"ABŞ Nəsiminin məzarına bombalar yağdırırdı, bizsə..." - Alim tarixi FAKTLARI ÜZƏ ÇIXARTDI
22-01-2019, 09:39
Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi böyük dühalar içərisində Nəsiminin adı hər zaman iftixarla çəkilir. Onun poeziyası Tanrının ən böyük möcüzəsi olan insana yüksək qiymət vermək, ona ilahi hisslərlə yanaşaraq ruhunu və cismini incitməmək, düşünən beyinlərə qənim kəsilməmək və s. bu kimi humanist ideyaları tərənnüm yolu ilə təbliğ etmək məqsədi daşıyır.
Nəsiminin söz dünyası zəngin bir xəzinə kimi tükənməzdir. Bu xəzinəyə nə qədər müraciət olunsa da, hələ onun açılmayan üfüqləri var. Nəsimi irsinə müraciət etmək o qədər də asan deyil. Gərək sənətkarda böyük istedad, yüksək peşəkarlıq və Nəsimini duya bilən fəhmi olsun ki, o, dahi şairin adını yaşadacaq dolğun əsər yarada bilsin. Xalq artisti, UNESCO-nun “Sülh artisti” Firəngiz Əlizadənin “Nəsimi” passionu XXI əsrdə Nəsimiyə ithaf olunan ən möhtəşəm əsərdir.
Müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarından olan görkəmli bəstəkar, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə "Nəsimi ili" elan edilməsi barədə fikirlərini Publika.az-a bölüşüb.
- Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə "Nəsimi ili" elan edilməsinin əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Cənab prezidentin 2019-cu ili "Nəsimi ili" elan etməsi çox böyük mədəniyyət hadisəsidir. Bu, mədəniyyət və incəsənət sahəsində çalışan insanlar üçün böyük töhfədir. Bir daha aydın olur ki, ölkə başçısının şairlərimizə, bəstəkarlarımıza, musiqimizə və şeiriyyatımıza çox gözəl münasibəti var. O da məlumdur ki, biz Nəsiminin zəngin yaradıcılıq irsini yeni kəşf etmirik. Böyük şəxsiyyət, şair, mütəfəkkir, filosof, hürufizm və sufizm təriqətinin ən görkəmli siması olan Nəsiminin şeirləri və onun ideyaları məni və Azərbaycan bəstəkarlarını həmişə özünə cəlb edib.
Keçən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanda ilk dəfə möhtəşəm “Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı” keçirildi. Yüksək səviyyədə təşkil olunan festivalda Fikrət Əmirovun baleti nümayiş olundu. Ümid edirəm ki, növbəti festivallarda mənim əsərlərim səslənəcək.
- Yaradıcılığınızda Nəsimi poeziyasına müraciət etmək ehtiyacı nədən yarandı?
- Nəsimi bütün həyatı və yaradıcılığı boyu müqəddəs amalları uğrunda cəmiyyət ilə mübarizə aparıb. Tarix və ilahi ədalət bir daha göstərir ki, bu mübarizədə Nəsimi qələmi qalib gəlib. Nəsimi humanist ideyalar uğrunda apardığı mübarizəsi ilə əbədilik qazanmağa və qəlblərdə yaşamağa nail olub. 1973-cü ildə mütəfəkkir şairin 600 illik yubileyinin, 2017-ci ildə isə vəfatının 600 illiyinin UNESCO səviyyəsində qeyd olunması onun dahiliyinin və əbədiyaşarlığının bariz nümunəsidir.
