Suriya türkmənlərinin lideri: “Azərbaycan bizə kömək etmədi”
18-02-2016, 21:37
Suriya türkmənlərinin lideri, Hələb əyalətində özünümüdafiə dəstələrinin komandanı, polkovnik Əli Bəşər haqqın.az və virtualaz.org saytlarına eksklüziv müsahibə verib. Suriyadakı hazırkı durumu qiymətləndirən Bəşər deyib ki, ölkə indi çox mürəkkəb vəziyyətdədir.
- Suriyada artıq nə mülayim müxalifət, nə də Azad Suriya ordusu qalıb – onlar darmadağın edilib. Əslində, biz Əsədin, İranın, “Hizbullah”ın və Rusiyanın orduları qarşısında tək qalmışıq. Aydın məsələdir ki, təkbaşına bu nəhəng hərbi qüvvəyə müqavimət göstərə bilmərik. Bizi daim hər tərəfdən – havadan, qurudan, dənizdən - atəş altında saxlayırlar. Hətta xəstəxanalar da bombalanır. Yüzlərlə dinc sakin qətlə yetirilir. Düzünə qalsa, mən məəttəl qalmışam ki, biz hələ mövcuduq. Sonra nə olacaq, bilmirəm, amma bir şey aydındır: bizim həm siyasi, həm də hərbi cəhətdən məhvimizə qərar verilib.
Suriyada əslində türkmən qalmayıb. Münaqişəyə qədər biz burda çox sayda idik, indi isə xalqın əksər hissəsi Türkiyədə, İordaniyada və Avropada qaçqın kimi yaşayır. Bu gün Suriyada 3-4 irili-xırdalı türkmən kəndi qalıb. Ordumuz da darmadağın edilib.
- Müharibəyə Rusiyanın müdaxiləsini onlar özləri İŞİD-lə mübarizə aparmaq səbəbi ilə əlaqələndirirlər. Əslində necədir?
- Rusiya İŞİD-lə müharibə aparmır. Bu birmənalıdır. Rusiya ordusu bütün bomba zərbələrini bizə tuşlayıb. İŞİD-in nəzarətində olan ərazilərə baxın – heç olmasa bir rus raketi oraya düşüb? Yox!
Heç cür anlaya bilmirəm ki, bu ölkənin sadə vətəndaşları, biz Rusiyaya nə etmişik, niyə bizi qırırlar? Türkmənlər ruslara həmişə yaxşı münasibət bəsləyiblər, onlar isə dostluğun əvəzində bizi bombalayırlar.
- Nəyə görə ABŞ sizə, heç olmasa, silahla kömək etmir?
- Bunu mən də bilmək istərdim. Bu sualı amerikalılara verin. Onlar hər zaman bizi əmin edirdilər ki, yardım göstərəcəklər, amma hələlik bir kömək görməmişik. Üumiyyətlə, heç bir kömək görməmişik! Mən də Vaşinqtondan soruşmaq istəyirəm: biz Əsədin, Rusiyanın, İranın və İŞİD-in ordularına qarşı yalın əllə vuruşmalıyıq? Onlar bizə qarşı ən müasir silahlardan istifadə edirlər. Məndə hərdən elə təəssürat yaranır ki, ən yeni hərbi silahları bizim torpağımızda bizim xalqa qarşı sınaqdan keçirirlər...
- Necə hesab edirsiniz, Türkiyə Suriyaya qoşun yeridəcək?
- Düşünmürəm. Türkiyə əslində Suriyaya öz hərbi kontingentini yeritmiş Rusiya ilə müharibəyə girməyəcək. Buna görə də, Rusiya qoşunlarının burada olduğunu bilə-bilə çətin ki, Türkiyə Suriyaya qarşı açıq döyüşə girsin.
- “Kürdüstan”ın yaradılması ehtimalı, sizcə, böyükdür?
- Nə ehtimal? Suriyada “Kürdüstan” artıq qurulub. Rusiya kürdlərə söz verib ki, Suriyada onların dövləti yaranacaq, buna görə də, onlar Əsəd rejimini belə müdafiə edirlər. Türkiyə ilə bütün sərhəd artıq kürdlərin nəzarətindədir. İran, Kürdlər, Rusiya, Əsəd – müttəfiqlər bizi və Türkiyəni özlərinə düşmən seçiblər, ABŞ isə kənardan durub tamaşa edir.
- Müharibədən sonrakı Suriyanı necə görürsünüz?
- Zənnimcə, mülayim müxalifət məhv edildikdən sonra Suriyada dövlət Əsəd, kürdlər və İŞİD arasında 3 yerə bölünəcək.
- Azərbaycandan hansı köməyi gözləyirsiniz?
- Azərbaycanlılarla biz bir millətik – bizi bir vaxtlar bura sizin torpaqlarınızdan köçürüblər. Əlbəttə, biz sizdən böyük kömək gözləyirik. Amma hələlik onu görmürük... Azərbaycan bizə kömək etmədi.
Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan – bunlar bizim qardaşlarımızdır. Amma qardaşlarımız ağır zamanımızda bizə kömək etmədi. Biz indi əsl soyqırımı təhlükəsi qarşısındayıq və bütün dünyanı faciəmizə laqeyd qalmamağa çağırırıq. Ola bilsin ki, sabah dəstək olmağa heç kim qalmayacaq, çünki hamımız məhv ediləcəyik.