“İnanıram ki, prezidentimiz onu bağışlayar” - Hakim partiyanın deputatı Mehman Hüseynov haqqında

22-01-2019, 08:55           
“İnanıram ki, prezidentimiz onu bağışlayar” - Hakim partiyanın deputatı Mehman Hüseynov haqqında
Bir neçə gün öncə Avropa Parlamenti xüsusi iclas çağıraraq “Azərbaycanda insan haqları, demokratiya və qanunun aliliyinin pozulması ilə bağlı qətnamə” qəbul etdi. Azərbaycan hökumətinin kəskin reaksiyasına səbəb olmuş bu münasibətin ardınca Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının çağırılması belə ehtimallara yol açıb ki, Avropanın digər qurumu da ermənipərəst qüvvələri sevindirəcək addım ata bilər. Xüsusilə də gənc blogger Mehman Hüseynovun həbsinin davam etməsi, ona qarşı yeni cinayət işinin açılması barədə xəbərlər bəzi dairələri hərəkətə gətirib. Hakim partiyadan olan deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”ın son durumla bağlı suallarını cavablandırdı.

- Bəxtiyar bəy, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə sizin münasibətiniz necədir? Bu sənədin ardınca daha hansı təzyiq rıçaqlarına əl atılacağını gözləmək olar?

- Bu günlərdə Avropa Parlamenti Azərbaycanla bağlı hansısa müzakirələr keçirib xoşagəlməz qərar qəbul etdi. Belə hallar artıq ənənə şəklini alıb. Hər dəfə Avropa Şurası Parlament Assambleyasının qış sessiyasi ərəfəsinə bunlar nə isə bir bəhanə tapırlar və çalışırlar ki, Azərbaycanla bağlı hansısa müzakirələr təşkil etsinlər. Həmin müzakirələrdə Azərbaycanda demokratiyanın olmadığı, insan haqlarının pozulduğunu iddia edirlər, məhkəmə qərarlarının ədalətli olmasına şübhəli münasibət ifadə edirlər. Biz artıq bu cür yanaşmalara adət etmişik. Çox təəssüf ki, bunlar hələ də Azərbaycana təzyiq və təsir cəhdi edirlər. Ancaq xoşdur ki, bunların bütün bu cəhdlərinə baxmayaraq, Azərbaycan öz yolu ilə gedir, müstəqil siyasət yürüdür, daim güclənir, siyasi nüfuzunu artırır. Bunlar isə həmin qüvvələri “ruhdan salmır” və çalışırlar ki, yenə də öz dediklərini deyib, hansısa əlavə təsir göstərsinlər. Bizsə öz yolumuzla gedirik. Azərbaycanda demokratiya da var, mətbuat, söz azadlığı da, insan haqları da qorunur, hər hansı bir hadisə olanda məhkəmə araşdırması gedir, məhkəmə qərarı verilir, onun əsasında addımlar atılır. Əgər bunlar Mehman Hüseynovla bağlı “narahatlıq” bildirirlərsə, Mehman Hüseynov heç özü narahat deyil. O, heç aclıq da elan etməyib. Mehman həm bizdən olan hüquq müdafiəçiləri ilə görüş vaxtı, həm xaricdən gələn əcnəbilərlə həbsxanada ona normal münasibət bəslənildiyini və heç bir təzyiqə məruz qalmadığını, üstəlik, aclıq etmədiyini bəyan edib. İndi bəzi qüvvələr çalışırlar ki, Azərbaycanda “beşinci kolon”u aktivləşdirsinlər. Görürsünüz, “Məhsul” stadionundakı sonuncu mitinqi də həddindən çox şişirtdilər. Orada nə olmuşdu ki? Orada qeyri-adi heç nə yox idi, 25-30 ilin “ənənəvi müxalifəti”, ənənəvi çıxışlar, ənənəvi liderlərin ənənəvi çağırışları...

- AŞ PA-nın iclasından nə gözləyirsiniz?

- AŞ PA-da da bundan əvvəlki mövqelərə bənzər müzakirələr keçirilsə, son günlərin müzakirə mövzusu ilə bağlı bəyanat yayılsa, mən qətiyyən təəccüblənmərəm. Amma yenə deyirəm, biz müstəqil siyasətimizi yürüdürük, güclənirik, demokratik inkişaf yolu ilə gedirik, heç kim bizə təsir və ya təzyiq göstərmək fikrinə düşməsin! Biz öz prezidentimizə inanırıq, o da bizi düz, doğru yolla aparır.

- Beynəlxalq səviyyədə qəbul olunmuş belə bir prinsip var ki, insan haqları heç bir ölkənin daxili işi sayıla bilməz. Həmçinin Azərbaycanın da qoşulduğu beynəlxalq konvensiyalar və təşkilatlar var. Müxalifət də daha çox həmin prinsiplərə və beynəlxalq qaydalara istinad edir. Bütün bunlara rəğmən, Azərbaycan hökuməti ölkəmizə qarşı təzyiq rıçaqlarının işə salınması üçün bəhanələrin axtarılmasını nəzərə alıb bir daha situasiyanı sərf-nəzər edib müvafiq addımlar ata bilərmi?

