“44 gün ərzində müxalif siyasətlə məşğul olmadıq” - Partiya sədri

26-11-2020, 11:47           
 “44 gün ərzində müxalif siyasətlə məşğul olmadıq” - Partiya sədri
2020-ci il dünya üçün olduğu qədər Azərbaycan üçün də maraqlı illərdən oldu. Dünya koronavirus pandemiyası ilə mübarizə apardığı bir dövrdə, Azərbaycan həm virusla mübarizəyə, həm də Ermənistan tərəfindən 30 illik işğal altında qalan Qarabağ müharibəsinə yenidən cəlb edildi.

Biz iki cəbhədə döyüşdük. Həm virusla, həm də Qarabağda. Dünyanı bürüyən virusla mübarizə hələ də davam edir. Qarabağ müharibəsi isə Azərbaycanın uğurlar ilə nəticələndi. Artıq 30 illik işğala son qoyulub və Azərbaycan tarixi və əzəli torpaqları olan Qarabağı erməni işğalından azad edib. Bu il bizim üçün Vətən müharibəsi ilə yadda qaldı.

Bu ili xarakterizə edən cəhətlərdən biri də ölkənin siyasi həyatındakı aktivlik oldu.

Bu və digər məsələlərlə bağlı Cebhe.info-nun suallarını Müsavat Partiyasının başqanı Arif Hacılı cavablandırıb.

-Arif bəy, xoş gördük. Pandemiya və karantin qaydalarının mövcud olduğu bir zamanda müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirik.

-Çox sağ olun.

-Günün ən aktual məsələlərindən biri koronavirus pandemiyası və onunla mübarizədir. Virusla necə mübarizə aparırsız?

-Təəssüf ki, virusun ikinci dalğası Azərbaycanda birincidən daha güclü oldu. Hər halda cəmiyyət bu məsələyə ciddi yanaşır. Açıq-aydın görünür, insanlar həm məsafə saxlamağa, həm maska taxmağa üstünlük verirlər ki, bunlar həddindən artıq vacibdir. Biz də virusla bağlı ilk dövrlərdən öz fikirlərimizi ictimaiyyətə çatdırmışıq. Mənə elə gəlir ki, nəinki Azərbaycanda, bütün dünyada hər kəs virusdan necə qorunmaq lazım olduğu barədə kifayət qədər məlumatlıdır.

“Partiya qərargahında karantin elan etmişəm”

-Müsavat Partiyası pandemiya dövründə necə fəaliyyət göstərir? Qərargaha gedirsizmi?

-Biz müəyyən dövrdə karantin elan etdik. Müəyyən dövrdə “ZOOM” proqramı ilə, internet üzərindən Divan iclaslarını keçirdik, eyni zamanda rayon təşkilatlarımızla, yerli strukturlarımızla əlaqələr saxladıq. Ancaq müharibə başladığı dövrdə, sonra da koronavirusun artığı zamanda daha çox şəxsi əlaqələr, zəruri qərarların qəbul edilməsi üçün sosial şəbəkələrdə olan qruplardan istifadə etmək vasitəsilə fəaliyyətimizi qururuq. Son iki həftədə mən Müsavat Partiyasının qərargahında karantin elan etmişəm.

“Fərəc Kərimli döyüş bölgəsində hərbi xidmətini davam etdirir”

-Digər bir aktual məsələ isə müharibədir. Bildiyimiz qədər sizin müavinlərdən də müharibədə iştirak edənlər var...

-Bəli, mənim müavinim Fərəc Kərimli Azərbaycan ordusunun zabitidir. Döyüş əməliyyatları başlayan kimi, o, dərhal müraciət etdi və onun təkidli müraciətlərindən sonra hərbi xidmətə çağırdılar. İlk dövrlərdə Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilməsi prosesində iştirak etdi. Sonra Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərin zabit iştirakçılarından biri də Fərəc Kərimlidir. Yüngül yaralanmışdı, ancaq indi səhhəti yaxşıdır və hərbi xidmətini davam etdirir.

