"Nəyə görə, Rusiyadakı azərbaycanlılar Şuşada yaşadıqları vilayətlərin evini tikməsinlər" - Diaspor sədri

27-01-2021, 10:29           
"Nəyə görə, Rusiyadakı azərbaycanlılar Şuşada yaşadıqları vilayətlərin evini tikməsinlər" - Diaspor sədri
“Kreslodan ikiəlli yapışıb oturan şəxslərdən deyiləm. Əgər Orenburqdakı azərbaycanlılar yenidən məni bu vəzifədə görmək istəsə, namizədliyimi növbəti dəfə də irəli sürərəm. Yox əgər gösəm ki, 5 il müddətində mənə göstərdikləri etimadı doğrultmadım, bir daha namizəd olmaram”.

Bu fikirlər budəfəki müsahibimiz, Orenburq Azərbaycanlıları Milli Konqresinin sədri İlkin Kərimova aiddir. İ.Kərimovla həmsöhbət olub Orenburq Azərbaycanlıları Milli Konqresinin gördüyü işlər, qarşıdakı planlar barədə danışmışıq.

- İlkin bəy, vətəndən kənarda yaşayan iş adamı, diaspora rəhbəri olaraq Azərbaycan üçün hansı işlərə imza atmısınız?

- Yaxşı olardı ki, bu barədə Orenburqda yaşayan azərbaycanlılar danışardı. Sualı mənə ünvanladığınıza görə təvazökarlıqdan uzaq da olsa, cavablandırmalıyam. Cəmi iki il yarımdır diaspora rəhbəriyəm, əvvəllər ancaq iş adamı kimi müəyyən işlər görmüşük. Rəhmətlik Ələddin müəllimin (Ələddin Məmmədov - Orenburq Azərbaycanlıları Milli Konqresinin əvvəlki rəhbəri – R.M.) daima yanında olmuşuq, o, rəhmətə gedəndən sonra - 2018-ci ilin iyun ayında 5 il müddətinə Orenburq Azərbaycanlıları Milli Konqresinin sədri seçilmşəm. Bu müddət ərzində Azərbaycanın millli bayramları, tarixi, faciəvi günləri ilə bağlı bir çox tədbirlər təşkil etmişik. Tədbirlərimizə ermənilərdən başqa bütün diaspora rəhbərlərini dəvət eləmişik. Əsas məqsədimiz yaşadığımız faciələri yaşadığımız yerdəki qeyri-azərbaycanlıların diqqətinə çatdırmaq olub. Buradakı hakim dairələrlə əlaqələr qurmağa çalışmışam.

- Etiraf edək ki, bu gün azərbaycanlılarda Rusiyaya qarşı münasibət birmənalı deyil. Əksəriyyət Rusiyanı sevmir, Ermənistanla yanaşı Rusiya da işğalçı dövlət kimi qəbul olunur. Orada vəziyyət necədir?

- Çox sadə bir missal çəkim. Bir var ayını öldürmək istəyəsən, amma ayını öldürməyə heç bir silahın yoxdur. Amma mən onun tərəfdarıyam ki, ayını tutub əhliləşdirək, gətirək sirkdə velosiped sürdürək. Çox adam deyir ki, rus bizim düşmənimizdir. Ancaq biz belə iddia qaldıra bilmərik. Bu, gəmidə oturub gəmiçi ilə dava etməyə bənzəyər. Əgər rus bizim düşmənimizdirsə, mənim xan balarıma iddiam var. 1804-cü ildə Cavad xan ətrafına 100 minlik qoşun yığıb, hansı ki, bunu edə bilərdi, Sisyanovu məhv etsəydi, rus heç vaxt bizim torpağımızda olmayacaqdı. Artıq gecdir, bundan sonra rusa əks getməməliyik. Heç kim, əsasən də mənfurlar bizə nümunə ola bilməz, biz özümüz özümüzə nümunəyik.

