“Çox vaxt bizim nazirliklər və məmurlarımız öz sahəsi üzrə olan siyasətlə təsərrüfat fəaliyyətini qarışdırırlar” - Cavid Qurbanov

10-02-2016, 10:45           
“Çox vaxt bizim nazirliklər və məmurlarımız öz sahəsi üzrə olan siyasətlə təsərrüfat fəaliyyətini qarışdırırlar” - Cavid Qurbanov
9 fevral 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-yə yeni rəis təyin olundu. Ötən bir illik müddətin dəyərləndirilməsi, görülən işlərlə bağlı C.Qurbanovla görüşüb, müsahibə götürdük. Həmin söhbəti təqdim edirik:

- Cavid müəllim, bu gün (dünən-red.) sizin “Azərbaycan Dəmir Yolları” QSC-yə rəis təyinatınızın bir ili tamam oldu. Bir il ərzində rəhbərlik etdiyiniz sahədə nə dəyişdi? Nə kimi uğurlar, yeniliklər oldu? Bu bir ilin yekununu necə dəyərləndirərdiniz?

- Məsələ ondadır ki, həqiqətən də bir il əvvəl cənab prezident bizi bu vəzifəyə təyin etdi. Həmin vaxt qarşımıza çox ciddi məsələlər qoymuşdu. Mən də çalışdım ki, bu bir il ərzində qarşımıza qoyulan o məsələlərdə ciddi dönüşlər yaradım. Mən dəmiryolunu qəbul edəndə düşünməzdim ki, bu sahə texniki tərəfdən zəifdir.

- Baxmayaraq ki, mətbuat daim bu sahədəki çatışmazlıqlardan yazırdı...

- Bəli, yazırdı. Amma başım öz sahəmə daha çox qarışdığı üçün (C.Qurbanov buna qədər “Azəryolservis” ASC-nin prezidenti olub-müəllif.) dəmiryolundakı vəziyyətdən xəbərim olmurdu. Amma bu vəzifəyə təyin olunandan sonra gördüm ki, texniki heyəti, kadr potensialı bərbad vəziyyətdədir. Ona görə də mövcud vəziyyətlə bağlı ölkə başçısına, baş nazirə məruzə etdim. İşin irəliyə getməsi üçün müvafiq addımlar atmağa başladıq. Addımlar birinci növbədə vaqon, elektrovoz, lokomotiv parklarının yenilənməsi ilə başladı. Dəmir yolu digər sahələrdən xeyli fərqlənir. Gəmiçilik elədir ki, onun yolu ancaq sudur, təyyarənin yolu havadır, maşın yollarında isə yoldur, amma üstündəkilərə cavab verilmir. Dəmir yolunda isə rəhbərlik bunun həm yoluna, həm xəttinə, həm də rabitəsinə, lokomotivinə, ekologiyasına, təhlükəsizliyinə cavabdehdir. Ağır və böyük strukturdur. Amma bu ağır və böyük struktura dəmiryolu rəhbərliyi, onun işçiləri tərəfindən lazımi diqqət göstərilməyib. Bunların hamısı o vəziyyətə gətirib çıxarıb ki, biz bu formada davam etsəydik, 2020-2022-ci illərə qədər dəmiryolu parkında vaxtı keçməmiş, istismara yararlı olan vaqon və lokomotiv parkından çox cüzi miqdarda qalardı. İndiki parkın təxminən 5 faizi qalacaqdı. Mən burda özümü tərifləmək istəmirəm....

- Yox, biz faktlardan danışırıq...

- Bəli, ölkə prezidenti tərəfindən 4 il budan öncə inkişaf proqramı təsdiqlənib. Onun punktları var, tapşırıqlar verilib. Amma mövcud durum göstərirdi ki, bu tapşırıqların icra olunması gecikib. Yoxlamalar göstərirdi ki, layihələr illərlə gecikdirilib və yerinə yetirilməyib. Baxmayaraq ki, dövlət başçısı pul ayırıb, tapşırıqlar verib...

- Səhv etmirəmsə, xarici təşkilatlardan da bu sahəyə maliyyə vəsaiti ayrılıb.