“8 noyabr tarixini Azərbaycan tarixinin çox mühim günlərindən biri hesab edirəm”

-Bu müharibədə ərazilərimizin böyük bir hissəsi işğaldan azad olundu. Sizin də belə bir status yazmışdınız ki, qələbə günü Şuşanın işğaldan azad olunduğu gün olsun...

-44 günlük müharibə Azərbaycan tarixində çox mühüm bir rol oynadı. Azərbaycanın çox böyük, ciddi əraziləri, işğal altında olan torpaqların 80 faizə qədəri işğaldan azad edildi. Bu çox böyük hadisədir. Azərbaycan üçün müqəddəs şəhər sayılan Şuşa şəhərinin işğaldan azad olunması və bu döyüşlərin daha çox hərbi texnikadan, hərbi aviyasiyadan istifadə etməklə yox, məhz əsgər və zabitlərimizin şücaəti hesabına bir neçə gün ərzində işğaldan azad edilməsi Azərbaycan hərb tarixində, xalqın tarixində çox mühüm bir hadisədir. Şuşa müqəddəs şəhər olmaqla yanaşı, həm də çox ciddi bir strateji yükksəklikdir. Şuşa şəhərinin işğaldan azad edilməsi faktiki olaraq Azərbaycan ordusunun bütün yuxarı Qarabağ ərazisində hegemonluğunu bərpa etdi. Bu baxımdan 8 noyabr tarixini Azərbaycan tarixinin çox mühim günlərindən biri hesab edirəm.

“Təbliğat narahatlıq doğurur”

-Yəni Müsavat Partiyası 10 noyabr razılaşmasını dəstəkləyir...

-10 noyabr razılaşması ilə bağlı biz öz mövqeyimizi əvvəlcədən bildirmişik. Bu razılaşma faktiki olaraq Azərbaycan tam və qəti qələbəsinin qarşısını aldı. Rusiya sülhməramlılarının bölgəyə gətirilməsi fikrimcə, bir mina rolunu oynayacaq. Artıq Rusiya həmin razılaşmanın bir sıra bəndlərinə əməl etmir. Belə ki, orada nəzərdə tutulmayan dövlət qurumları yuxarı Qarabağ ərazisində yaradılır. Hansısa təmir, bərpa işləri ilə bağlı tapşırıqlar, göstərişlər və bu istiqamətdə aparılan təbliğat narahatlıq doğurur. Açıq görünür ki, Rusiya bu ərazi üzərində Azərbaycanın tam suverənliyini tanımaq istəmir. Bunun nəticəsidir ki, Rusiya Prezidenti Vladimir Putin çıxışlarının birində "yuxarı" Qarabağ haqqında tanınmayan dövlət ifadəsi işlətdi.

“Ermənistan bu əraziləri işğal etmək gücünə malik deyildi”

-Bunu təkcə Rusiyanın mövqeyi kimi dəyərləndirmək olmaz. Fransa bu məsələdə daha çox canfəşanlıq edir... -Azərbaycan cəmiyyətinə sirr deyil ki, Yuxarı Qarabağ ərazisində yaşayan ermənilər ilk növbədə Rusiyanın, eyni zamanda bir çox dünya güclərinin dəstəyi ilə Azərbaycanın ərazilərini işğal edib. Nə Yuxarı Qarabağ ərazisində olan separatçı rejimin, nə də Ermənistanın heç bir dövrdə, hətta Azərbaycanın güclü ordusunun yaranmadığı 1980-ci illərin sonu 1990-cı ilin əvvələrində belə ərazilərimizi işğal etmək gücləri yox idi. Sizin bu sualınıza sentyabr ayının 26-da başqa cür cavab verə bilərdim. Çünki o başqa situasiya idi. Ancaq noyabr ayının 9-da başqa vəziyyət idi. Sentyabrın 26-na qədər olan vəziyyət, Azərbaycan başqa Azərbaycan, Azərbaycan ordusu başqa orduydu. O vaxta qədər Ermənistanın bu məsələlərə təsir imkanları başqa idi. Noyabrın 9-da isə bu mənzərə tamamilə dəyişmişdi. Ona görə də əgər sentyabrın 26-sı prizmasından yanaşsaq, bu razılaşmanı ciddi bir uğur kimi dəyərləndirə bilərik.

