SSRİ-nin İrandakı keçmiş analitiki:“Rusiyanın OPEK-lə razılaşması boş şeydir” –Müsahibə

18-02-2016, 00:47           

Rusiya, Venesuela, Qətər və Səudiyyə Ərəbistanı neft hasilatını 2016-cı ilin yanvar səviyyəsində dondurmaq qərarına gəlib. İran isə daha çox neft istehsal etmək və beynəlxalq bazara çıxartmaq niyyətindədir. Türkiyə “Putinin dostu” Gennadi Timçenkonun şirkətini İŞİD-lə əlaqədə ittiham edir.

Fransa Beynəlxalq Radiosu (Radio France internationale -RFİ) üçün Neft bazarındakı durumu ekspert Mixail Krutixin şərh edir.

ARAYIŞ: Neft qaz üzrə mütəxəssis olan Mixail Krutixin Rusiyanın tanınmış iqtisadçı analitikidir. İranistika üzrə tarixçdir. 1970-72-ci illərdə İranda hərbi tərcüməçi işləyib. 20 il Sovet İttifaqı Teleqraf Agentliyinin (TASS) Yaxın Şərq bürosunda çalışıb. TASS-ın Livan və Misir bürosunun rəhbəri olub.
1993-cü ildən keçmiş sovet respublikalarının neft-qaz investisiyaları üzrə analitikdir. The Russian Energy həftəliyinin redaktorudur.


