Mina qoyulan yol işlək olub

8-06-2021, 08:42           
Mina qoyulan yol işlək olub
Ordan xeyli "Kamaz"lar və traktorlar keçib

Mina partlayışında sağ qalan rejissor "Şərq TV"-yə danışıb

AzTV-nin rejissoru: "Qənaətim budur ki, ermənilərə 10 gün vaxt verdiyimiz zaman ora sürpriz mina basdırıblar"

Bir neçə gün öncə xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("AzərTAC" xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub. Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar sırasında AzTV-nin rejissoru Emin Məmmədov da olub.

O, baş vermiş hadisə ilə əlaqədar "Şərq TV"-yə danışıb. Mina partlayışında sağ qalan Emin bildirib ki, 2020-ci ilin noyabr ayından Qarabağ zonasında idilər və dəymiş ziyanla bağlı materiallar hazırlayırdılar:

"Bir neçə aydır ki, Qarabağ zonasındaydıq. Kəlbəcərə isə mayın 31-də gəlmişdik. İyun ayının 4-nə qədər isə 15 kəndi görmək və çəkmək bizlərə nəsib oldu. Hadisə baş verən günü bizim maşınımız xarab olmuşdu. Buna görə də biz hərbi hissədən "Kamaz" istədik ki, çəkilişimiz dayanmasın. İlk növbədə çəkilişə getməmişdən öncə posta gəldik və icra nümayəndələri ilə görüşdük və yolumuzu Susuzluq kəndinə tutduq. Həmin gün Məhərrəm İbrahimovla mən qabaqda əyləşmişdik. Sonradan icra nümayəndəsi Kamil müəllim Məhərəmə dedi ki, sən, zəhmət olmasa düş, qoy qabaq kabinədə mən əyləşim. Çünki yolu o yaxşı tanıyırdı. İkinci qrupumuz isə arxadan gəlirdilər. Onlar bizdən bir az uzaq idilər. Biz hər çəkiliş zamanı iki qrupa bölünürdük. Bir qrup inzibati binaları çəkirdi, bir qrup isə yaşayış yerlərini. Həmin gün dörd kəndi çəkməli idik. Çox təəssüf ki, belə bir hadisə yaşandı. Həmin hadisə anları Kamil müəllimin telefon kamerası ilə çəkilib. O, bu çəkilişi təsadüfən edirdi. Sadəcə olaraq, 28 il həsrətində olduğu öz torpağını, kəndini çəkmək istəyirdi. Heç inanmazdıq ki, başımıza belə bir hadisə gələcək. Qəfildən yuxarı qalxanda partlayış baş verdi. Maşın anidən qalxdı yuxarı və düşdü. O an düşündüm ki, hansısa bədən hissəm qopub, düşəcək. Çox şükür Allaha, salamat qurtardım".

O qeyd edib ki, hadisə zamanı qabaq və arxa kabinə tamamilə deformasiyaya uğramışdı:

"Yanımdakı sürücünün oturacağı yanmağa başladı və biz dərhal kabinədən kənarlaşdıq. Aşağı düşəndə "Kamaz"ın sağ tərəfinin ortasında icra nümayəndəsinin bədəninin yarısını gördüm. Onu qırağa qoyduq. Fikirləşdik ki, yanğın başa verə bilər. İkinci kabinəyə baxdıqda orada nə Sirac Abışovu, nə də Məhərrəm İbrahimovu görmədim. Geri qayıdarkən partlayış baş verdi. Daha sonra dalımızca hərbi polis maşını gəldi. Mənim sol tərəfim tutulmuşdu və sifətim qan idi. Uşaqları görmədiyim üçün əvvəlcə sevinirdim ki, yəqin sağ qalıblar. Amma təəssüflər olsun ki, tank əleyhinə mina olduğu üçün onun dalğası əməkdaşlarımızı kənara atmışdı".

E.Məmmədov qeyd edib ki, getdikləri yol əvvəllər işlək olub:

"Biz gedəndə hərbiçilərdən soruşduq və onlar dedilər ki, bu yol işləkdir. Həmin yoldan nə qədər "Kamaz" və traktorlar keçib. Bəziləri bildirir ki, çəkilən videoda əks olunan şəkillərdə ləkələr var və mina ora basdırılıb. Amma qeyd edim ki, bütün yollar o formada idi. Mənim şəxsi fikrim odur ki, ermənilər həmin yola sürpriz deyilən mina qoyublar. Belə hesab edirəm ki, ermənilərə 10 gün vaxt verdiyimiz zaman onlar həmin ərazilərə minalar basdırıblar. 60 santimetr dərinlikdə minanı yerləşdirirlər və üzərinə taxta qoyurlar. Zaman keçdikdə isə həmin taxta çürüyür və kimsə keçdikdə partlayır. Düşünmürəm ki, minalar hadisə yaşanmazdan bir neçə gün öncə basdırılıb. Orada hərbçilərimiz, xüsusi təyinatlılarımız var. Onların olduğu zaman kimsə gəlib diversiya yarada bilməz".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.