Gəlin düşünək, Rusiyadakı azərbaycanlıların əgər 20 faizi təhsil almağa gəlibsə, 80 faizi kənddən-kəsəkdən iş üçün, fəhləlik etmək üçün gəlib. Ona görə də biz özümüzü burada ancaq aşağı səviyyədə göstərə bilərək. Biz nəinki rusun tarixini, ədəbiyyatını - Dostoyevskini, Lermontovu, heç Nizamini, Nəsimini, Səməd Vurğunu, Hüseyn Cavidi tanımırıq. Əgər biz özümüzünküləri tanımırıqsa, rusa özümüzü necə təbliğ edəcəyik?!

Bu yaxınlarda Orenburqda Andrey İvanoviç adlı bir həkimlə tanış oldum. Ondan soruşdum ki, siz azərbaycanlıları necə görürsüz? Cavab verdi ki, “azərbaycanlıları bazarda alver edən, zəhmətkeş insanlar kimi görürəm”. Aldığım cavabdan sonra özümü sındırmamaq üçün bildirdim ki, bəs Fərman Salmanov, Polad Bülbüloğlu, Müslüm Maqomayev? Əlavə etdim ki, Rusiya bu dəqiqə nə ilə güclüdür? Dedi ki, silahı - S-400-ü ilə. Yenidən sual verdim ki, S-400-ü kim ixtira edib? Cavab verdim ki, İqor Aşurbəyli. Rus həkim təəccüblə soruşdu ki, “azərbaycanlıdır?”, dedim bəli. Biz olduğumuz yerdə özümüzü elə təqdim etməliyik ki, bizə hörmət olunsun. Qeyd edim ki, Orenburqda bizim tibb elmləri namizədi Allahverdi Dilyanov, Şərif Orucov, Elnarə Orucova kimi gənc savadlı həkimlərimiz var. Allahverdi Dilyanov, Şərif Orucov 1 nömrəli Orenburq şəhər xəstəxanasında aparıcı mütəxəssislərdir.

- Oradakı ermənilərlə münasibətləriniz necədir?

- Ermənilərlə indiyə qədər heç bir münasibətim olmayıb. Soruşanlara da demişəm, nə qədər ki, mənim torpağım ermənilərin əsarəti altındadır, mənim onlarla heç bir iş birliyim ola bilməz. Bundan sonra isə ermənilərlə iş görə bilərəm. Çünki Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla biz bütün dünyaya göstərdik ki, Azərbaycan oğulları kimdir. Tehran Mənsimovun rəhbərliyi altında Naxçıvan Xüsusi Təyinatlıları Şuşanı Suvorovun Alp dağlarını keçib qələbə çaldığı kimi işğaldan azad etdilər. Xüsusi təyinatlılarımız Şuşaya silahsız, əliyalın çıxaraq qələbə qazandılar. Bütün dünya gördü ki, Azərbaycanın necə qəhrəman, şəhid olaraq torpağı öz qanı ilə Vətən edən igid oğulları var. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm.

Məhz bu tarixi qalibiyyətdən sonra erməni ilə hansısa işi görə bilərəm.

- Azərbaycan qalibiyyət şərbətini içəndən sonra xaricdəki ermənilərin bizə münasibəti necədir? Yenə də bizə yuxarıdan aşağı baxırlar, yoxsa qınlarına çəkiliblər?

- İki-üç il qabaq demişdim ki, Azərbaycanda Azərbaycan kişisi olmaq asandır, çünki hamımız məğlubuq. Ancaq Rusiyada azərbaycanlı kişi olmaq çox çətindir, çünki biz həmişə özümüzü təsdiq etməliyik. Və biz həmişə buna çalışırdıq, erməni heç zaman bizə yuxarıdan aşağı baxa bilmirdi, elə azərbaycanlı oğul tanımıram ki, hardasa erməninin qarşısında baş əyərdi. İlk öncə savadımızla ermənini yerində oturdurduq ki, biz sizə uduzmamışıq, siz rusun hesabına, siyasi sistemin hesabına hələlik bizim torpaqardasız, gec-tez geri qaytaracağıq. Birinci Qarabağ savaşında oğullarımızın göstərdiyi şücaəti faktla sübut edirdik. Necə demişdiksə, elə də oldu.