“Bu formada davam etsəydi, 2020-2022-ci illərə qədər indiki parkın təxminən 5 faizi qalacaqdı”


- Bəli. Ona görə də bu məsələlərə yenidən baxmağa başladıq. Kadr dəyişikliyi ilə də məşğul olduq. Bura spesifik sahədir. “Mən yeni gəlmişəm, hamını çıxarmalıyam, təzələməliyəm” prinsipi ilə işçiləri çıxarmadıq. Sadəcə, işinə baxıb, kadrlara qiymət verdik. Yaxşı işləyənlər yerində qaldı, qaneedici fəaliyyəti olmayanları isə zaman-zaman dəyişdik. Biz 84 kilometrə yaxın Bakı-Sumqayıt yolunu bərpa etdik, açdıq. Bu ilin içində 40 kilometrə yaxın yolu yeniləşdirmişik. Yeni platformalar tikmişik, dəmir yolu binasının yeni təmirinə başlamışıq, 4 ədəd yeni elektrovoz alıb gətirmişik, 10 ədədə yaxın teplovozu Qazaxıstandan gətirmişik, 3 minə yaxın vaqon alıb gətirmişik. 3 ədəd “Ştadler” tipli sərnişin qatarı istifadəyə vermişik. 3 mindən çox yük və yük vaqonları gətirmişik - bunlar buğda, neft daşınması ilə məşğul olan vaqonlardır.

Elektrik təsərrüfatı ilə bağlı yeniliklər edirik. Dəmir yolu idarəsinin dam örtüyünü dəyişmişik. İndiyə qədər heç kim buna əl vurmamışdı. Son 50 ildə bu dam örtüyü dəyişilməmişdi. Binanın özünün təmiri ilə məşğuluq. Ayın 20-də yeni bir korpusun təmirini bitirəcəyik. Binanı təmizlətdirdik, təkcə zirzəmidən onlarla maşın zibil daşıtdırdıq. Su sistemini yenilədik. Artıq su kranını açanda hər kəs ordan axan sudan içməli su kimi istifadə edə biləcək, çünki təmizləyici qurğular qoymuşuq. Yeni istilik, havalandırma sistemi qurmuşuq. 5 ədəd təmir olunmuş elektrik qatarı alıb gətirdik. Bunun birini Yalama istiqamətində xəttə buraxmışıq. Bu marşrutdan hər gün 200 nəfərə qədər sərnişin istifadə edir.

- Siz danışdıqca mənzərə daha aydın olur: 50 ildir dəyişməyən dam örtüyü, bərbad durumda olan infrastruktur, üstəgəl, prezidentin vəsait ayırdığı və sərəncam verdiyi sahə ilə bağlı heç bir iş görülməyib. Bəs necə olur ki, neqativ planda bu işləri görən şəxslər cəzalandırılmadı?

- Gəlin məsələni bu cür qoymayaq. Bizim yanımızda işləyən, bu cür işinin öhdəsindən gəlməyən şəxslərin cəzalandırılması ilə məşğuluq.

- Xeyr, sizi nəzərdə tutmuram. Hüquq-mühafizə orqanları bu sahəni araşdırıb, hər hansı tədbir görə bilərdimi? Ən azı cəzasızlıq mühiti yaranmasın deyə.

- Cəzanın geci-tezi var. Hər kəs öz cəzasını nə zamansa alır və alacaq.

- Sizcə, indi gecikmir ki?

- Xeyr. Hər halda, bu işlə kimsə məşğuldur. Lazım gələndə, vaxtı çatanda cəzalandırma ilə məşğul olacaq.

- Son bir illik fəaliyyətinizə kənardan bir hakim kimi neçə qiymət verərdiniz?

- Çox çətin məsələdir. Qiymətləndirməni qoy kənardan kimsə etsin. Sadəcə, bir şeyi bilirəm ki, mən öz vicdanım qarşısında hesabat versəm, deyərəm ki, bacardığım qədər üzərimə düşəni etmişəm.

- Ölkə rəhbərliyinin bu bir illə bağlı hər hansı dəyərləndirməsi olubmu?

- Cənab prezident dəfələrlə öz çıxışında bizim fəaliyyətimizə müsbət qiymət verib. Ən yüksək qiyməti işlərin getdiyini, inkişafın olduğunu deməklə verib. Bundan artıq biz qiymət gözləmirik. Cənab baş nazirin çox yaxşı münasibəti var bizim fəaliyyətimizlə bağlı.

- Ötən il sentyabrın 18-də “Azərbaycan Dövlət Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılaraq müstəqil qurum elan olundu. Bu, sizə və rəhbərlik etdiyiniz quruma hansı üstünlüklər qazandırdı? Bir nazirliyin tabeliyində fəaliyyətlə, müstəqil idarə olaraq fəaliyyət arasında hansı fərqlər var?

