Əməkdar memar: “Bakıda yeraltı şəhər salınmalıdır” – Müsahibə
7-05-2019, 12:56
Kulis.az Əməkdar memar, Azərbaycan SSR Dövlət mükafatı laureatı Əlibəy Novruzi ilə müsahibəni təqdim edir.
- Əlibəy müəllim, siz Sumqayıtın baş memarı olmusuz. Ümumiyyətlə, əvvəlcə deyin, şəhərsalmada əsas prinsiplər nədir?
- Şəhərlər indi də orta əsrdən qalan sxem üzrə tikilir: Küçə və evlər. İş ondadır ki, orta əsrlərdə küçələr at nəqliyyatına hesablanırdı. 20-21-ci əsr isə avtomobil nəqliyyatı dövrüdür. İndi niyə şəhərdə sıxlıq, tıxaclar yaranır? 21-ci əsrin texniki nailiyyətlərini orta əsr strukturuna yükləyəndə belə problemlər yaranır.
- Bəs çıxış yolu nədədir? Məncə, sizin bununla bağlı bir layihəniz var idi...
- (Göstərir) Bu layihəni 2008-ci ildə şəhərsalma komitəsinə təqdim etmişdim. Ağ şəhər mövzusu gündəmə gələndə belə bir layihə etdim. Qəbul olunmadı. Burada yerüstü nəqliyyat ancaq şəhərin ətrafında, qalan nəqliyyat yerin altındadır. Yerin altında dayanacaqlar var. Avtomobili saxlayıb hansı binanı istəyirsənsə, ona yaxınlaşıb, binaya liftlə qalxırsan. Yəni, bu şəhərdə üstdə ancaq piyada hərəkət edirsən, nəqliyyat yerin altındadır.
- Bu nə qədər mümkündür?
- Niyə mümkün deyil ki? Yeri nə qədər istəyirsən aşağıya doğru dərinləşdir. Havalandırma, lift... Çətin Bir şey yoxdur.
- Bəlkə bahalı layihədir deyə götürməyiblər?
- Burada bahalı heç nə yoxdur. Sadəcə bizimkilər ingilislərə, amerikalılara daha çox inanırlar, nəinki yerli memarlara. Bu şəkildə gördüyünüz o layihədən fraqmentlərdir. Bu layihə sərgidə müzakirə olundu, dünyadakı jurnallarda çap olundu. Sonra eşitdim ki, Çində belə bir struktur yaratmağa başlayıblar. İndi həmin strukturla Türkiyədə yaşayış massivləri tikirlər.
- Əlibəy müəllim, müasir memarlıqda şüşə-metal konstruksiyalar çox işlənir. Sizin də layihələrinizdə belə binalar var. Amma bu materiallı binaları tənqid edirlər: süni materialdır, bina nəfəs almır, sağlamlığa təsiri var və s. Deyirlər, Bakı Dubaya oxşayır bu binalarla...
- Dubaya nə olub ki? Dubay dünyanın ən gözəl şəhəridir. Dünya memarları orada ən yaxşı əsərlərini yaradırlar.
- Yəni, özəlliyi yoxdur, nə qədər qalıcı olacaq?
- Dəmir beton özüllü binaların ömrü daşdan çoxdur. Qaldı şüşə məsələsinə... İndi ümumiyyətlə, təmiz şüşədən bina etmirlər. Dörd tərəfdən şüşə binaları ancaq Bakıda edirlər. Şüşə bəzək elementidir. O daşla kombin olmalıdır. Dubayda da elə tikirlər: daşdan və şüşədən. Təkcə şüşədən qurulan bina memarlıq baxımdan görkəmsizdir, orada arxitektura effektli görünmür.
- Müasir şəhərsalmada əsas nəyə üstünlük verilməlidir?
- Əvvəlcə görkəmidir, arxitektura insanı cəlb etməli, ruhlandırmalı, tərbiyə etməlidir. Gözəl arxitektura məktəbdən də artıq insanı tərbiyə edir. 1984-cü ildə Parisə getmişdik. Parisin De Fans rayonu yeni tikilmişdi. Oranı bizə göstərdilər. Biz balkondan küçəyə zibil atan adamlar, orada siqaretimizi yandıranda kibrit çöpünü qaytarıb cibimizə qoyurduq. Çünki, arxitektura bizə bunu təlqin edirdi. Görsən, bivec bir arxitekturadır, xarabaya oxşayır sən də ürəklə zibil tökəcəksən.