Yadıma düşmüşkən, məni hər zaman narahat edən bir məsələni də qeyd edim. Axır zamanlar Primakovu düşmən kimi qələmə verirlər. Ancaq mənim oxuduqlarıma görə, Primakov özü də etiraf etmişdi ki, “Məni Qorbaçov satdı”. Primakovun bu barədə açıqlamaları var. Bu barədə bu yaxınlarda Ayaz Mütəllibov da danışmışdı.

- Söhbətimiz məcrasından çıxmasın deyə yenidən Vətən müharibəsinə qayıdaq. Bütün dünyanın pandemiya ilə mübarizə apardığı çətin bir şəraitdə Azərbaycan tarix yazdı, işğal olunmuş torpaqlarını geri aldı. Bu müddətdə hər bir azərbaycanlı yumruq kimi birləşdi, ön cəbhəyə də, ön cəbhədəkilərin arxa cəbhədə qalmış ailə üzvlərinə də dəstək oldu. Həmçinin xaricdə yaşayan soydaşlarımızın da ürəyi Azərbaycanla döyündü, maddi və mənəvi dəstəklərini nümayiş etdirdilər. Elə indi də həmin yardımlar davam edir, YAŞAT Fonduna ianə edirlər, şəhid və qazi ailələrinə dəstək olurlar. Vətənə dar günündə siz necə dəstək oldunuz?

- Orenburqda yaşayan azərbaycanlılar olaraq 2 milyon rubla qədər vəsait yığaraq Azərbaycana göndərdik. Orenburq və yaxın şəhərlərdəki azərbaycanlılar 10 min dollar yığaraq Azərbaycandakı bir dindar qardaşımıza göndərdik, o da həmin məbləğə xüsusi təyinatlılara lazım olan vəsaitləri alıb onlara çatdırdı. Daha sonra 9 min dollara qədər vəsait yığaraq Saray qəsəbəsində yaşayan bir şəhid ailəsinə göndərdik. Bundan əlavə, kiçik məbləğlərdə yardımlar etmişik. Bir sözlə, Orenburq Azərbaycanlıları Milli Konqresi olaraq biz də kənarda qalmamışıq, Vətən üçün əlimizdən gələni etmişik.

- Bundan sonra planlarınızda nələr var, nə kimi işlər görməyi düşünürsünüz?

- Böyük planlarımız var və ən böyük planımız da Orenburqda milli evimizin inşa olunmasıdır. Təəssüflə qeyd edim ki, indiyə qədər Orenburqda Azərbaycan evi yoxdur. Diaspora rəhbəri olandan bəri çalışıram ki, bu evi inşa etmək üçün torpaq ala bilək və artıq bu məsələ final mərhələsinə yaxınlaşır. Torpaq məsələsi həll olunandan sonra burada qız qalasının bir qədər kiçildilmiş formasında Azərbaycan evi tikməyi planlaşdırırıq. Azərbaycan evi dörd mərtəbədən ibarət olmalıdır, birinci mərtəbəsində giriş və muzey, ikinci mərtəbəsində gənclərimiz üçün dərnəklər, üçüncü mərtəbədə milli rəqslərimizin öyrədilməsi üçün zal, dördüncü mərtəbədə isə Heydər Əliyev muzeyi yerləşəcək. Kompleksin qarşısında da böyük bir park salmaq fikrimiz var.

