15 yaşlı qız 60 yaşlı rus dili müəllimindən hamilə qalıb? - Deputatdan sərt açıqlama
27-08-2020, 10:41

Azərbaycan İnsan Hüquqları Mərkəzinin rəhbəri Eldar Zeynalov mətbuata açıqlamasında 17 yaşlı qızın 4 dəfə doğuş etdiyi bağlı sensasion məlumat verib. Bundan əlavə 15 yaşlı qız 60 yaşlı rus dili müəllimindən hamilə qalıb. Təəssüf ki, müxtəlif dövlət qurumları və QHT-lər tərəfindən mütəmadı maarifləndirmə işləri aparılsa da erkən nikahlar və uşaq zorakılıq halları yenə də qalmaqdadır. Bu cür mənfi halların qarşısını almaq üçün qanunvericilikdə hansı dəyişikliklərin edilməsinə ehtiyac var?
Mövzunu deputat Kamilə Əliyeva ilə davam etdirdik. O, KONKRET.az-a açıqlamasında bildirdi ki, müxtəlif təşkilatlar və QHT-lər tərəfindən verilən bu məlumatların nə qədər doğru olması ilə bağlı məndə dəqiq məlumat yoxdur:
“Mən bu barədə məlumatları mətbuatda oxuyuram, dəqiq statistik rəqəmlər yoxdur, amma ümumilikdə erkən nikah bu gün qlobal problemə çevrilib. Hamı kimi məni də bu məsələ bir ana kimi narahat edir. Erkən nikahların fəsadları hər kəsə bəllidir. Övladlarını uşaq yaşında evləndirən valideynləri anlaya bilmirəm. Əlbəttə, bu istiqamətdə müxtəlif dövlət qurumları və QHT-lər tərəfindən tədbirlər, maarifləndirmə işləri görülməkdədir. Məncə bu yetərli deyil. Bunun üçün azyaşlıların erkən nikaha daxil edilməsi ilə bağlı qanunvericilikdə müddəalar var. Hesab etmirəm ki, biz qanundan hər hansı bir sərtləşmə etməklə müsbət nəticə əldə edə biləcəyik. Ona görə bu işlə məşğul olan dövlət orqanları, QHT-lər və digər qurumlar maarifləndirmə işlərini daha köklü sürətdə aparmalıdır”.
Deputat vurğuladı ki, kütləvi informasiya vasitələrində hər gün bu istiqamətdə xüsusi video çarxlar hazırlanmalıdır:
“Bu videoçarxlar üçün televiziyalarda pulsuz efir vaxtı verilməlidir. Valideynlər daha çox maarifləndirilməlidir. Onlar bilməlidir ki, erkən nikahlar gələcəkdə hansı fəsadları ortaya çıxara bilər. Çox vaxt bu cür təbliğatların təsiri yaxşı olur. Təəssüf ki, valideynlər az yaşlı qızlarını təhsildən yayındırdırırlar. Bu da psixoloji cəhətdən qızlarda mənfi təsir yaradır. Hətta intihara belə əl atırlar. Bunların hamısının arxasında valideyn məsuliyyətsizliyi dayanır. Belə halların qarşısını almaq üçün hər birimiz əlimizdən gələni etməliyik. Cəmiyyətimizdə belə hadisələrə biganə yanaşılmamalıdır. Qonşumuzda məktəblinin ərə verilməsinə adi baxmamalıyıq. Hər birimiz belə hallara qarşı sərt reaksiyamızı bildirməliyik”.
Kamilə Əliyeva sonda qeyd etdi ki, məktəbli qızını ərə verən ailəyə qarşı qonşular, qohumlar sərt münasibətlərini bildirməli, valideynlərə səhvə yol verdiklərini anlatmalıdır:
“Mənə çox maraqlıdır ki, övladını az yaşda ərə verən ana-atanı qızlarının gələcəyi heçmi düşündürmür? Çünki həmin qızlarımız həm bioloji, həm də psixoloji baxımdan hələ uşaqdır. Bu yaşda onları ailə qurmağa məcbur etmək düzgün deyil. Bu istiqamətdə maarifləndirmə işlərini artırmalıyıq”.