“Bölgədə Rusiyanın müttəfiqi Paşinyan, ya Köçəryan deyil”

6-03-2021, 09:39           
“Bölgədə Rusiyanın müttəfiqi Paşinyan, ya Köçəryan deyil”
Ermənistanın keçmiş prezidenti, Qarabağ canilərinin lideri Robert Köçəryandan yenə “xaric səslər” gəlməkdədir. Hələlik Xocalı soyqırımına görə Beynəlxalq Tribunal qarşısında qalmaqdan yayınan bu cinayətkar iki ildir ki, 2008-ci ildə İrəvanda törədilən qanlı hadisələrə görə məhkəmə kuluarlarında sürünməkdədir. Ancaq öz başının çarəsinə qalmaq əvəzinə, 44 günlük savaşda sarsıdıcı zərbə alan Ermənistana “çıxış yolu” göstərməyə cəhd göstərir, “xilaskar” statusunda çıxış etməyə çalışır. Bu mövzuda sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a maraqlı fikirlər söylədi.

- Tofiq bəy, Robert Köçəryanın yenidən ortaya çıxmasına rəvac verən səbəblər hansılardır və səbəbkarlar kimlərdir, sizcə? Bu, “siyasi meyit”i danışdıran kimdir?

- Çox vacib mövzuya toxunursunuz. Çünki bu cür hadisələr onu göstərir ki, Ermənistanda baş verən siyasi böhranın genişliyi və dərinliyi nədən ibarətdir. Biz başa düşməliyik ki, indiki böhran - bunu “İsgəndər" böhranı" adlandıraq - birinci deyil, axırıncı da olmayacaq. Həmişə də böhranın əsas səbəbini axtarmalıyıq. Əsas səbəb bəllidir. İndi faktiki olaraq ümumi tarixi proses ona yönəlib ki, Ermənistan Qarabağ yükündən azad olub, qərbyönlü siyasətə keçməlidir, bu, artıq göz qabağındadır. İndiki mərhələdə toqquşma qərbyönlülər və ruspərəstlər arasında gedir. Hesab edirəm ki, çox maraqlı proseslər cərəyan edir. Bizim mətbuatda bəzən belə fikirlər səslənirdi ki, əslinə qalsa, qərbyönlü siyasət heç də Paşinyanın seçimi deyil, bu, Ermənistan ictimaiyyətinin seçimidir. Bu seçimdə biz gördük ki, məğlub olandan, Qarabağı itirəndən də sonra ermənilər bu yoldan dönməyiblər. Üstəlik, Paşinyanı devirməyiblər və hətta Paşinyanın ictimaiyyət arasında dəstəyi var. Çünki hamı başa düşür ki, onun təklif etdiyi yol nədən ibarətdir. İndi bu yolda təbii ki, sülhpərəstlər formalaşıb və rəqabət yaratmaq istiqamətində addımlar atırlar. Köçəryan təkcə Xocalının yox, hətta bizim digər yaralı yaddaşımızda qalmış əməllərin səbəbkarı və cinayəkarıdır. Bu baxımdan onun məsələlərə cəlb olunması onu göstərir ki, doğrudan da qərbyönlü siyasət çox ciddi şəkildə inkişaf edir və daha da sürətlənəcək.