Nəsimi barədə 3 böyük əsər yazmışam. Onun şeriyyətinə ilk dəfə 1994-cü ildə müraciət etmişəm. Birincisi, “Zikr” əsəridir. Bu əsər Türkdilli ölkələrdə çox məşhurdur. Burada Nəsiminin zikr etməsi tərənnüm olunub. Aygün Bayramova ilə məşqlər apardıq, daha sonra onunla birlikdə Amsterdama yollandıq. O, bu əsəri Amsterdamın möhtəşəm konsert zalında ifa etdi. Eləcə də Londonda, Parisdə və digər Avropa paytaxtlarında “Zikr” əsəri İran xanəndəsinin və "Atlas" ansamblının ifasında göstərilib. 45 nəfərlik "Atlas" ansamblının xüsusiyyəti ondan ibarətdir ki, orada Çindən başlamış, Azərbaycana qədər dünyanın bütün milli musiqi alətləri istifadə olunur. Məsələn, erxu skripka ilə kamançaya oxşar, çox spesifik səsi olan yaylı alətdir. Bu alətlərin köməyi ilə Nəsiminin zikr edərkən yaşadığı ekstazı, çox sirli hisslərə qapılmağını və səmaya qalxmasını qeyri-adi tembr və səs rəngləri ilə çatdırmağa çalışdım, çox gözəl alındı. Daha sonra İran ifaçısı bu əsəri dəfələrlə hər yerdə səsləndirdi.
Nəsimiyə ünvanlanmış ikinci əsərim “Dərvişdir”. Əslən çinli olan XX əsrin ən tanınmış amerikalı violonçel ifaçısı - Yoyo Ma "Trans Atlantik" layihəsinə "İpək yolu" festivalına mən də daxil olmaqla 12 bəstəkar dəvət etmişdi. Bu layihə üçün “Dərviş” əsərini yazdım. 2000-ci ildən başlayaraq, 2008-ci ilə qədər – 8 il ərzində Yoyo Ma və Alim Qasımovun ifasında səslənən “Dərviş” demək olar ki, iki dəfə bütün dünyanı gəzdi. Burada Alim Qasımovla bərabər daha iki gözəl sənətçimiz: kanon ifaçısı Təranə Əliyeva ilə həm tütək, həm zurna, həm də ney ifaçısı olan İlham Nəcəfov da çıxış edirdi.
Dahi şairin çəkdiyi iztirablar “Nəsimi Passion” əsərində tərənnüm olunub. 2017-ci ildə Amsterdamda, "Konsert Gebau"da İmadəddin Nəsiminin sözlərinə yazdığım “Nəsimi Passion” əsərim təqdim olundu. Passion ilahilərə həsr olunmuş musiqi janrıdır. Bu janrı dünya musiqisinə ilk dəfə İohan Sebastian Bax daxil edib. Passionda müqəddəslərin keçdiyi ağır yol və iztirablar təsvir olunur.
Əsərin Amsterdamda keçirilən premyerasına getmək üçün taksiyə mindik. Taksi sürücüsü ilə söhbət zamanı bəlli oldu ki, türkdür. Səfərimizin Nəsimi ilə bağlı olduğunu eşidəndə dedi ki, əlverişli vaxta təsadüf etməyib. Çünki o vaxt Amsterdamda İslama qarşı nifrət hissi baş qaldırmışdı, hətta ciddi qarşıdurma olmuşdu. 2017-ci ildə Türkiyə seçkilərindən öncə Amsterdamda təbliğat aparılmasına icazə verilməmişdi. Bütün bu hadisələrin fonunda “Nəsimi Passion” əsəri təqdimat mərasimi baş tutmalı idi. “Nəsimi Passion” əsərini sonda 2000-dən çox tamaşaçının toplaşdığı zal ayaqüstə 20 dəqiqə dayanmadan alqışladı. Belə bir islamofobiya mühitində biz uğurlu işə çatdıq. Bu alqışlar əbədiyaşar sənətkarın ruhuna dərin ehtiramın ifadəsi idi.
- Əsər hansı dildə ifa olunmuşdu?