Amma noyabr ayının 9-dan bu məsələyə yanaşırıqsa, bunu çox böyük uğur hesab edə bilmərik. Çünki Azərbaycan ordusu erməni silahlı birləşmələrini Ağdam, Kəlbəcər, Laçından da qovmaq və Yuxarı Qarabağ ərazisi üzərində Azərbaycanın suverənliyini tam şəkildə təmin etmək imkanlarına malik idi. Amma Rusiya sülhməramlılarının gətirilməsi ilə Yuxarı Qarabağ ərazisinin bəzi hissələri, konkret olaraq Xankəndi, Xocalı, Xocəvənd, Əsgərən, Ağdərə rayonlarının bir hissəsi faktiki olaraq Azərbaycanın suverən hüquqlarının tam şəkildə həyata keçmədiyi ərazilərə çevrilib. Biz çalışmalıyıq ki, bu situasiyanı dəyişdirək və bu ərazilərin tam şəkildə Azərbaycanın nəzarəti altında olmasına nail olaq. Oraya Rusiyanın hətta mülki nazirliklərinin nümayəndləri, dünyanın müxtəlif ölkələrindən jurnalistlər gedib gəlir. Amma hələ ki, Azərbaycan jurnalistlərinin belə o əraziyə daxil olmaq hüququ, imkanı yoxdur. Azərbaycan dövlət strukturlarının orada fəaliyyət imkanı hələ yoxdur.

“Hətta Vladimir Putin öz müsahibəsində bunu etiraf etdi”

-Azərbaycana qarşı beynəlxalq təzyiqlər, ikili standartla yanaşma var. Məsələn, ermənilər münaqişə zonasından kənar olan Gəncəni, Bərdəni, Tərtəri bombaladılar, orada qətliam törətdilər, amma bu məsələyə beynəlxalq birliyin ciddi təpkisi olmadı. Amma indi Dağlıq Qarabağı tanımaq məsələsini müzakirəyə çıxarmaq istəyirlər...

-Fikrinizin o tərəfi ilə razıyam ki, Azərbaycana qarşı çox ciddi beynəlxalq təzyiq var. Ancaq Gəncədə, Bərdədə baş verən hadisələrə beynəlxlq birliyin ciddi reaksiya verməməsi fikri ilə razı deyilən. Çünki dünyanın ən nüfuzlu beynəlxalq insan haqları təşkilatları olan “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatı bu məsələyə birmənalı münasibət bildirdilər. Azərbaycanda olan xarici ölkələrin diplomatik korpusu oraya getdi və açıqlamalar verərək baş verən bu hadisələri pislədilər. Eyni zamanda beynəlxalq qurumlar orada qadağan olunmuş silahlardan-kaset bombalarından istifadə olunmasını təsdiq və etiraf etdilər. Bu günlərdə Dünya Bankı Gəncədəki dağıntıları bərpa etmək üçün 10 milyon avro vəsait ayırıb. Ancaq bu, o demək deyil ki, beynəlxalq birlik bu məsələyə tam obyektiv yanaşır. Təbii ki, əgər obyektiv yanaşma olsaydı, 27 il bütün dünya, o cümlədən Ermənistan tərəfindən tanınan ərazilərimiz erməni işğalı altında qalmazdı. Bilirsiz ki, ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkələri olan Rusiya, Fransa və ABŞ həm də BMT Təhlükəsilik Şurasının 5 daimi üzvləri sırasındadır. Təhlükəsizlik Şurasının daimi üzvü olan 3 dövlətin həmsədr olduğu bir qurum 27 il ərzində bu problemi həll etmirsə, bu, beynəlxalq birliyin Azərbaycana qeyri-obyektiv münasibəti, ikili standartlarla yanaşmasıdır.