RFI: Bu gün eşitdik ki, Rusiya, Venesuela, Qətər və Səudiyyə Ərəbistanı neft hasilatının 2016-cı ilin yanvar səviyyəsində dondurulması haqda müqavilə bağlayıb.
Mixail Krutixin: Bu, müqavilə yox, razılaşmadır və yetərincə boş şeydir. Dörd ölkənin hamısı hasilatı bu ilin yanvarında əldə edilmiş səviyyədə saxlamağı öhdəsinə götürüb. Bu, Rusiyadan savayı başqa ölkələr üçün əhəmiyətsizdir. Çünki onlarn hasilatı bu səviyyədən yuxarı qaldırmaq planı yoxdur və yox idi. Həqiqətən də, hasilatı artırmaq məntiqsiz olardı, çünki hazırda bazar neftlə dopdoludur və hətta istehlakçı ölkələrdə ehtiyat resursların saxlanması üçün bütün anbarlar artıq dolub. Bazara yeni həcmlər atmağın qətiyyən heç bir mənası yoxdur. Rusiyaya gəlincə, buradakı durum gülünc deyilsə də, ziddiyyətlidir. Rusiya tərəfdən öhdəliyi hasilatın, ixracatın və istehlakın nizamlayıcısı olmayan bir idarə götürüb. Energetika Nazirliyi – arayışlar, əməliyyatçı şirkətlər haqda hesabatlar toplayan və sonra hansısa məcmu məlumatlar dərc etdirən və yaxud heç kimi heç nəyə məcbur etməyən hansısa indikativ sənədlər hazırlayan statistik bürodur. Rusiyada hasilatın yanvarın əvvəlindəki zirvə səviyyəsi qeydə alınsa, bu o deməkdir ki, iqtisadi tənəzzül üzündən ölkədə daxili istehlakın durmadan azalmasına görə ölkə yaxın aylarda neft ixracatını artıracaq. Yəni Rusiya faktiki olaraq öz ixracatını artırmaq yoluyla neft qiymətlərinə təzyiq göstərməyi öhdəsinə götürüb. Ümumən bu razılaşmanı piar-aksiya, boş bəyannamə kimi dəyərləndirmək mümkündür. Bəziləri deyirlər ki, bu bazara sözlə müdaxilədir, lakin məlum olduğu kimi, bazar buna heç cür reaksiya vermədi. Hamı başa düşür ki, bunlar boş sözlərdir.
-Mən düzgün başa düşdüm?Hasilat şirkətləri Energetika Nazirliyinin imzaladığını yerinə yetirməyə borclu deyil?
-Onlar bunu icra eməyə heç vaxt borclu olmayıb. Energetika Nazirliyi neft şirkətlərində hasilatın səviyyəsinə, ixracat səviyyəsinə və Rusiya daxilində istehlakın səviyyəsinə təsir rıçaqlarına malik deyil. O, nizamlayıcı orqan deyil, bürokratik-statistik bürodur.
-Digər tərəfdən, deyək ki, hasilat şirkətləri bu səviyyəni saxlamağa razılaşsaydı, bu, neft hasilatının həcminə yenə də heç cür təsir etməzdi?
-Bu, heç cür təsir etmir. Onlar hətta fiziki baxımdan da neft hasilatını azalda bilməzlər, çünki Rusiyada işlək neft quyularının bağlanması onların iflası, yəni quyunun gövdəsində, quyularla toplama məntəqlərini birləşdirən neft kəmərlərində neftin donması demək olacaq. Sonradan hasilatı bərpa etmək üçün yeni quyunun inşası qədər səylər lazım gələcək. Buna görə də Rusiya hətta texniki baxımdan da hasilatın həcmi ilə manipulyasiya etmək iqtidarında deyil. Biz bunu müqaviləni imzalamış dörd ölkə barəsində deyirik. Eyni vaxtda İrandan məlumat gəlir ki, öz neftinin hasilatını çoxaltmaq niyyətindədir. Həm də təkcə İran yox, İraq da hasilatı artırmağa hazırlaşır. Hazırda bazarda hasilatçı ölkələrin hər birinin özünə oynadığı durum formalaşıb. Heç bir həmrəylik, heç bir kartel yoxdur. Hər hansı ölkə bazarda ixracat səviyyəsini azaldan kimi onun yerini dərhal başqa oyunçular tutacaq.
-Sizcə, əlavə İran neftini kim ala bilər? Başa düşdüyüm qədər, Avropa bazarı tutulub.
-İranlılar isə bunun üçün çox böyük güzəştlər təklif edirlər. Onlar artıq elan ediblər ki, ağır neftin barrelini Avropada 17 dollara satmaq niyyətindədirlər. Bu isə istənilən başqa təklifdən xeyli aşağıdır. Biz artıq gördük ki, iranlılar son həftədə ümumi tutumu 1 milyon barrel olan dörd nəhəng tankeri Avropa bazarına yollayıblar. Ona görə də İran Rusiya daxil olmaqla digər oyunçuları bu bazarda sıxışdıracaq.
-İstəsək də, istəməsək də, neft bazarında qiymətləri dempinq edən (malın xarici bazarda daxili qiymətdən aşağı satılması-red)daha bir oyunçu var – terrorçu İŞİD qruplaşması. Axı bu nefti də alırlar.
-Bu neftin rolunu şişirtməyək. Birincisi, bu təşkilatın nəzarətində önəmli neft yataqları yoxdur. İkincisi, bu təşkilat neft ixracatı üçün ciddi infrastruktura malik deyil, onun neft kəmərləri yoxdur və dünya neft bazarına təsir edə bilmir.
-Rusiya prezidentini həmin İŞİD-lə neft sahəsində əməkdaşlıqda ittiham edən Türkiyənin bəyanatını necə şərh etmək olar?
-Mən siyasi bəyanatları şərh edə bilmərəm – xüsusən də hərbi əməliyyata girişmiş dövlətlərdən qaynaqlananları. Hərbi əməliyyatlar zamanı tərəf ölkələrdən hər birinin istənilən bəyanatı gerçək faktın qeydə alınması kimi yox, hərbi təbliğat kimi nəzərdən keçirilməlidir.
-Heç olmasa, ən yaxın perspektivdə qiymətlərdən nə gözləmək olar?
-Düşünürəm ki, qiymətlər aşağı-yuxarı sıçrayacaq. Güman edirəm ki, yaxın iki ildə neft qiyməti orta hesaabla 45 dollar civarında dolaşacaq. Ola bilsin ki, bu, iki il və ya on il davam etsin.
Geliya Pevzner
RFI-nin rus xidməti (Fransa), 17.02.2016
Strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.