- Bu, əlbəttə ki, cənab prezidentin qərarı idi. Özüm tərəfindən demək istəyirəm ki, nazirliklər əsasən dövlətin onlara tapşırdığı siyasətlə məşğul olmalıdır. Tutaq ki, Nəqliyyat Nazirliyi ölkənin nəqliyyat siyasəti ilə məşğul olmalıdır. Amma çox vaxt bizim nazirliklər və məmurlarımız öz sahəsi üzrə olan siyasətlə təsərrüfat fəaliyyətini qarışdırırlar. Hesab edirəm ki, ümumiyyətlə, nazirliklər daha çox dövlətin o sahə üzrə siyasətini yerinə yetirməlidir. Subyektlər konkret olaraq təsərrüfat fəaliyyətini yerinə yetirir. Bu da daha çox kömək əvəzinə idarəetmədə tıxac əmələ gətirir. Ona görə də belə qərar qəbul olundu ki, iqtisadiyyatın böhranlı günlərində daha çox operativliyi, çevikliyi təmin etmək, cəld qərarlar qəbul etmək üçün təsərrüfat subyektlərinə sərbəstlik verilsin. Bu, zərurətdən əmələ gəldi. Özü də bu, təkcə bizdə həyata keçirilmir. Qonşu Gürcüstanda, Rusiyada, Qazaxıstanda belədir. Türkmənistanda ayrı nazirlik kimi fəaliyyət göstərir. Dəmir yolu müəyyən bir formada nəqliyyata bağlıdır. Amma əksər ölkələrdə dəmir yolları avtonom idarə olunur.

- Rəhbərlik etdiyiniz qurumun yaxın gələcəkdə nazirliyə çevriləcəyi ilə bağlı mediada tez-tez versiyalar səslənir. Bu, gözləniləndirmi və ümumiyyətlə, ehtiyac görürsüzmü?

- Bu, ölkə başçısının əlahiddə səlahiyyətləridir. Müəyyən adamları təyin etmək, qurumları birləşdirmək, ayırmaq... ancaq onun qərarları ilə həll olunur. İkincisi, insan var ki, işləmək üçün hansısa vasitə axtarır. İnsan var ki, işləməmək üçün bəhanə axtarır. Bunun formasının işə heç bir dəxli yoxdur. Əgər biz bu gün işləmək istəyiriksə, formanın heç bir fərqi yoxdur. Cənab prezident bu gün belə forma ilə bağlı qərar qəbul edibsə, bu, bizimçün məqbuldur. Heç onu dəyişməyə də ehtiyac yoxdur. İşləməyəcəksənsə, istəyirsən qurumun adını nazirlik qoy, ya da komitə, nəticə dəyişməyəcək.

- Dəmir yolu dövlətdən dotasiya ilə yaşayan qurumdur?

- Xeyr, əslində özü qazanıb, özünü saxlaya biləcək qurumdur.

- Amma büdcədən dotasiya da alır.

- Yox, dotasiya almır. Dövlətin proqramında, iqtisadiyyatda belə qayda var ki, dəmir yolu, hava, su nəqliyyatları kommersiya qurumlarıdır. Onlar özləri qazanır, təsərrüfatlarını inkişaf etdirir, işçilərinin məvacibini verir. Amma dövlət ineksiya, investisiya, innovasiya kimi özünün infrastrukturunu düzəldir, verir idarəyə. Məsələn, deyir ki, “ay dəmir yolu idarəsi, sənə vaqonları aldım, yolları təmir etməyə vəsait verdim, al, indən sonra özün qazan və dövlətin inkişafında rol oyna”.

- Sualımın mahiyyəti budur ki, bu qurum gəlir gətirən quruma çevrilə biləcəkmi? Çünki ilk sualımın cavabında da dediniz ki, vəzifəyə gələndə burdakı durum acınacaqlı və bərbad idi. Gəlirlə işləyən, özünü dolandıran, büdcəyə vəsait ödəyən quruma çevrilməsi mümkündürmü?

- Mən cənab prezidentə məruzə etmişəm. Sizin qəzet vasitəsilə də ictimaiyyətə çatdırmaq istəyirəm düşüncələrimi. Sual verdiniz ki, belə bir quruma çevrilməsi mümkündürmü? Mən də deyirəm ki, çevrilməlidir. Çünki dəmir yolu kommersiya təşkilatıdır, mütləq qaydada özü-özünü saxlamağa qadir olmalıdır. Əks halda, onun yaşamaq və işləmək imkanı azalır. Bundan ötrü dəmir yolu rəhbərliyində oturan adamlar təkcə texniki adamlar olmalı deyil. Həm də menecer olmalıdır. Lazım gələndə yüklərin dalınca getməlidir...