Ancaq Azərbaycan ordusu tamamilə başqa bir mənzərə yaratdı. Hətta Vladimir Putin öz müsahibəsində bunu etiraf etdi. “Rossiya 24” kanalının “niyə Rusiya Ermənistana Türkiyənin Azərbaycana verdiyi kimi dəstək vermədi” sualına Putin cavab verdi ki, o bu cür məsələlərdə balansın qorunmasının tərəfdarıdır. Jurnalistə də dedi ki, sizi əmin edirəm orada balans qorundu. Bunun mənası odur ki, Türkiyə Azərbaycana nə dəstək verirdisə, Rusiya da Ermənistana o dəstəyi verib balansa nail olurdu. Halbuki bunu eyniləşdirmək mümkün deyil. Çünki biz Türkiyədən silahları pulla alırdıq. Ermənistanın isə Rusiyadan hərbi sursat almaq üçün maddi imkanları yoxdur. Ermənistanın hərbi büdcəsi 447 milyon dollardır. Amma 44 günlük müharibədə Ermənistanın 3 milyard dollar dəyərində olan hərbi sursatı Azərbaycan ordusu tərəfindən məhv edilib. Bu məsələdə Putinin daha bir maraqlı etirafı var.

O, deyir ki, biz balans yaratmağa nail olsaq da, döyüş bölgəsində başqa mənzərə yarandı. Döyüş bölgəsində yaranan mənzərədən çıxış edərək biz bütün beynəlxalq təzyiqlərin qarşısında daynmağa hazır olmalı idik. Hesab edirəm ki, indi də heç nə itirilməyib. Bundan sonra da bu məsələlərlə bağlı ətraflı düşünüb planlı şəkildə, qələbə eyforiyasına qapılmadan, bayram etməyə başımız qarışmadan məsələnin birdəfəlik və tam şəkildə həll olunmasından ötrü bundan sonra da, xüsusilə siyasi və diplomatik sahədə ciddi addımlar atılmalıdır.

“44 gün ərzində müxalif siyasətlə məşğul olmadıq”

-Sizinlə görüşmüşkən daxili məsələlərdən də danışmaq yerinə düşərdi. Hakimiyyətlə siyasi partiyalar arasında münasibətlər yeni bir məcraya yönəlib. Münasibətlərdə bir istiləşmə müşahidə edilir. Siz bu prosesi necə dəyərləndirirsiz?

-Mən xüsusi bir dəyişiklik olduğu qənaətində deyiləm. Bundan əvvəl də qeyd etdiyiniz siyasi partiyaların mütləq çoxluğu Prezident Aparatının müvafiq şöbələri ilə əlaqə saxlayırdı və ona uyğun fəaliyyət göstərirdi. Bu dövrdə olan əsas fərq ondan ibarət oldu ki, Azərbaycanın əsas aparıcı partiyaları, konkret olaraq Müsavat Partiyası bu dövr ərzində Azərbaycan ordusunun yanında olduğunu bəyan etdi, bunun üçün əlindən gələni əsirgəmədi. Eyni zamanda hakimiyyətin hərbi, siyasi, diplomatik sahədə 44 gün ərzində apardığı siysətə birmənalı şəkildə dəstək verdi. Eyni zamanda biz ilk gündən bu müharibənin mahiyyətini bütün dünyaya izah etdik. Belə bir görüntü yaratmağa çalışırdılar ki, guya bu müharibə avtoritar Azərbaycanla demokratik Ermənistan arasında gedir. Biz izah etdik ki, bu müharibə rejimlərarası müharibə deyil.

Bu müharibə Azərbaycan xalqı üçün Vətən müharibəsidir. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi uğrunda gedən, ədalətli, beynəlxalq hüquq normalarına uyğun olan mübarizədir. Hesab edirəm ki, dünya birliyinin bu məsələlərlə bağlı mövqeyində müəyyən yumşaqlığın əmələ gəlməsinin səbəblərindən biri də bu istiqamətdə Müsavat Partiyasının apardığı fəaliyyət oldu. Eyni zamanda biz 44 gün ərzində müxalif siyasətlə məşğul olmadıq. Bu dövrdə siyasi divident mübarizəsi aparmadıq. İstər Prezident Aparatının rəhbər şəxsləri ilə görüşüm zamanı, istərsə də sonrakı mərhələdə Müsavat Partiyasının və şəxsən özümün müharibənin gedişi ilə bağlı baxışlarımın, təkliflərimin nədən ibarət olduğunu Azərbaycan hakimiyyətinin diqqətinə çatdırdım. Ehtimal edirəm ki, mənim irəli sürdüyüm bu təkliflər Müsavat Partiyasının bu məsələlərlə bağlı tutduğu mövqe, irəli sürdüyü təkliflərin ən azı bir hissəsi Azərbaycan hakimiyyəti tərəfindən qəbul olundu.