- Açıq deyim ki, mən sizdən gələcək planlarınız barədə soruşanda başqa cavab gözləyirdim. Çünki bizim xaricdə yaşayan əksər iş adamlarımızın, diaspor fəallarımızın gələcək planları işğaldan azad olunmuş torpaqlarımızla bağlıdır. Düşündüm ki, sizin də həmin torpaqlarda hansısa abadlıq-quruculuq işləri həyata keçirmək, hər hansı mədəniyyət mərkəzi, ictimai-iaşə obyekti və s. tikmək arzunuz olar…

- Siz indi mənə çox gözəl ideya verdiniz. Nəyə görə Orenburqda Azərbaycan evi olsun, ancaq Şuşada Orenburq evi olmasın. Elə bu fikirlər də bizim qubernatora müraciət edəcəm. Sizə mənə bu ideyanı verdiyinizə görə dərin təşəkkürümü bildirirəm. Böyük bir işin təməlini qoydunuz. Nəyə görə hər bir vilayətdə yaşayan azərbaycanlılarımız gedib işğaldan azad olunmuş torpaqlarımızda yaşadıqları vilayətin evini tikməsinlər?! Bu, çox yaxşı ideyadır və sizə təklif edirəm ki, bu məsələni ictimailəşdirək, Rusiyada yaşayan bütün azərbaycanlılara göndərək. Əminəm ki, Ulyanovskda Şirvan müəllim Kərimov, Arxangelskdə Tərlan müəllim Qasımov, Komidən Akif müəllim Mikayılov, Moskvadan Əli müəllim Kazımov bu ideyaya qoşula bilərlər.

- Biz media olaraq bu məsələdə hər zaman yanınızda olarıq. Çünki həmin torpaqları işğaldan azad etməklə işimiz bitməyib, biz o torpaqlara sahib çıxmalıyıq, 30 ildə xarabalığa çevrilmiş Vətənimizi cənnətə döndərməliyik ki, erməni bundan sonra onlara torpaq verməyəcəyimizi bird aha anlasın…

- Razıyam sizinlə. Erməni onsuz da bilir ki, biz onlara torpaq verən deyilik. Torpaqlarımızın getməsinin səbəbi də siyasi proseslər idi. Nəhayət biz qələbə qazandıq və bu qələbəyə heç kim kölgə salmamalıdır. Biz qonşularımızla yumşaq siyasət yürütməliyik, aqressiv siyasət ağır fəsadlarla nəticələnir. Çörçil deyir, siyasətçi odur ki, 6 aydan sonra nə baş verəcəyi barədə məlumat versin və dediyi baş verməyəndə də onun səbəbini izah edə bilsin. Ali Baş Komandanımız çox düzgün siyasət yürütdü və mən onun bu siyasətini ayaq üstdə alqışlayıram. Daha çox şəhid vermədən torpaqlarımızı geri aldıq, zamanı, məqamı yetişəndə digər məsələlər də öz həllini tapacaq. Yavaş-yavaş sülhməramlılar da, elə ermənilər də çıxıb gedəcək o torpaqlardan.

- Maraqlı müsahibsiniz, çox xoş oldu sizinlə həmsöhbət olmaq. Oxucularımıza, Azərbaycandakı həmvətənlərinizə son olaraq nə demək istərdiniz?

- Demək istərdim ki, səbrli olaq. Ani çılğınlıqlara yol verməyək, çünki ani çılğınlıq hər zaman peşmançılıqla nəticələnir. Bizim hazırda bir yolumuz var – İlhamla irəli. Biz ancaq cənab Ali Baş Komandanın ətrafında birləşib heç bir şayiəyə uymadan bu yolla davam etməliyik. Sözümüz bir-birimizin boğazından keçməlidir, bir olmalıyıq, əlbir olmalıyıq, ani hisslərə qapılmamalıyıq. Mən Quba rayonunda anadan olmuşam, tatam. Ancaq hər zaman demişəm ki, ulu Türkün ətrafında birləşmiş milli azlıqlardan və etnik qruplardan ibarət vahid Azərbaycan xalqıyam, mən azərbaycanlıyam. Ulu öndər Heydər Əliev demişkən: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam!”. Hamıya da bunu arzulayıram.

Rumiyyə MİRASLAN, //Dominant.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.