- Əvvəlcə, sualın birinci hissəsinə münasibət bildirim: mən çox şadam ki, Avropa təşkilatları, həmçinin Avropa İttifaqı, Avropa Şurası insan haqlarının müdafiəsi ilə bağlı addımlar atmaq istəyirlər və narahatlıqlarını bu şəkildə ifadə edirlər. Amma yaxşı, nə üçün seçmə insanların hüquqları ilə bağlı? Bəs bizim 1 milyon 200 min qaçqın, məcburi köçkünümüz? Onlar insan deyil? Onların hüquqları yoxdur? Mən belə hesab edirəm ki, artıq vaxtdır! Bunlar nə qədər ki, öz dediklərini deyib haqsız-ədalətsiz, qərəzli mövqe nümayiş etdirəcəklər, məncə, biz də qətiyyətli mövqe tutub bu təşkilatla bağlı hansısa addımlar atmalıyıq, artıq bunun vaxtı yetişib. Necə, hansı addım, mən hesab edirəm ki, dövlət başçısı cənab İlham Əliyev bunu müəyyənləşdirəcək və onun qəbul etdiyi qərarı bütün xalqın dəstəkləyəcəyinə əminəm.

- Bundan əvvəlki illərdə də Avropa Parlamenti ilə Bakı arasında gərginlik yaranmışdı, lakin avroparlamentarilərin prezidentlə görüşündən sonra anlaşma mühiti bərpa olundu. Azərbaycanın rəsmi mövqeyi bundan ibarətdir ki, Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır. Qarşıdakı aylarda isə Azərbaycanla Avropa İttifaqı arasında sazişin imzalanması gözlənilir. Bəlkə ermənipərəst qüvvələr, erməni lobbisi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən beynəlxalq təşkilatla rəsmi Bakı arasında imzalanacaq sazişin qarşısını almaq üçün hərəkətə keçib, razılaşırsınızmı? Yaxud burada Rusiyadakı dairələrin mənfi rolu ola bilərmi?

- Şübhəsiz, bu, anti-Azərbaycan şəbəkənin işidir. Burada erməni diasporunun addımları görünür. Burada bizi istəməyən qüvvələr, dövlətlər var. Biz bəzən heç onların adını çəkmək istəmirik, açıq demirik, amma hansı oyunlardan çıxdıqlarını, gizli şəkildə hansı təzyiqlər göstərmək istədiklərini, hansı maneələr yaratmağa cəhd etdiklərini gözəl bilirik. Amma Avropa İttifaqı ilə Azərbaycan arasında çox yaxşı danışıqlar gedir, hazırlanan müqavilənin şərtləri müzakirə olunub. Mən əminəm ki, bu müqavilə imzalanacaq. Çünki o müqavilə, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı bizə nə qədər lazımdırsa, Avropaya bəlkə bizdən daha çox lazımdır. Ona görə də mənim şübhəm yoxdur ki, bütün bu kimi maneə yaratmaq cəhdlərinə, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri korlamaq istəklərinə baxmayaraq, o müqavilə də imzalanacaq, Azərbaycan öz uğurlu yolu ilə öz hədəflərinə doğru inamla, sürətlə irəliləyəcək!

- İndiki halda Mehman Hüseynovla bağlı məsələ gündəmdədir. Sizin deputat həmkarlarınız Azay Quliyev bloggerlə bağlı məsələnin obyektiv araşdırılması üçün müraciət edib, Səməd Seyidov isə vəziyyətdən narahatlığını bildirib. Beynəlxalq təşkilatlarla münasibətlərdə gərginliyin yaranmaması üçün hansı addım atıla bilər?

- Mən həmkarlarımla tam razıyam. Qoy araşdırma aparılsın. Mehman Hüseynov bayırda olanda neynirdi ki? Bunlar belə bir mif yaratmışdılar ki, guya İlqar Məmmədov çıxsa, belə olacaq, elə olacaq... Hamısı mənasız söhbətlərdir. Azərbaycanda iqtidar-xalq birliyi var, heç kim bu sabitliyi poza, buna əngəl törədə bilməz. Belə hallarda isə Avropa tərəfindən, müxtəlif dövlətlər tərəfindən atılan addımlar göstərir ki, “beşinci kolon”un üzvləri hansı dövlətlərə məxsusdurlar, hansı ölkələrdən tapşırıqlarını və qrantlarını alırlar. Onlarla bağlı narahatlıq ki, ifadə olunur, onda bütün kartlar açılır. Mən ümumilikdə həmkarlarımın mövqeyi ilə tam razıyam.

- “Beşinci kolon”dan bəhs etdiniz. Azərbaycanda hansı ölkələrin “kolon”ları daha təhlükəlidir, Qərb ölkələrinin, yoxsa Rusiyanın?

- Mən ad çəkə bilmərəm, millət vəkiliyəm. Jurnalist olsaydım, məmnuniyyətlə ad çəkərdim. O dövlətlərin hamısının marağı var.

- Bəxtiyar bəy, Mehman Hüseynov prezident İlham Əliyevə müraciət edib və özü ilə bağlı araşdırmanın düzgün araşdırılmasına göstəriş verməsini xahiş edib. Siz prezidentin humanizm prinsiplərini əsas götürüb gənc məhbusla bağlı müsbət qərar verəcəyini gözləyirsinizmi?

- Mehman Hüseynovun ölkə prezidenti cənab İlham Əliyevə müraciəti bir daha onu göstərir ki, həqiqətən də Mehmanla bağlı hadisələr şişirdilir. Bu həbsdən Azərbaycanda insan haqlarının pozulması və digər məsələlərlə bağlı şou düzəltməyə çalışırlar. Əgər o, prezidentimizə müraciət edibsə və doğrudan da düzgün araşdırma istəyirsə, mən inanıram ki, bizim prezidentimiz alicənabdır, həmişə insanları bağışlamağı bacarır və sevir. Hətta inanıram ki, prezidentimiz onu bağışlayar...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.