- Necə etmək olar ki, həm şəhərin tarixi, bədii görkəmi qorunsun, özəlliyi unudulmasın, həm də müasir memarlığın tələblərinə uyğunlaşsın.
- Arxitektura tarixin salnaməsidir. Məsələn, heç bir tarix kitabına baxmadan şəhərə girəndə binalarla şəhərin tarixini oxumaq olar. Hərçənd bizdə bu çətindir. Çünki, bizim binalar dövrlə ayaqlaşmır. Tarixi binalardan biri Şusevin “İnturist” mehmanxanası idi. O söküldü, yerində ona oxşar bir bina tikildi. Amma o tarix idi, həm də dünyanın ən yaxşı memarlıq nümunələrindən biri idi. Onu saxlamaq olardı. Və ya “Qarabağ” mehmanxanası Bakının ən gözəl binalarından biri idi. Hələ də bilinmir ki, onu niyə sökdülər. Mikayıl Hüseynovun binaları – “Azərbaycan”, “Abşeron”, “Moskva” otelləri söküldü. Yerdə qalan işlərini də elə rekonstruksiya ediblər ki, orada Hüseynovdan heç nə qalmayıb. Onun yaradıcılığı Bakıda yoxa çıxıb. Sanki heç belə bir memar olmayıb. Adı, hörməti qalıb, amma binalarının heç biri olduğu kimi qalmayıb. Hamısını dəyişiblər. Yalnız Hüseynov və Dadaşovun birgə layihələndirdiyi binalar - Nizami kinoteatrı, “Azneft”də alimlərin evi qalıb. Hüseynovun tək etdiyi layihələr hamısı ya sökülüb, ya da pis restavrasiya olunub.
- İndi Bakının görünüşündə ən çox gözəçarpan “Sovestki”nin sökülməsidir. Yerlilər üçün ağrılı proses oldu. Həm də tarixi binalar getdi.
- “Sovetski”də heç bir tarixi bina olmayıb. Hamısı necə deyərlər, “naxalstroy” tikilən binalar idi. Gecəqondu kimi tikilən xaraba-xaraba binalar... Bakının tüfeyli, avara, quldur tipləri buralara yığışırdı - arxitekturaya görə buranı yığışırdılar. Çünki arxitektura insanları tərbiyə edir. Pis arxitektura pis, yaxşı arxitektura yaxşı tərbiyə edir. “Sovetski”nin məhəllələri, eybəcər evləri insanların psixologiyasına pis təsir edirdi, o tikililər hətta ağıllı adamı da xuliqan edər. Düz başa düşün, mən arxitekturadan danışıram. Mən özüm də “Sovetski”də doğulub böyümüşəm. 171 nömrəli məktəbdə oxumuşam. Yadımdadır, uşaqlar qiyməti müəllimlərlə nərd oynayıb alırdılar. Mən nərd oynaya bilmirdim, qiymətlərim “üç” idi.
- Bəs memarlığı seçməyiniz nədən oldu?
- 7-ci sinfi bitirəndən sonra Əzim Əzimzadəyə qəbul olundum. Sonra fikirləşdim ki, 5 il burada oxuyub əsgər getməliyəm. Həm də ali savad almaq istəyirdim. Mənim babam da Şamaxıda memar olub – Qoca
- İlk layihəniz hansı olub?
- Laçında restoran. Deyəsən tikilmişdi. Bilmirəm sonra necə oldu.
- Sizin aerodinamik binalar layihəniz olub. Və deyəsən bu memarlıqda kəşf kimi bir şey olub. Fransa jurnallarında çap edilib...