Mən Köçəryanın brifinqini izlədim. Onun mövqeyində çox vacib bir dəyişiklik hiss elədim. Birbaşa sual verildi ki, yaxşı, tutaq ki, siz hakimiyyətə gəldiniz, bəs 10 noyabr sazişinə qarşımı çıxacaqsınız? O dedi yox və əlavə etdi ki, indiki mərhələdə bir səhifə yarımlıq sənədlə bu boyda problemi tam şəkildə həll etmək mümkün deyil və digər hansısa sənədlərin imzalanması istisna olunmur. Onun dediyinə görə, heç olmasa bu danışıqlarda iradəli bir siyasi qüvvə iştirak etməlidir ki, daha çox itkilərə məruz qalmayaq. Mən hesab edirəm ki, onun da mövqeyindəki dəyişiklik çox vacib məsələdir. Yəni o, 10 noyabr sazişinin nəticələrini şübhə altına qoymur və qoya da bilməz. Sadəcə olaraq orda qalan digər hansısa mövzuların həllində heç olmasa, fərqli mövqe göstərmək niyyətindədir. Bu baxımdan belə taktiki dönüş bizə göstərir ki, artıq Ermənistan öz məğlubiyyətini istər müxalifət, istər iqtidar səviyyəsində qəbul edib və buna qarşı çıxmaq istəmir. 10 noyabr sənədini nəzərdə tuturam. Amma hər halda təklif ondan ibarətdir ki, biz Qarabağ istiqamətində mübarizəni davam etdirək. Bu baxımdan onun hansısa uğurlara nail olmaq imkanları yüksək deyil.

- Hesab etmək olarmı ki, Röbert Köçəryan əslində özfəaliyyətlə məşğuldur? Hətta Rusiyaya səfərinə maneçiliklərin olmasından şikayətlənib. Deməli, onu elə də ciddi qüvvə dəstəkləmir, məsələn, prezident Putinin şəxsində...

- Bəli. Rusiya artıq başa düşür ki, o, Ermənistan cəmiyyətini Qərbə uduzub. Yəni Rusiyanın onlara verəsi bir şey yoxdur. Bu baxımdan anlayırlar ki, bu mübarizənin davamının heç bir perspektivi yoxdur. Əslinə qalsa, söhbət hərbi bazalardan, ruspərəstlərin bu və ya digər mövqelərdə olmasından getmir. Bir ölkənin digər ölkəyə nüfuzunu artırmaq məsələsində əsas məqsəd ondan ibarətdir ki, ictimaiyyət seçimi ona tərəf etsin. Amma Rusiya tərəfi artıq populyar deyil və Ermənistanda ümumiyyətlə, onun heç bir perspektivi yoxdur. Bu baxımdan sadəcə olaraq Rusiyaya göstərmək istəyirlər ki, biz mübarizədən çəkilməmişik. Belə ruspərəstlər ortaya çıxacaq mətbuat konfransları keçirəcəklər, amma onun real nəticəsi olmayacaq. Bu, uduzmanın “maskirovka”sıdır və mən onu ciddi qəbul etmirəm.

- Məntiqlə, Qarabağda sülhməramlı missiya ilə çıxış etdiyini dünyaya nümayiş etdirən Rusiya geri dönüşə cəhd edən revanşistləri və onların başçılarını dəstəkləməməlidir. Əks halda bu, ziddiyyətli siyasət olardı, elə deyilmi?

- Təbii. İkinci tərəfdən, bölgədə Rusiyanın müttəfiqi təbii ki, Paşinyan, ya Köçəryan deyil. Rusiyanın bölgədəki siyasətdə əsas müttəfiqi Türkiyə, Azərbaycan və İrandır. Ermənistan bir oyunçu kimi bu oyundan tam şəkildə silinib.

- Ermənistan ən uzağı futbol oyunu zamanı topdaşıyan statusunda çıxış edə bilər...

- Çox ambisiyalı, reallıqdan uzaq, səs-küylü şəxs təsiri bağışlayır ki, öz problemləri ilə girir ortalığa, ora-bura vurnuxur. Baxın, müharibənin əsas elementi nədən ibarət olub: Rusiya-Türkiyə əlaqələrinin normallaşması, Azərbaycan, Türkiyə və Rusiya üçlüyünün hansısa mövqelərinin formalaşması və güclənməsi. Yəni əsas oyunçular bunlardır, Ermənistan isə burda yoxdur, görsənmir axı. Qərb də kimin könlünü almaq istəyir? Təbii ki, Ermənistan bir vasitə kimi istifadə olunur. Amma Ermənistan vasitəsilə Türkiyə və Rusiyaya hansısa təsir etməyə çalışırlar. Yəni ermənilərdən Qərb də istifadə edir.

