Təranə Səmədova susqunluğunu pozdu: "Bu dəfə qalxacam və düşməyəcəm" - Müsahibə
25-08-2020, 00:07

Təranə Səmədova elə sözlər dedi ki..."Bir müddət susqunluğa önəm verdim"-Müsahibə
Təranə Səmədova susqunluğunu pozdu: "Böyük məbləğdə borc pullar bağlamışam və bu gün də davam edir"-Müsahibə
Məşhur prodüser Təranə Səmədova Teleqraf.com-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Pandemiya dövründə özünüzü və ailənizi koronavirusdan necə qoruyursunuz?
- Dünən düşündüm ki, şükür Allaha pandemiyanın dinamik yayılan dövründə nə yaxşı virusa yoluxmadım. Anam şəkər xəstəliyindən əziyyət çəkir və ona görə çox qorxurdum. Anam ümumiyyətlə, evdən bayıra çıxmadı. Mən və qızım evə daxil olanda ilk işimiz əllərimizi yumaq və spirtdən istifadə etmək olur. Ətrafımda koronavirusa yoluxan insanlar oldu. Halbuki deyirdilər üç maskanı üst-üstə taxırdım. Maksimum dərəcədə gigiyenik qaydalara riayət edərək özümü və ailəmi qorumağa çalışıram. Virus tamamilə tükənməyib və qarşısını almağa çalışırıq. Qızım həyətdəki marketə belə gedəndə maskasız çıxmasına icazə vermirəm.
Karantində müəyyən vərdişlərimi tərgitmişdim. Düzgün qidalanıram və hər gün evdə nanə, limon, zəncəfil, darçın istifadə edirik.
- Bir çox məşhurlar toy mərasimləri keçirilmədiyindən maddi problemlər yaşadıqlarını bildirirlər. Ailənizi maddi cəhətdən necə təmin edirsiniz?
- Pandemiya cəmiyyətin hər bir təbəqəsinə ziyan vurdu. Heç kim deyə bilməz ki, problem yaşamadı. Vəziyyət hər kəsdə necə, məndə də elə... Təbii ki, maddi sıxıntılar oldu, amma 2019-cu ilin iyun ayından mənim rəsmi işim yox idi. Ona görə də 190 manat birdəfəlik ödəmədən mən də faydalandım. Anam təqaüd alır.
Düşünürəm ki, insan yaşayışını gəlirinə uyğunlaşdıra bilər. Məsələn, hökm deyil ki, hər ay qoyun əti yeyim, fransız kərə yağı istifadə edim. Əgər evimə daxil olan gəlir 300 manatdırsa, onu ailəmə uyğun xərcləməyi bacarmalıyam. Bu, subyektiv fikrimdir və bəlkə də kimsə məni buna görə qınaya bilər. Bir vaxt hər ay qara balıq kürüsü yemişəmsə, mütləq deyil ki, çətin dönəmdə də bunu yeməliyəm. Ona görə uyğunlaşa bilirəm. İnsan zülmə məhkumdur, hansı vəziyyətə düşsə belə...Ona görə də üsyan etmirəm.
- Maddi problemdən şikayətlənən bir çox məşhurlar sırasında Türkiyəyə istirahətə gedənlər də var...
- Türkiyəyə və eləcə də çimərliyə gedənlər çoxdur. Mən düşünürdüm ki, pandemiya dövründə camaatın dənizə, restorana getməsində maddi sıxıntı olacaq. Amma vəziyyət üsyan elədikləri qədər deyil. Bir çox insanlar virus başlayanda panikaya düşdülər. Mənim narahatlığım isə Tovuz rayonu istiqamətində baş verən döyüş zamanı oldu. Döyüşlərdə generalımız Polad Həşimov, polkovnik İlqar Mirzəyevi və əsgərlərimizi itirəndə çox dəhşətli anlar yaşadım. Amma karantin müddətində koronavirusa görə, stress yaşayım, yox...
Özümü həyatın hər üzünə hazır hiss edirəm. Bəlkə bu mənim psixoloji vəziyyətimlə bağlıdır, özümü bu vəziyyətə hazırlamışam. Amma müharibəyə hazır deyiləm.
- Bir neçə plastik əməliyyat, o cümlədən mədə kiçiltmə əməliyyatı keçirmisiniz. Buna rəğmən yenə artıq çəki almısınız. Maraqlıdır, yenidən hansısa plastik əməliyyata ehtiyac duyursunuz?
