. Paşinyanı da, hər bir ermənini də yalnız bizim hərbi uğurlarımız güzəştə məcbur edə bilər. Danışıqların səmərəsi olmayacaq – əgər biz tərəfdən güzəşt olmasa.
– Hiss olunur ki, “Qarabağ klanı” İrəvana ciddi mane olur, prosesi tormozlayır. Yaxın zamanlarda Xankəndində, eləcə də İrəvanla separatçıların münasibətlərində ciddi böhran yarana bilərmi?
– “Qarabağ klanı” İrəvanın yalnız daxildə apardığı siyasətlə barışmır və müqaviməti də ciddi deyil, çox zəifdir, çünki xalq tərəfdən dayaqları yoxdur. Paşinyan Qarabağla əlaqədar bizim xeyrimizə olan nə edir ki, klan da bu prosesi pozsun? İrəvanla Xankəndi arasında narazılıq yaranmaz. Ermənilərin ictimi-siyasi şüuru milli məsələlərdə həmrəydir. Sarkisyanın istefası da bunu təsdiqləyir. Xankəndi məmurları İrəvandan asılı olduqlarını dərk edirlər və əks mövqe göstərildiyi halda, iqtisadi böhranla üzləşəcəklərini də bilirlər. Belə bir qarşıdurmanı orda yalnız Rusiya yarada bilər. Bunu da o zaman ki, İrəvan hakimiyyətinə bu yolla təzyiq etsinlər.
– Azərbaycanın daxilində bu məsələ ilə bağlı hansı proseslər gedə bilər?
– Qarabağ məsələsi tədricən həm ictimai nüfuza malik insanların, həm də Qarabağ camaatının gündəminə çevrilir. İlk növbədə cəmiyyətin bu istiqamətdə üzərinə düşən vəzifələri ona çatdırılmalıdır və belə bir proses sürətlə inkişaf edir. Siyasi hakimiyyət uğrunda mübarizə edən qüvvələr də hakimiyyətin ən zəif yerinin Qarabağ olduğunu bilir və Qarabağ probleminin həlli yolunda artıq nəticəsi olacaq siyasət aparılmasını tələb edir. İndiyədək aparılan siyasətin uğursuzluğu daha çox qabardılır. Qarabağ camaatı, keçmiş döyüşçülər, bölgənin nüfuzlu şəxsləri təşkilatlanmağı hədəfləyir və “Bütöv Qarabağ uğrunda” mübarizə aparılmasını, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində problemin həll edilməsi üçün addımlar atmağın vacibliyini səsləndirirlər. Ona görə Qarabağ camaatı ayrıca götürülür ki, “xalqların sülhə hazırlanması” deyəndə, ilk növbədə, Qarabağ camaatının manipulyasiya edilməsi siyasətinin aparılacağı gözlənilir. Qarabağ camaatına isə şikəst Qarabağ yox, bütöv Qarabağ lazımdır və bundan ötrü üzərinə düşən mənəvi, fiziki gücü göstərməyə hazırdır.
– Ümumilikdə regionda durumu necə dəyərləndirirsiniz? Qlobal rəqabət Cənubi Qafqazı necə şəkilləndirəcək?
– Regionda vəziyyət daha da gərginləşəcək. ABŞ və İsrailin İrana qarşı təzyiqlərinin artacağı və İranın daxilində qarışıqlıq və gərginliyin yüksələn xətlə inkişaf edəcəyi gözlənilir. Eyni zamanda Rusiyanın da Cənubi Qafqazdan ehtiyatla sıxışdırılması xətti davam edəcək. Qlobal qarşıdurmanın episentrlərindən biri məhz bu bölgədə aydınlaşa bilər. Amerikanın strateji mərkəzləri üçüncü dünya müharibəsinin Azərbaycandan, yəni Qarabağdan başlamasını belə ehtimallar sırasına qatır. Bizim böyük qonşular dünyaya təhlükə kimi xarakterizə olunur və dünyanı təhdid edən beş faktorun üçünün ortasında olduğumuzu unutmamalıyıq.