Hamı etiraf edir ki, 44 günlük müharibə ərzində Azərbaycanın qələbə qazanmasının səbəblərindən biri də cəmiyyətdə ciddi bir siyasi birliyin yaranması, ümumiyyətlə, vətəndaş həmrəyliyinin də xüsusi bir rolu oldu. Düşünürəm ki, Azərbaycanda bu dövr ərzində belə bir vətəndaş həmrəyliyinin, siyasi birliyin yaranmasında Müsavat Partiyasının da rolu var. Biz də buna çalışdıq.

“Azərbaycanda yalnız bir neçə partiya var ki, konkret siyasi partiya kimi fəaliyyət göstərir”

-Müsavat Partiyası bir zamanın ən böyük partiyası idi. Bəs indi?

- Əslində, partiyaların təsir imkanları arasındakı nisbət olduğu kimi qalıb. O dövrdə də Müsavat Partiyası siyasi partiyalar arasında ən güclü partiya idi və siyasi proseslərə təsir imkanları digər partiyalardan üstün idi, indi də elədir. Sadəcə olaraq bu dövr ərzində, xüsusilə də 2005-ci ildən sonra Azərbaycanda çoxpartiyalı sistemin inkişafı üçün hər hansı bir imkan yoxdur. Siyasi partiyaların resursları əlindən alınıb. Əslində, qeyd olunan 52 siyasi partiyadan 80 faizi siyasi partiya kimi hər hansı bir fəaliyyətlə məşğul deyil. Sadəcə onların adı var ki, bunlar siyasi partiyadır. Digər partiyalar hakimiyyətlə əlbir fəaliyyət göstərirlər. Azərbaycanda yalnız bir neçə partiya var ki, konkret siyasi partiya kimi fəaliyyət göstərir. Hesab edirəm ki, bu partiyalar arasında klassik mənada siyasi fəaliyyət göstərən Müsavat Partiyasıdır. Biz ölkədə və regionda gedən proseslərə həmişə münasibət bildirmişik. Partiya strukturlarında demokratik qaydaları, prosedurları qoruyub saxlamışıq.

Müsavat Partiyasının ölkənin 50-dən çox rayonunda strukturları mövcuddur. Müsavat Partiyası beynəlxalq birlik tərəfindən də Azərbaycanda ən ciddi partiya kimi qəbul olunan siyasi partiyalardan biridir. Əgər dövlət resursları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasını nəzərə almasaq, hazırda dünya birliyi tərəfindən ən ciddi siyasi təşkilat kimi qəbul olunan 2-3 siyasi partiya varsa, onlardan biri, eyni zamanda birincisi Müsavat Partiyasıdır. Avropanın 32 dövlətində fəaliyyət göstərən 70 siyasi partiya ilə əməkdaşlıq münasibətlərimiz var.

-Arif bəy, İsa Qəmbərdən sonra Müsavat başqanı olmaq çətindirmi?

-Ümumiyyətlə, Müsavat başqanı olmaq kimdən əvvəl və ya sonra olmasından asılı olmayaraq çətindir. Çünki Müsavat Partiyasının məxsusi bir missiyası var. Müsavat Partiyası Məmməd Əmin Rəsulzadə tərəfindən yaradılmış partiyadır. Müsavat Partiyası Azərbaycan cəmiyyəti üçün bir dəyərdir. Müsavat Partiyası öz fəaliyyətində mütləq bu amilləri nəzərə almalıdır. Bu baxımdan nəinki Müsavat Partiyasının başqanı, üzvü olmaq belə həm şərəfli, həm çox çətin, həm də çox məsuliyyətli bir məsələdir.