- Ümumiyyətlə, xanımlar ilk dəfə plastik əməliyyat elətdirməyə qorxurlar. İlk əməliyyatın nəticəsi isə müsbət olursa, davamı gəlir. Mən dəfələrlə plastik əməliyyat elətdirmişəm, burun, liposaksiya (piy sovurma) və bir neçə əməliyyat keçirmişəm. Bir dəfə uğursuz liposaksiya əməliyyatım olub və onun fəsadlarını aradan qaldırmaq istəyirəm. İnşallah əməliyyata hazırlaşıram. Amma buna hələ ki tələsmirəm. Çünki bədənin müəyyən çəkiyə alışma müddəti var.
Pandemiya dövründə çəki aldım. Çünki fiziki hərəkətimiz məhdud idi, bütün günü evdə idik. Hazırda normal həyata döndüyümüzə görə çəkim dəyişir.
Ümumiyyətlə, mən xarici görünüşümə görə heç vaxt depressiyaya düşmürəm. Hətta gücümü tam istifadə etməmişəm. Sahib olduğum gücümün daha artığını göstərə bilərəm, amma cəmiyyətə, ailəyə, yaşadığım həyata uyğunlaşmağa çalışıram. Ona görə də qarşıma sərhədlər qoymağa çalışıram. Hər işdə bir xeyir axtaran insanam. Allah nəyi qismət edirsə, onu da yaşayırıq. 2011-ci ilə qədər ara-sıra depressiyaya düşürdüm. Məsələn, bir həftə özümə qapana bilərdim. Eləcə də 2015-ci ildə qısa depressiya yaşadım.
"The Secret" filminə baxdım. Ekran əsərini izlədikdən sonra həyatda kainata ötürdüyümüz məlumatların özümüzə geriyə cəzb etməsinə inandım. Bizim şüurumuz nəyi düşünürsə, onu cəlb edir.
Heç vaxt pessimistliyə qapanıb, pis hadisələr haqqında düşünmürəm.
Ötən gün sosial şəbəkədə bir xanım mənə yazıb ki, bir çoxları irəli, sən isə geri getdin. Dedim ki, mən özümü geri getmiş hesab etmirəm, çünki sosial şəbəkədə paylaşdığım videoda 15 min baxış sayı var idi.
Özümü o vaxt geri qalmış hesab edərdim ki, videoya 50 baxış sayı olsun. Əgər bu gün də mənə maraq varsa, deməli öndəyəm. Artıq atacağım addıma daha çox diqqət edirəm. Zaman olub ki, işsiz qalmamaq və passivləşməmək üçün mənə uyğun olmayan işlərin də arxasınca getmişəm. Amma bu gün elə etmirəm və hansısa işə başlayarkən yüz ölçüb, bir biçirəm. Daha müdrik olmuşam.
- Təranə xanım, vaxtilə qazancınız pis olmayıb. Hazırda hər hansı biznesiniz də yoxdur. Qazandığınız pulları nəyə xərclədiniz?
- Bəli, mən yetərincə pullar qazandım və o pullarla borclar bağlayıb, öz adımı təmizə çıxarmışam. Bu, mənə güvəni doğrultdu. Əgər hansısa Pirvəliyə görə borc pul götürmüşəm və Əli pis adamdırsa və borc pulu qaytarmadısa, o pulu ödəmişəm. Heç vaxt onun üzərinə atıb, özümə olan güvəni itirməzdim. Böyük məbləğdə borc pullar bağlamışam və bu gün də davam edir. Avtomobilimlə qəza törətdilər və mənim üstümə atdılar. O avtomobil bankda idi və mən onun borcunu ödəyirəm. Avtomobil ələgəlməz vəziyyətdə idi.
Bu hadisə müğənni Rəqsanə İsmayılova ilə işlədiyim zaman baş vermişdi.
Avtomobili sevgilisi ilə idarə etmişdi. Artıq olan olub, keçən keçib. Pulu isə mən ödəyirəm. Sığorta şirkəti isə pulu ödəməmək üçün hər cür taktikaya əl atdı. Qəza zamanı sükan arxasında mən olmamışdım. Mənə çatanda min bir bəhanə edirlər, məbləğ 24-25 min manat civarında idi, onun 20 min manatı ödənməmiş qalır.
Mənim evim bankda idi, onu çıxarmalı, paralel olaraq anama, övladıma baxmalı idim. Üzərindən illər keçib və bu haqda danışmaq istəmirəm. Bunun heç bir mənası yoxdur. Dəfələrlə düşüb-qalxmışam.