- Bu, mənim ixtiramdır - aerodinamik bina. Küləkləri tənzimləyir: Güclü küləkləri zəiflədir, zəif küləkləri özündən buraxır, heç külək olmayanda meh yaradır. İlk aerodinamik bina layihəsini 1967-ci ildə etdim. Moskvadan təzə gəlmişdim. Amma Azərbaycanda buna fikir verən olmadı. Dünya bununla maraqlanırdı, Bakıda görmək istəmirdilər. Dövlət Tikinti Komitəsində mənim ideyalarımın əleyhinə idilər. Məqalə yazdım, layihənin, binanın fotolarını da əlavə etdim. O zamanlar Moskvada “Bakı meydanı”nı layihələndirirdim. Tikintiyə baxmaq üçün ora getməli idim. Məqaləni götürüb Moskvada çıxan “Zrelişnyaya stroyka” jurnalına getdim. Onlar dedilər ki, bu, kəşfdir. Buna şəhadətnamə alın, sonra çap edək. 5 aydan sonra şəhadətnaməni aldım, məqalə getdi. O jurnal xaricə gedirdi. Hər iki layihəm – həm küləyin gücünü tənzimləyən binalar, həm də təbii kondisioner yaradan bina layihəsi Fransa, Amerika, İtaliya jurnallarında çap olundu. Fransada mənim bu ixtiramdan yazdılar. 1968-ci ildə çap olunmuş “La architecture” jurnalı mənim layihəmi çap etdi.
Baxın, bu isə başqa bir layihəmdir. Bunu da Amerika jurnalı öz saylarından birində yayımladı. Burada əsas olan nədir? Binanın strukturu, quruluşu təbii kondisioner yaradır. Bu binada heç bir aqreqat olmadan hava sərinləşir.
Elədir. Mənim o iki layihəm dünyada çap olunandan sonra dissertasiya yazdım və SSRİ-dəki inşaat aerodinamikasını alt-üst etdim. O zaman deyirdilər ki, böyük həcmli binalar küləyin qarşısını alır. Amma mən əksini sübut etdim. Külək böyük maneəni aşanda sürəti daha çox artır. Elə bilin ki, çayın qarşısına böyük bənd atırsan, o zaman əlbəttə çay daha sürətlə çırpılır. Bu işi Moskva memarlıq institutunda müdafiə edirdim. 5 il bu işi müdafiə etmək, yazdıqlarımı sübut etmək üçün mübarizə apardım. Sanki hamı əleyhimə idi, deyirdilər, bu, cəfəngiyatdır. Axırda elmi işimi SSRİ Nazirlər Sovetinin sədri Kasıginə göndərdim. Məktub da yazdım. Nazirlər Soveti işi yoxlamaq üçün Jukovski Çadi adlı məxfi instituta göndərdi. Orada yeni ixtiraları, yeni təyyarələri raketləri yoxlayırdılar. Orada işləyən Amerika alimi Paul Kastro işimi yoxlayıb müsbət rəy yazdı. Sonra Dövlət Tikinti komitəsinə mənim işimlə bağlı məktub yazdılar. İşimi müdafiə etdim.
- Amma o tip binalar tikilmədi?
- Deyəsən Fransada var belə binalar.
- Sumqayıtın baş memarı olmusunuz. O zaman öz layihələrinizi orada tətbiq etmək kimi imkan yarandımı?
- Yeni layihələrim də var idi – Metallurqlar sarayı layihəsi. Tikinti başlayanda birinci katib işdən çıxdı. O zaman belə bir yazılmamış qayda var idi, katib işdən çıxanda memarı da çıxarırdılar. Yeni katib özü ilə memar gətirirdi.
SSRİ-də gərək layihə verəndən sonra xeyli gözləyəydin ki, hamı təsdiqləsin. O vaxta kimi də hakimiyyət dəyişdi.
- Bakı buxtası kimi bir layihəniz haqda oxumuşdum.
- Bakıda çimərlik yoxdur. Dəniz kənarları hasarla örtülüb. İdeya bundan ibarətdir ki, şəhərin mərkəzində, bulvarla paralel bir buxta adlandırdığımız ada yaradırıq. 7 km uzunluğunda bir çimərlik salırıq. Həm də bu Bakı buxtası tikiləndə bütün ətraf təmizlənir: dənizdə nə ki, zir-zibil var, buxtanın fundamentinə tökülür. Üstünə də torpaq, qum tökülür. Beləliklə, buxta tamamilə təmizlənir, zibil problemi həll olunur. Quruluşu də elə vermişəm ki, dalğanın gücünü zəiflətmək mümkün olsun.
- Əlibəy müəllim, memar kimi Bakının bədii görkəmindən razısız?