- “Nasimi Passion” əsərini 2016-cı ilin sonunda bitirmişdim, məndən yüz dəfə xahiş etdilər ki, qəzəl ya alman, ya da ingilis dilinə tərcümə olunsun. 150 nəfərlik orkestr və 85 nəfərlik xor üçün Azərbaycan dilindəki orijinal versiyanı səsləndirmək çətin idi. Buna baxmayaraq, razı olmadım. Dedim ki, Nəsimi necə yazıbsa, o cür də ifa olunacaq. Biz italyan və ingilis şairlərinin əsərlərini olduğu kimi ifa ediriksə, Nəsiminin də orijinal dildə olan versiyası oxunmalı idi. Xor öz səsimlə yazdırıb göndərdiyim versiya üzərində məşq etdi, nəticə möhtəşəm alındı.
Amsterdamda mənə təklif gələndə düşündüm ki, passionu İsa Məsihə ithaf edə bilmərəm. Bizim iztirablı yolları keçən öz Nəsimimiz var. Heç kimə sirr deyil ki, görkəmli mütəfəkkirin insanlara böyük təsir qüvvəsi olub. Onun edam səhnəsi dözülməz dərəcədə dəhşətlidir... Meydana toplanmış izdiham Nəsimini qorumaq və “Mənəm Nəsimi, məni edam edin” deyərək filosofu xilas etmək istəyirdi.
Onun üzvü olduğu təriqətlər sirli idi. Çünki bu təriqətlərin yaydığı ideyalar İslami qanunlarına əks idi. Nəsimi belə hesab edirdi ki, insan müqəddəsdir və surətində Allah təsvir edilib. O, insanın Allah surətində yaranmasını fəlsəfi-poetik dillə təsvir edirdi. Onun panteist ideyaları, hətta təbiətə və səmaya ehtiramı islamçıları çox hiddətləndirirdi. Bu səbəbdən də Nəsimi Misir sultanı tərəfindən edam olundu.
Rasim Balayevin rol aldığı “Nəsimi” filmi özlüyündə gözəl ekran əsəridir. Lakin xarici dilli mənbələrdən oxuyarkən xeyli maraqlı və yeni faktlarla tanış olursan, vacib detal təsvir edilməyib. Nəsimi sirli insan idi, onu heç kim tanımırdı. Hərbçilər düşünürdü ki, Nəsimi iri cüssəli bir cəngavərdir. Yeri gəlmişkən, Nəsimi qılınc oynatmaqda çox mahir olub. Digər tərəfdən də onu müxtəlif cildlərdə tanıyırdılar.
Başqaları onu müxtəlif obrazlarda və adlarda tanıyırdı, Nəsimi adını tez-tez dəyişirdi. Müridləri Nəsimiyə quru və filosof kimi baxırdı. O, müridlərinə fəlsəfədən, planetlərdən xəbər verirdi, kosmoqoniya ilə yaxından maraqlanır və astronomiyada yeni kəşflər edirdi.
Poeziya əhli onu istedadlı şair kimi tanıyırdı. Şeirləri dillər əzbər idi. O, edama aparılanda çox qarışıqlıq yaranmışdı. Nəsiminin qanı murdar elan olunmuşdu, əgər edam zamanı qanı kiminsə üstünə sıçrasaydı, o adamı əli kəsilməli idi. Təsadüf elə gətirdi ki, şairin bir damla qanı xəlifənin barmağına düşür. O, isə sözündən imtina edərək barmağını kəsilməkdən xilas edir. İnsan inana bilmir ki, bir müsəlman Nəsimiyə belə divan tutub.
Maraqlıdır ki, şairin iztirabları bununla bitməyib. 2017-ci ilin 7 aprel tarixində baş tutan sonuncu məşq zamanı ingilis dirijoru Martin gəlib “Bilirsiniz nə baş verib?” deyə sual verdi. Ona maraqla baxan orkestr “Nə olub, maestro” deyə soruşdu. Məlum oldu ki, Nəsimiyə ithaf olunmuş konsert günü amerikalılar Hələb şəhərini bombalamağa başlayıb. Orada Nəsiminin məzarına bombalar yağırdı, biz isə konsertə hazırlaşırdıq, səhnədə onun iztirablarını göstərirdik... Əvvəlcə təşvişə düşsək də, konsert yüksək səviyyədə keçdi, tamaşaçılar arasında göz yaşları tökənlər var idi. O, məlum oldu ki, növbəti gün kitabxanada Nəsimi ilə maraqlananların sayı artmışdı.