- İcazənizlə, yenə qayıdaq Köçəryanın sərsəm iddialarına...Onun “əgər tərəflərdən biri müharibənin nəticəsi ilə razılaşmırsa, onda yeni müharibə gözləyin” iddiasını nümayiş etdirməsi, həmçinin Minsk Qrupunun proseslərdə iştirakını lazımlı bildiyini deməsi onun ikili oyunundan da xəbər verir. Rusiyadan danışdıq, bəs, Qərb necə, yeni savaşı tətikləyən “lider”ə hansısa şəkildə dəstək verərmi? Yaxud indiki halda onlar üçün Paşinyan daha məqbul şəxs deyilmi?

- Təbii ki, müharibənin bərpasını heç kəs istəməz. Çünki bu, bahalı bir oyundur. Təkcə itkilərə görə yox, həm də maliyyə və sair baxımdan. Proseslərin idarə olunması vasitəsi kimi də təhlükəlidir, yəni olmadı belə, oldu elə. Bu baxımdan Minsk Qrupu nəyə lazımdır ki, onu içəri salsınlar? Ermənilər də burda maraqlıdırlar ki, bu və ya digər mövzuların müzakirəsi, xırda oyunlar davam etdirilsin, vəssalam. Amma bəlkə də bizim diplomatik sahədə əsas uğurlarımızdan biri ondan ibarətdir ki, Qərbin və Ermənistanın Minsk Qrupu oyununu neytrallaşdıran Türkiyə və Rusiyadır. Artıq istəməzlər ki, onların arasında bağlanmış hansısa bir razılaşmaya kimsə müdaxilə etsin. Bu baxımdan onlar Qərbin bir hissəsini həmişə məsafədə saxlayacaqlar. Mən inanıram ki, Böyük Britaniya oyunun içindədir. Amma Fransa, Avropa İttifaqı ölkələri kimi, passiv Almaniya, hələ mövqeyini tam şəkildə açıqlamayan ABŞ hələlik məsafədədirlər.

- Ermənistanın keçmiş prezidentinin daha bir iddiası var. O hesab edir ki, yeni müharibənin başlaması üçün daha əlverişli geosiyasi şərtlər və digər səbəblər tələb olunacaq, o zamanı gözləməyi tövsiyə edir. Hansı səbəblər və geosiyasi şərtlər yarana bilər ki, ordusu, iqtisadiyyatı darmadağın olmuş bir ölkə dirçəlib, yeni müharibəyə başlasın? Bunlar nəyə arxalanırlar?

- Böyük müharibədən söhbət gedirsə, Ermənistan heç vaxt buna hazır ola bilməz. Onun heç vaxt imkanı olmayacaq ki, böyük müharibədə Azərbaycana qarşı tab gətirsin. Amma xırda təxribatlar istisna olunmur. Bu, xırda təxribatların vasitəsilə bu və ya digər şəkildə geopolitik gərginlik yaratmaq onların əsas məqsədidir. Hansı istiqamətdə? Rusiya və Türkiyə arasında toqquşmanın təşkil olunması ən effektiv bir məsələdir. Bu siyasətdə onlar Qərbin də dəstəyini ala bilərlər. Çünki həm Türkiyəyə, həm də Rusiyaya qarşı ABŞ-ın münasibəti bəllidir. Sanksiyalarla təzyiqlər edirlər ki, bu və ya digər məsələlərdə ABŞ-a tabe olsunlar. Amma Ermənistan da istəyir bu səhnədə hansısa rol oynasın. Əsas təhlükə altında olan Rusiya-Türkiyə tandemidir və buna qarşı hansısa təxribatları istisna etmirəm. Bu təxribatlar təkcə ermənilər tərəfindən təşkil olunmayacaq, digər yerlərdən də təxribatlar gələ bilər. Yəni razılaşmanın, tandemin pozulması əsas məqsəddir. Həm Qərbin, həm ermənilərin, həm Rusiyadakı ermənipərəst qüvvələrin, həm də Türkiyədəki bəzi qərbpərəst dairələrin məqsədi...