“Müsavat yenə də ən güclü partiya olaraq fəaliyyətini davam etdirəcək...”

-O zaman dediyiniz 2005-ci ilə qədərki Müsavat Partiyası öz gücünü bərpa edə biləcəkmi?

-O Azərbaycan cəmiyyətində olan vəziyyətdən asılıdır. Əgər ölkədə demokratik dəyişikliklərə imkan veriləcəksə, sərbəst toplaşma, söz və ifadə azadlığı, azad seçki sistemi qəbul ediləcəksə, buna imkan veriləcəksə, təbii ki, Müsavat Partiyası yenə də Azərbaycanda ən güclü partiya olaraq fəaliyyətini davam etdirəcək.

-Hakimiyyət nümayəndələri ilə görüşlərdə bu məsələləri də müzakirə edibsizmi?

-Mən ancaq Qarabağ məsələsi ilə əlaqədar görüşlərdə iştirak etmişəm. Qarabağ məsələsindən kənar, eyni zamanda bu son döyüş əməliyyatları məzmunundan kənar hər hansı müzakirələrimiz olmayıb.

-Müsavat Partiyası, şəxsən Arif Hacılı hansı qüvvələri özünə rəqib hesab edir?

-Bizim əsas rəqibimiz bugünkü hakimiyyətdir.

-Bəs müxalifətdən rəqib hesab etdiyiniz qüvvə varmı?

- Hesab edirəm ki, Müsavat Partiyasından başqa da ölkədə əgər demokratik seçkilər olarsa, fundamental insan haqları təmin olunarsa, Azərbaycanda ciddi mövqe nümayiş etdirəcək siyasi partiyalar var. Bu yaxınlarda mənə sual verdilər ki, indi hakimiyyətin bu müharibədən sonra nüfuzu yüksəlib. Siz azad və şəffaf seçkilərin tərəfdarısız, bu azad və ədalətli seçkilərdə indiki hakimiyyətin qalib gələcəyindən narahat deyilsiz? Dedim narahat deyiləm. Bizim məqsədimiz nəyin bahasına olursa olsun, hakimiyyətdə biz olmalıyıq deyil. Biz istəyirik ki, Azərbaycanda xalqın iradəsi ilə hakimiyyət strukturları formalaşsın. Bizim hədəfimiz budur. Xarici siyasət sahəsində hesab edirəm ki, hakimiyyət bu 44 gün müddətində bizim dediyimiz siyasi xətti tutdu. Biz həmişə demişik ki, Türkiyə ilə münasibətləri olduğundan daha yaxşı etmək lazımdır. Türkiyə ilə hərbi müttəfiqliyə ehtiyac var. Rusiyadan məsafələnmək lazımdır. Qarabağ probleminin həlli üçün Azərbaycan cəmiyyətinin yumruq kimi birləşməsi zəruridir. O qənaətdəyəm ki, konkret olaraq müharibə dönəmində Azərbaycan hakimiyyətinin apardığı siyasət xeyli dərəcədə bizim “Rəsulzadə-Elçibəy” yolu adlandırdığımız siyasi xəttə yaxın idi. Bu dövr ərzində iqtidarla müxalifət arasında xüsusi ziddiyyətlərin olmamasının səbəbi də bundan ibarətdir. Əgər daxili siyasətdə də belə olacaqsa, Konstitutsiyada təsbit olunmuş müddəalara əməl olunacaqsa, ölkədə korrupsiya və rüşvətə son qoyulacaqsa heç bir ziddiyyət olmayacaq. Bizim də elə hədəfimiz bundan ibarətdir. Belə olan halda, Azərbaycan xalqının iradəsi ilə hansı təşkilatın hakimiyyətdə olması bizim üçün həlledici məsələ deyil.

-Arif bəy, müsahibə üçün təşəkkür edirik. Çox sağ olun.

-Siz də sağ olun.


Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.