- Nəsimi əsərləri hansı ölkənin tamaşaçasına daha dərin təsir göstərib?
- Sözsüz ki, şərqdə daha geniş yayılıb, əsasən İranda cənubi azərbaycanlılar Nəsimini çox sevir. Tacikistanda və Özbəkistanda da şairə qarşı xüsusi münasibət var. Lakin Nəsimini sadəcə şərqə aid etmək olmaz, onun ideyaları bəşəridir. Dünya şöhrətli filosoflar və alimlər indiyədək onun poeziyasının sirlərini açır. Məsələn, Almaniyanın şair-dramaturqu, mütəfəkkir və naturalisti - İohann Volfhanq Höte “Qərb-Şərq Divan” əsəri yazarkən Nəsiminin ideyaları ilə tanış olub.
- Nəsiminin iztirablarını musiqi yolu ilə təsvir edərkən hansı duyğulara qapıldınız?
- Gecələr yata bilmirdim, əsəri yazanda sanki o, məni çağırırdı... Onun poeziya dəryasının o qədər dərinliyinə enmişdim ki, gözümə yuxu girmirdi, Nəsiminin səsini eşidirdim, virtual dünyada onunla daimi ünsiyyətdə idim. Və bu, mənə mənəvi əzablar verirdi.
- Maraqlıdır ki, bəstəkar əsərini bitirdikdən sonra hansı hissləri yaşayır?
- Bəstəkar əsəri yazıb bitirsə də, onun adekvat ifasını gözləyir. Daxilində eşitdiyin musiqini ifaçının necə başa düşdüyünü və necə həyata keçiriləcəyini gözləyirsən. Xoşbəxtəm ki, “Nasimi Passion” əsərində buna nail oldum. Amsterdamda keçirilən konsertdə Nəsiminin sözləri səhnədə quraşdırılan ekran əsərində holland dilinə tərcümə edilmişdi.
- Bu gün müxtəlif millətlər Nəsimini özününkiləşdirməyə çalışır. Buna münasibətiniz necədir?
- “Dərviş” əsərinin Amerikada keçirilən konsertindən sonra bir tacik yaxınlaşıb “Çox sağ olun ki, bu əsəri tacik dilində oxudunuz” deyərək mənə təşəkkür etdi. “Nə tacik dili, bu, əsərin orijinal versiyasıdır” deyə irad bildirdim. Təbii ki, dil dəyişir və inkişaf edir, Nəsimi bugünkü Azərbaycan dilində yazmayıb, ərəb və fars sözlərindən istifadə edib. Nəsimi bütün şərqi səyahət etdiyi üçün bütün türk dilli və fars dilli xalqlar Nəsimi uğrunda mücadilə aparır.
Nizaminin də fars olduğu deyilirdi, halbuki, Nizami Gəncədə doğulub və heç vaxt Gəncədən kənara çıxmayıb. Təəssüf ki, belə söhbətlər var. Bilirsiniz, bizim o qədər dəyərli və çox istedadlı şair və musiqiçilərimiz var ki, onlara təcavüz edib özlərinə aid etmək istəyirlər.
- Nəsiminin "Allah insanın özüdür" ideyaları haqqında siz hansı fikirdəsiniz?