Amma bu dəfə qalxacam və düşməyəcəm. Bunu daxilən hiss edirəm. Bəlkə də buna özümü kökləyirəm.
Həyatda etdiyim heç bir səhvə peşman olmamışdım. Amma indi anlayıram ki, bir qədər peşmançılıq hissim var.
Ən böyük səhvlərimdən biri odur ki, çox diqqətli deyildim və müəyyən insanlara, hadisələrə səthi yanaşdım. Amma artıq diqqət etməyə başlamışam.
Son bir ildə və pandemiya dönəmində çox düşündüm, mütaliyə etdim. Övladını düzgün tərbiyə etmək istəyirsənsə, əvvəlcə özünü tərbiyələndirməyə başlamalısan. Uşağımda görmək istəmədiyim mənfi nə varsa, özümdə yığışdırmağa başladım. İndi daha çox diqqətimi ailəmə vermişəm, əvvəl kənara 70 faiz, evə 30 faiz idisə, indi əksini edirəm.
- Təranə xanım, qarşıdakı planlarınız nələrdir? Əvvəlki həyatınıza, aktivliyinizə qayıtmaq üçün nələri edəcəksiniz?
- Bəli, son iki həftədir ki, aktiv olmağa başladım və nəticəsini də gördüm. Bir müddət susqunluğa önəm verdim. Bir az yaddaşlardan çox aqressiv tanınmağı silib-təmizləmək istədim. Çünki özüm özümü də danlamağa başladım ki, filan məsələdə çox duyğusal davrandın. Düzdür, bu, yenə də davam edir. İnsan emosional olmamalıdır. Sadəcə olaraq haqsızlığı götürmürəm. Hazırda bir neçə işə başlamışam. Amma öncədən hansısa bir iş haqqında danışmağı, partlayış olacaq və s. deməyi sevmirəm. Amma əlimdən gələni etməyə çalışıram.
Bir film çəkilişlərinə başlayırıq. Filmin süjet xətti sosial mövzudadır. Ekran əsərində həm aktrisa kimi çəkiləcəm, həm də filmin baş prodüseri olacam. Filmin adı "Boşanma!"dır.
Çünki bir çox gənc ailələrin boşanma sayı çoxalıb. Bir neçə gün öncə film haqqında qısa açıqlama verdim və mənə sosial şəbəkədə yazdılar ki, sən özün də boşanmısan. Ümumiyyətlə, insanların təfəkkürünü dəyişmək istəyirəm. İnsanlara cəmiyyətdə aqressiv davranmasınlar. Hər insanın səhvi olur. O, səhvindən nəticə çıxararaq düzgün yola gələ bilər. Həmin insanlara şans tanımaq lazımdır. Yıxılanı baltalayıb, yoxa çıxarmamalıyıq.
Filmimizə gəlincə, sosial mesajın məqsədi boşanmaların qarşısını almaqdır. Çünki boşanmaların sayı hədsiz artıb. Mən ətrafımda da bir çox insanların boşanmasına mane olmuşam. Boşanmaların əksəriyyəti tərəflərin bir-birinin səhv başa düşməsinə görə baş verir. Belə ki, filmdə çəkilməyə razılıq verdim və düşünürəm ki, maraqlı iş alınacaq.
Ekran əsərinin rejissori Elvin İsmanlıdır. Paralel televiziya layihəm var, onun haqqında ətraflı məlumat verə bilmirəm. Sadəcə onu deyə bilərəm ki, aparıcı kimi tək deyil, üç nəfər olacağıq. Daha sonra iki Yutub layihəmiz var. Təklif ayrı-ayrı prodakşınlardan gəlib. Onların mənə müraciət etməsinin də səbəbini bilirəm, çünki hər hansı fikirlərim tez rezonansa səbəb olur.
Bilirəm ki, başqa adama təklif etsələr, mənim qədər rezonans doğurmaz. Onun üzərində işləyib, ortaya yaxşı iş çıxarmaq istəyirəm. Prodüser fəaliyyətim haqqında da düşünürəm. Son bir ildə təkliflər oldu və artıq qərar verəcəyim bir müğənni üzərində dayanıram.
- İş birliyi edəcəyiniz müğənni tanınmışdır?
- Mən çox az hallarda tanınmış müğənni ilə işləmişəm. Hətta çox az tanınsa belə daha aktual və tələbatlı edən mən olmuşam. Yetərincə peşəkarlığıma əminəm.