- Dənizkənarı hissə doğrudan da yaxşıdır. Zaha Hadidin tikdiyi Heydər Əliyev Mərkəzi də möhtəşəm memarlıq nümunəsidir. Dənizkənarı park Zığa qədər uzadılıb. Böyük və yaxşı işlər görülüb. “Sovetski”ni sökmələri də çox gözəl iş idi. Əla etdilər. Mənim xoşuma gəlməyən binaların üslubu oldu. Hamısında tağlar, günbəzlər. Sanki hamısı 19-cu əsrdə tikilib. Bu mənim xoşuma gəlmir. Çünki tarixi pozmaq olmaz. Yaşıl teatrın yanında sovetdən qalma gözəl binalar var idi. Onları çox eybəcər şəkildə rekonstruksiya etdilər. Çox ağırlaşdırdılar. O binaları yaxşı rekonstruksiya etsələr, arxitekturanı saxlasalar əla olardı.
- İndiki yeni tikilən yaşayış binalarını bir memar kimi necə qiymətləndirirsiniz?
- Evlər elə olmalıdır ki, onlara günəş işığı düşsün. Geniş olması yaxşıdır. Əvvəlki sovet layihəli binalarda mətbəx 3 kvadrat metr idi. Beləsi necə rahat ola bilər?
Baxın, 1969-cu ildə Bakıda bu gördüyünüz yaşayış binasını layihələndirdim (göstərir). Layihə Moskvada mükafata layiq görüldü, qızıl medal aldı. Sonralar Dövlət Tikinti onu tikməyə qadağa qoydu. 10 il sonra sifarişçi Heydər Əliyevə şikayət etdi ki, binanı tikməyə qoymurlar. Heydər Əliyev göstəriş verdi, binanı tikdilər. Bina tikildi, sonra da SSRİ-də tikilmiş ən yaxşı yaşayış binası nominasiyasında mükafat aldı. Bunlar yay evləridir. 2 metr yarımdan çox terrasları var. İndi elə eybəcər vəziyyətdədir, Bakının ən eybəcər binasıdır.
- Yaz-payız zamanı şəhəri su basır. Bu məsələni necə həll etmək olar?
- Bunu əvvəldən düşünmək lazım idi. O vaxt mikrorayonlarda norma var idi, hər 5 min əhalisi olan yerdə kanalizasiya borusunun diametri 40 sm olmalı idi. 40 sm boru qoyanda mən gülürdüm ki, sabah əhali artacaq, onda nə edəcəksiniz? Hər dəfə qazıb enlədəcəksiz? Avropada kanalizasiya şaxtası 3-4 metr diametrindədir. Yadınızdadır, filmdə Mixaylo düşüb kanalizasiya şaxtası ilə gedirdi? Bizdəsə ən böyük borunun diametri 80 sm-dir.
- Deyəsən, İçərişəhərdə böyük kanalizasiya xətti olub.
- Hə olub elə bir şey.
- İçərişəhərdə yeni tikilən binaları görmüsüz?
- Orada memarlıq baxımından bərbad binalar tikilib.
- Əlibəy müəllim, xeyli layihəniz gerçəkləşib, amma maneə ilə də qarşılaşıb...
- Taledir də. Mənim gücüm jurnalda çap etdirməyə çatır. Edərlər-etməzlər, özləri baxar. Mən narahat deyiləm ki, layihələrim tikilmir. Layihə durub da. İkincisi də, guya Hüseynovun binaları necə oldu? Söküb xaraba qoydular. Hüseynov boyda adamın işlərini o günə qoyublarsa mənim layihələrimlə tikilən binaları nə edərdilər? Qoy elə kağız üzərində dursun. İtalyan memarı var, eramızdan əvvəl yaşayıb, onun layihələri indiyədək kağız üzərində qalır.
- “Sivilizasiya” adında kitab yazmısınız.
- Aha. Dünya mədəniyyətinə, sivilizasiyasına aid bir kitabdır.
- Rəssamlıq akademiyasında dərs deyirsniz..
- Ötən ildən demirəm. Təqaüddəyəm.
- Əlibəy müəllim, rəngkarlıq işlərinizə nə zamandan başladınız?
- Elə Əzimzadədə oxuduğum vaxtlardan çəkirdim. Bir dəfə sərgi də etdim. Bilirsiniz, sərgiyə ilk gün kimi dəvət etmisənsə, gəlir. Səhəri gedib baxırsan, bir adam da yoxdur. Bu qədər əziyyətə dəymir. Facebook ən yaxşı sərgidir. əsərin var, yerləşdir, bütün dünya görsün...