- Nəsimini dərindən öyrəndiyimi deyə bilmərəm, Nəsimişünaslar bu barədə daha dolğun danışa bilər. Lakin onun poeziyasının bədii təsir qüvvəsi qədər güclüdür ki, istər-istəməz ona inanıram. Nəsimi araşdırmaq üçün fars və ərəb dillərini öyrənmək vacibdir. Təəssüf ki, biz ingilis, rus dillərini mükəmməl bilirik, amma ərəb və fars dillərinin öyrənilməsinə biganə yanaşırıq. Odur ki, poeziya və fəlsəfəmiz oxucu üçün bağlı bir kitab kimidir, onu açmaq zəhmət tələb edir. Bəzən musiqişünaslar riyaziyyat, fəlsəfə, tibb və musiqi elmlərinə misiliz töhfələr bəxş etmiş Fərabi ilə bağlı iddialar irəli sürür. Sual olunur ki, siz o əlyazmaları orijinaldan oxuya bilirsiniz, ya yox? Əgər oxuya bilmirsinizsə, onda nədən danışırsınız?
- Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.
- Nəsiminin məzarı vaxtı ilə Osmanlı imperiyasının tərkibinə daxil olan Suriyanın Hələb şəhərində yerləşir. Ulu öndər Heydər Əliyev 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən Prezident Hafiz Əsədə Hələb şəhərinə getmək və İmadəddin Nəsiminin məzarını ziyarət etmək istədiyini söyləyir. Məzar tapılmadığından Heydər Əliyev onu ziyarət edə bilmir. Bir neçə gündən sonra nəhayət ki, məzar tapılır. Bundan sonra Heydər Əliyevin göstərişi ilə 600 illik yubileyinin keçirilməsi və kinofilmin çəkilişi üçün tapşırıqlar verilir və müvafiq qərarlar qəbul edilir. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdu.
- Hürufi və Sufi təriqətində ney alətinin də özünəməxsus yeri var.
- İslamda musiqi və digər sənət növləri yasaq idi, sufizm isə incəsənətin inkişafı üçün çox geniş imkanlar və yeni yollar açırdı. Odur ki, şairlər və yaradıcı insanlar sufizmə daha çox meyil edirdi. Sufizmin yaranması ilə musiqi inkişaf etməyə başladı. Yeri gəlmişkən, çox seriyalı “Paytaxt Əbdülhəmid” türk serialında sufizm təriqətinin üzvlərinin rəqsləri gözəl təsvir olunub. Biz sufi rəqslərini ritm kimi başa düşürük, amma bu ritmlərdə Morze əlifbası kimi müəyyən mesajlarda gizlənirdi. Bu, həqiqətən bir dünyadır.
- "Nəsimi ili" elan olunması münasibətilə bu istiqamətdə daha hansı işlər görməyi planlaşdırırsınız?
- Bəstəkarlar ittifaqının katibi, gənclərlə iş bölməsinin rəhbəri Aliyə Məmmədova və Milli Konservatoriyanın professoru Cəlal Abbasovla birlikdə gənc bəstəkarları toplayıb “Nəsiminin poeziyasının təbliği istiqamətində hansı töhfələri verə bilərik” sualı ətrafında müzakirə apardıq. Bu qənaətə gəldik ki, gənc bəstəkarlar müxtəlif xarakterli qəzəllər toplusuna kompozisiyalar hazırlansın. Hərə özünə yaxın bildiyi qəzəli seçib ona musiqi əsəri bəstələyəcək və biz onları toplu kimi konsertdə ifa edəcəyik. Fevralın birinci həftəsində artıq mətnləri və dramaturji xətt üzərində müzakirə aparacağıq, sentyabrda isə qastrol səfərlərinə başlamağı nəzərdə tuturuq. İstərdim ki, Nəsimi yaradıcılığının təbliği sadəcə Azərbaycanda deyil, digər ölkələrdə də aparılsın. 5-6 nəfərdən ibarət musiqiçi heyəti ilə dünyanı əhatə edən geniş layihələr həyata keçirmək niyyətindəyik. Layihənin gerçəkləşməsi üçün artıq müraciət etmişik, nəticəsini gözləyirik.
- Firəngiz xanım, musiqi əsərləriniz kimi söhbətinizi də dinləmək xoş oldu.
- Buyurun, minnətdaram.
Aytən Məftun,