- Bir çox işlədiyiniz müğənnilərlə qalmaqal yaşadınız. Bu dəfə iş birliyiniz zamanı hansı səhvi etməməyi düşünürsünüz?
- Bu dəfə müqavilə bağlamadan işləməyəcəm və əvvəlki kimi dost olmayacam. Daha çox müğənninin sənətinə yox, insani keyfiyyətlərinə üstünlük verəcəm, maddiyata önəm verməyəcəyəm.
- İşlədiyiniz hansı müğənninin zərbəsinə məruz qalmısınız?
- Onların adlarını sadalayıb, mənə qarşı od püskürməklərinə səbəb olmaq istəmirəm.
Bir çoxlarında nankorluq gördüm, amma ən çox biri yandırdı. Çünki onu öz doğma övladımdan ayırmırdım. Qızımı nə qədər istəyirdimsə, onu da o qədər istəyir və etibar edirdim. Bu gün ona sərf etdiyim yuxusuz gecələrimə görə peşman olmuşam. Həyatda nankorluğu görə-görə püxtələşdim. Əvvəl bu cür düşünmürdüm, amma yaşa dolduqca gənclik illərimdəki daha böyük perspektivləri və nail olacaqlarımı düşünəndə peşmanlıq hiss keçirirəm.
- Siz həbsdən altı ay, altı gündən sonra azad olundunuz. Avtomobilinizin nömrəsi də 666 idi. Ümumiyyətlə, bu rəqəmin həyatınızda mistik rolu nədən ibarətdir?
- Mən düşünürdüm ki, bu rəqəm mənə düşür. 17 və 6 rəqəmi həyatımda çox əlamətdardır. Yaşadığım bina, oxuduğum məktəbin nömrəsi 17-dir. Eləcə də 17 min manat borc götürmüşdüm. İşlədiyim müğənnilərdən biri mətbuatda çıxıb demişdi ki, guya hava limanınında 17 min itirib. Yalan idi və hətta danışığından elə çıxmışdı ki, məndən şübhələnir. Elə şey olmayıb.
666 rəqəmini uşaqlıqdan sevmişəm və bu rəqəm mənə maraqlı gəlib. Açığı avtomobolimin nömrəsini satmaq istəyirdim. Həyatda nələrinsə detallarına fikir vermirəm. 666 rəqəminə nə yaxşı, nə də pis mənada yanaşıram. Bəlkə də o rəqəm mənə düşməsəydi, həbsdən altı ay, altı gün və may ayının altıncı günündə azad edilməzdim.
- Həbsdən çıxdıqdan sonra iş birliyiniz olduğu hansı müğənni sizinlə əlaqə saxladı və dəstək oldu?
- Mənə yox, anama Rəqsanə İsmayılova zəng edib və deyib ki, nə bacarıramsa kömək edim. Anam da deyib ki, illərdir ki, davam edən münaqişənin içində maddiyat var. Borcdan müəyyən hissə qaytarsan, elə bilərəm ki, kömək etmisən. O, boynuna almasa da göydə Allah şahiddir ki, pul borcludur.
Anamın bu sözü Rəqsanə İsmayılovanın xoşuna gəlməyib və onunla da itib. İnsanın içində kömək etmək istəyi olsaydı qapıya gələrdi. Biri paylaşır nə kömək edim və s. Ümumiyyətlə, pafos üçün edilən hər şeyə nifrət edirəm.
Yaxın günlərdə münaqişəm olan bir sənətçinin atasının rəhmətə getməsinə görə başsağlığı vermək istədim. Onunla böyük qalmaqalımız olub. Mənim nömrəmi əngəlləyib və eşitdim ki, sosial şəbəkəni də bağlayıb. Çox da üzərinə getmədim ki, birdən məni səhv başa düşə bilər. Amma pafos naminə etmədim.
Pandemiya dönəmində mən də kimlərdənsə kömək istəyə və yardım edə bilərdim. Amma bu gün özümün borcum var. Mən o borcu ödəməmiş onu etməklə borclu olduğum xanımı qıcıqlandırmaq istəmədim.
Mənə o zaman Nazənin xanım kömək elədi. Heç vaxt onun yaxşılığını itirə bilmərəm. Şou aləmində onun kimi müğənnilər çox olsaydı, insanlarda şou-aləminə bu qədər nifrət olmazdı.
Foto: Pərviz Həşimi