Azərbaycanın 23 ildir sahibi çıxmayan ali ordeni

1-02-2016, 10:15           
Azərbaycanın 23 ildir sahibi çıxmayan ali ordeni
Sabir Rüstəmxanlı: “Bu gün Şah İsmayıl Xətai qəhrəmanlığını göstərən kimsə yoxdur...”
Məlum olduğu kimi, bir neçə gün bundan öncə ölkə prezidenti bir sıra məsələlər ilə bağlı 12 sərəncam və 7 fərman imzaladı. Onların arasında “Azərbaycan Respublikasının ”Şah İsmayıl" ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 64-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam var.

Sərəncamda bildirilir ki, qərarın verilməsində məqsəd qeyd edilən Qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etməkdir. 23 ildir ki, təsis olunan, lakin təltif siyahsında yer almayan ali orden...

Xatırladaq ki, “Şah İsmayıl” ordeni 1992-ci il dekabrın 6-da sabiq prezident Əbülfəz Elçibəyin fərmanı əsasında təsis edilib. O dövrdə Milli Məclis də həmin ordenin statusunu və təsvirni təsdiqləyib. Qanuna əsasən ali orden olan “Şah İsmayıl” ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilirlər. Bu orden ordunun təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərinə, görkəmli sərkərdəlik fəaliyyətinə, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusi xidmətlətinə görə verilir. Milli Məclisin təsdiqlədiyi “Ordenlərin taxılması qaydaları haqqında” qanuna görə “Şah İsmayıl” ordeni döşün sol tərəfinə, digər orden və medalları olduqda “İstiqlal” ordenindən sonra taxılır.

“Şah İsmayıl” ordeni ilk dəfə təsis olunanda onun təsviri düzgün səkkizguşəli ulduz şəklində gümüşdən olub. Ulduzun mərkəzində üzü qızıl suyuna salınan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilib. Arxa tərəfdə “Şah İsmayıl” yazılıb. Ondan aşağıda ordenini nömrəsi həkk edilib.

2015-ci il 18 dekabr tarixində prezident İlham Əliyev tərəfindən imzalanan qərara əsasən ordenin təsviri daha da mükəmmələşdirilib. Qərara görə Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeni biri digərinin üzərində yerləşdirilən, biri digərinə nisbətən ox ətrafında dönmüş iki səkkizguşəli ulduzdan ibarətdir. Arxa şüalar platindən, ön şüalar isə qızıldandır. Üst hissədə olan ulduz daha uzun şüalıdır, mərkəzində qızıldan girdə lövhə yerləşir. Həmin lövhənin üzərində Şah İsmayılın əksi profildən qabarıq təsvir olunub. Lövhənin aşağısında “Şah İsmayıl” sözləri yazılıb. Əvvəlki təsvirlə müqayisədə dəyişilik qızıl suyunun, qızıl materialı ilə əvəz edilməsi olub.

Artıq 23 ildir ki, təsis edilən orden nədənsə bu günədək öz sahibini tapa bilməyib. Səbəb nədir? Sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı məsələyə bu cür şərh verdi: “Şah İsmayıl” ordeni əgər bu günədək heç kimə verilməyibsə, deməli, o ordenə layiq olan bir iş görülməyib və adam yoxdur. Yəqin ki, vaxtı gələndə, layiq olan ortalığa çıxsa, verilər. Ümumiyyətlə, orden və medalların sağa-sola paylanılmasının tərəfdarı deyiləm. Ona görə bu məsələyə normal baxıram".

Sabiq parlament üzvü Azərbaycanda bu gün Şah İsmayıl Xətai qəhrəmanlığını göstərən hər hansı bir şəxsin olmadığını dedi: “Onun ideyalarının həyata keçirilməsi, qurduğu böyük dövlətin ən azı müəyyən bir çərçivədə qorunması, o istiqamətdə addımların atılması baxımından bir kimsə yoxdur. Amma Şah İsmayıl, azərbaycançılıq sevgisi ilə yaşayanlar çoxdur. Buna baxmayaraq Şah İsmayıl Xətai qəhrəmanlığını göstərən bu gün yoxdur”.

Onu da əlavə edək ki, 2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunan yeni poçt markaları təqdim edilib. Həmin markalardan biri də “Şah İsmayıl” ordeninə həsr olunub.
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.