- Törədilə biləcək hər hansı təxribat Azərbaycana Qarabağdakı terrorçu tör-töküntüləri tamamilə darmadağın edilməsi, Laçın dəhlizinə nəzarət imkanının ələ alınması baxımından münbit şərait yarada bilərmi, yoxsa o halda da müqavimətlə üzləşəcəyik?

- Bu tandemin dağılmasının bir nəticəsi ola bilər: Rusiya Ermənistana, Türkiyə Azərbaycana daha da yaxın olacaq. Bu baxımdan hesab edirəm ki, bu, bizim xeyrimizə olmayacaq. Çünki Ermənistan əgər Rusiyanın real dəstəyini alsa, vəziyyət bu və ya digər şəkildə 90-cı illərin əvvəlinə qayıdacaq. Bəllidir ki, o şəraitə tam şəkildə qayıdış mümkün deyil, nə Türkiyə, nə Azərbaycan ozamankı ölkələr deyil. Amma bu konfiqurasiya bizim xeyrimizə deyil. Nə qədər yaxşı, ya pis olsa, hələlik bu tandem bizim xeyrimizədir.

- Yəni soyuqqanlı siyasət, ehtiyatlı diplomatik gedişlər daha məqbuldur?

- Bəli. Problemləri görə-görə, onları tənqid edə-edə, onlara qarşı hansısa fəaliyyəti göstərərək biz bu tandemi saxlamalıyıq və imkan verməməliyik ki, Rusiya erməni tərəfinə keçsin, Rusiya bizimlə qalsın. Bu, daha təhlükəli vəziyyət yaradar.

- Xankəndi şəhərində Hadrutdan olan bir qrup erməni aksiya keçirib, sülhməramlılara müraciətlə Hadruta qayıtmaq istədiklərini bildiriblər. Təbii ki, bu, təsadüfi deyil, onları kimlərsə qızışdırır. Belə olan halda mövqeyimiz necə olmalıdır?

- Mən demirəm ki, orda hər şey hamar olacaq, təbii ki, yox. Bəlkə gələn aylarda bizim əhali Şuşaya qayıdandan sonra Xankəndi, Xocalı və digər ərazilərin əhalisi nümayiş keçirsin ki, biz Xankəndi, ya Xocalıya qayıtmaq istəyirik, mən bunu istisna etmirəm. Onlar edirlərsə, biz də edək. Bizim soydaşlarımız da deyə bilər ki, biz də Xocalıya, Meşəliyə, ya başqa yerlərə qayıtmaq istəyirik. Yəni məsələlər bu şəkildə davam edəcək. Amma ötən günün əsas xəbərlərindən biri bundan ibarət olub ki, BMT-nin açıqlamasına görə, cəmi 25 min erməni qayıdıb Qarabağa. Bu, vacib məsələdir. Hesab edirəm ki, üzümüzə gələn aylarda insanlarımız Kəlbəcər və Laçına qayıda bilərlər, çünki orda mina təhlükəsi çox deyil. Yəni biz orda fəallaşmalıyıq.

- Dediklərinizi belə yekunlaşdıra bilərikmi ki, Köçəryan başda olmaqla, Qarabağ klanının Ermənistan hakimiyyətini yenidən ələ keçirməsi mümkün deyil?

- Mən indi onlara Qarabağ klanı deməzdim, ruspərəstlər adlandırardım. Çünki bu, onların iç üzünü daha yaxşı göstərir. Artıq Ermənistan ermənisi ilə Qarabağ ermənisi arasındakı münasibətlər daha da gərginləşib, bəlkə toqquşmanın əsas səbəblərindən biri də budur.

- Və indiki halda Paşinyana müharibə lazım deyil, eləmi?

- Ermənistanda heç kimə müharibə lazım deyil. Onların istəyi rusun qayıtmasıdır, əsas problem budur. Bizdə də bəzi adamlar başa düşmürlər, qaşınmayan yerdən qan çıxartmaq istəyirlər. Hələlik bu, bizə lazım deyil. İndiki konfiqurasiya bizim xeyrimizədir, sonrasına baxarıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.