Bakıda bir-birinin ardınca müəyyən konfranslar keçirdik. İrandan, Qazaxıstandan, Gürcüstandan qonaqlar, mütəxəssislər dəvət etdik. Qiymətlərin aşağı düşməsi, marşrutların açılması ilə məşğul olduq. İndi yeni marşrutlar məsələsi var. Biz coğrafi məkanımıza görə dünyanın ortasında yerləşmişik. Tale elə gətirib ki, bizim təbiətimiz, eləcə də ərazi yerimiz elədir ki, torpağımızın altı da, üstü də qızıldır. Onun hər şeyindən istifadə etmək lazımdır. Azərbaycan torpağı öz xalqını yedirməyə, saxlamağa qadirdir. Sadəcə, işi düzgün qurmaq lazımdır. Cənab prezident demişkən, kənd təsərrüfatı inkişaf etdirilməlidir. Hamı neftdən yapışıb, “məni neft dolandıracaq” deməməlidir. Neft üzərindən dünya siyasəti qurulur. Onun qiyməti qalxa da bilər, düşə də bilər, bizdən asılı olmayan şeylərə görə oynaya bilər. Ona görə də özümüzü bir qədər ağır gündə yaşamağa hazır etməliyik...

- Bu cür ağır günə hazırıqmı, sizcə?

- Bir az tənbəlləşmişik.

- Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyindən, ölkəmizin nəqliyyat qurumları “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində aktiv iştirak edir. Son aylar ərzində Azərbaycan dəmir yolları ölkənin dəmir yolu ilə bağlı tranzit potensialının artırılması istiqamətində bütün imkanları səfərbər edib. Son nəticə necədir? Razısızmı?

- Nəticə etibarilə birinci məsələlərdən biri odur ki, biz bu səs-küyü qaldıra bildik. Hər kəsə çatdıra bildik ki, Azərbaycan üzərindən yük aparmaq daha sərfəlidir. İkinci məsələ budur ki, dövlətimizin başçısı bu işləri görməyimiz üçün bizim arxamızda dayandı, bizə dəstək verdi.

- Prezident dəstəyi ona görəmi verdi ki, Cavid Qurbanovun xətrini çox istəyir? Yoxsa ölkə başçısı bu sahənin strateji mahiyyətini, gələcəkdə ölkəyə böyük gəlirlər gətirəcəyini, Azərbaycanı iqtisadi cəhətdən qabağa çıxaracağını bildiyi üçün bu addıma getdi?

- Tam düz buyurursunuz. Söhbət burda şəxsiyyətdən yox, ölkənin strategiyasından gedir. Hərdən mətbuatda bunu düz yazmırlar. Filankəs filan işi gördü... deyirlər. Mən təkbaşına heç nə edə bilmərəm. Əgər dövlət mənim arxamda durmasa, hər hansı iş görməm mümkün deyil. Gərək həm Maliyyə Nazirliyi, həm İqtisadiyyat Nazirliyi kömək etsin.

- Edirlərmi?

- Edirlər. Hər kəs bacardığını edir. Amma onu gedib çatdırmaq lazımdır. Ölkə başçısına gedib düzgün təqdimat etmək lazımdır ki, cənab prezident, bu işlə bağlı bu cür layihə var. Çünki cənab prezidentin o qədər problemi var ki. Amma sağ olsun ki, vaxt tapıb bizi dinləyə və sahəmiz üzrə görməli olduğumuz işlərlə maraqlana bilir.

- Dövlət başçısının proqramı bu qədərmi gərgindir?

- Əlbəttə. Onun proqramı hər zaman gərgindir. Hazırda ölkə postneft dönəminə keçib. İqtisadiyyatı yeni dönəm üzrə planlamaq və yoluna qoymaq lazımdır.

- Bu dönəmdə sizin rəhbərlik etdiyiniz qurumun dövlətin iqtisadi damarlarına yeni qan vermək imkanları nə yerdədir?

- Bizim o imkanlarımız var. Bu, təkcə dəmir yolunun inkişafı deyil ki. Bununla bərabər həm gəmiçiliyin, həm turizmin, həm limanların inkişafı artır, bundan başqa, mədəni səviyyə yüksəlir, yükdaşımanın da inkişafı güclənir, ekoloji problemlərin həlli yoluna qoyulur. Yolların saxlanması, qorunması problemləri ortadan qalxır. Hərə öz işini görə bilirsə, problemlər də yoluna qoyulur.

- Cavid müəllim, vaxtaşırı medaiada və sizin çıxışlarınızda “Şərq-Qərb”, “Şimal-Cənub” beynəlxalq nəqliyyat marşrutu haqda danışılır. Qıraqdan bu, xeyli sirli-sehrli görünür. Bu marşrutları tutaq ki, peşəkarlar, sahə mütəxəssisləri bilir. Bəs sıravi oxucunun başa düşdüyü səviyyədə bunun açmasını necə verərdiz?

(Davamı növbəti sayımızda)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.